ABŞ dövlət katibi Entoni Blinken Paşinyana zəng etdi, ardınca Fransanın Ermənistandakı səfiri Conatan Lakott Paşinyanla görüşdü və məlum oldu ki, Fransa prezidenti Emmanuel Makron İrəvana səfər edəcək.
Bu təmaslar Qərbin (ABŞ və Fransa) Ermənistanda seçkilərdən sonra münasibətləri aydınlaşdırmaq istəyindən irəli gəlir və Paşinyanın Moskvada Putinlə görüşündən sonra baş verməsi də buna hesablanıb.
Blinkenin zəngində və Fransa səfirinin görüşdə Qarabağla bağlı dediklərinə bu kontekstdə də baxa bilərik: Qərb Ermənistanda mövqelərini qorumaq üçün Paşinyanın leksokinundan çıxış edir.
Hərçənd, bu, Qarabağla bağlı siyasi proseslərin də inkişafını müəyyənləşdirən məqamdır.
Blinken “Dağlıq Qarabağ”dakı müharibədən sonra yaranmış status-kvo sabitiliyə təminat vermir və Minsk qrupunun fəaliyyəti bərpa edilməlidir” deməklə Moskvaya mesaj verir:
– Ruslar Qarabağda təhlükəsizliyi qoruya bilmir;
– Münaqişə yalnız Minsk qrupu çərçivəsində həllini tapa bilər/
İkinci mesaj Bakının da mövqeyinə ziddir, lakin Fransadan fərqli olaraq, ABŞ prosesdə Azərbaycanın mövqeyinə də yer verəcək. Blinkenin “uzunmüddətli sülh prosesinə nail olmaq üçün gündəliyin hazırlanmasına ehtiyac var” sözləri də məsələ ilə bağlı təktərəfli qərarın verilməsinin mümkün olmadığı deməkdir.
Səfir Lakottın “münaqişənin həll olunmadığını və bunun yalnız “Dağlıq Qarabağın statusu”nun müəyyənləşməsindən sonra mümkün olacağını” deməsi rəsmi Parisin “status” üzərindən davam edəcəyini aydın göstərir. Makronun Ermənistan səfərində bu mövqeyin daha sərt formada sərgilənəcəyi də gözləniləndir.
Vaşinqton və Parisin Bakı üçün təhlükəli olan ortaq mövqeyi birdir: münaqişə bitməyib və Minsk qrupunun fəaliyyətinin bərpa edilməlidir;
Prezident İlham Əliyevin iyulun 14-də verdiyi mesajlar da hər iki paytaxta ünvanlanmışdı.
Bu proseslər fonunda Qarabağda eşidilən atəş səsləri diqqət çəkir və düz məntiqə görə, tətiyi çəkən Ermənistandır: Paşinyan “mövcud status-kvonun sabitliyə təminat vermədiyini” deyən Qərbə bölgədə sabitliyin olmadığını və bununla Minsk qrupunun fəaliyyətinin bərpasının zəruriliyini nümayiş etdirir.
Hərçənd, tərs məntiqlə baxdıqda kifayət qədər qarışıq situasiya ortaya çıxır:
- 1. Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə Rusiyanın təsir imkanlarının genişliyi;
- 2. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatının mətnində verilən mesajlar.
Qərbin sərgilədiyi mövqe Rusiyanın Qarabağ məsələsində əlini gücləndirir: Moskva Bakıya göstərir ki, “sənin maraqlarının yeganə təminatçısı mən ola bilərəm, əks təqdirdə, digər həmsədr ölkələr münaqişəni yenidən masaya daşıyacaq”. Və təbii ki, rusların bunun qarşılığında öz istəkləri var.
Eşidilən atəş səsləri də Rusiyanın Bakıya təqdim etdiyi “sübut” ola bilər.
Qarışıq situasiya fonunda bütün tərəflərin – Ermənistana, Rusiyaya və “münaqişənin bitdiyini” qəbul etməyən – önünü kəsmək üçün yenidən güc tətbiqinə ehtiyac yaranır. /modern.az/