Şənbə , 20 Aprel 2024
Drone Cameras

Qarabağ erməni separatçılarına ABŞ-dan tarixdə misilsiz zərbə…

Yeganə Hacıyeva:“Bu həm də o anlama gəlir ki, Dağlıq Qarabağdakı separatçı rejim daha bir vacib maliyyələşmə qaynağından məhrum oldu”

Son aylarda erməni lobbi təşkilatları və bəzi ermənipərəst konqresmenlərin fəallığına baxmayaraq, ABŞ-dan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılara maddi dəstək təmin etmək mümkün olmayıb. Bu barədə Amerika Erməniləri Araşdırmaları Mərkəzi məlumat yayıb. Məlumatda qeyd edilib ki, Donald Tramp administrasiyası Qarabağı minalardan təmizlənmə proqramı üçün maliyyə resursları ayırmağı dayandırmaq qərarına gəlib.

Qeyd edək ki, ABŞ müstəqilliyini tanımadığı Qarabağa birbaşa maliyyə yardımı göstərən yeganə dövlət idi. ABŞ administrasiyasının bu qərarını necə dəyərləndirmək olar? Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan Azərbaycanın inzibati ərazisi olan Dağlıq Qarabağda “90-cı illərin əvvəllərində çoxlu sayda minalar qalıb, bu da yerli əhalinin həyatını və təhlükəsizliyini təhdid edir” bəhanəsi ilə 1998- ci ildən ümumilikdə yüz milyonllarla yardım əldə edib:“Yardımın alınmasının ilkin illərində bu maliyyə Azərbaycanın inzibati ərazisi olan DQ ərazilərində minadan təmizlənməyə sərf olunurdusa, 2003 cü ildən sonra bu maliyyə məhz DQ ətraf rayonlarında, xüsusilə Laçın və Kəlbəcər rayonlarında minadan təmizlənməyə sərf olundu. Ardınca isə minadan təmizlənmiş ərazilərə Suriyadan küçürülmüş erməni əhalisi qanunsuz yerləşdirildi. Bir sözlə, insanların təhlükəsizliyi üçün mühüm və zəruri humanitar təşəbbüs olan “Minalardan təmizlənmə proqramı “ işğalçı dövlətin işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasətinin həyata keçirilməsi üçün istifadə edilirdi. Bir haşiyə çıxım ki , Azərbaycanın Dağlıq Qarabağ inzibati ərazisində minaların təmizlənməsi ilə Britaniyanın humanitar minatəmizləmə təşkilatı olan HALO Trust məşğuldur, 2017-ci ildə təşkilat Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinin inzibati ərazisinin 88 faizini minalardan təmizlədiyini bəyan etdi. Minaların təmizlənməsi proqramının əsas donoru ABŞ hökumət agentliyi USAİD-dir və proqram ABŞ Konqresinin Dağlıq Qarabağ separatçılarına hər il ayırdığı maddi yardımlar çərçivəsində həyata keçirilirdi. Məlumat üçün deyim ki , 1998-ci ildən etibarən ABŞ Konqresi Dağlıq Qarabağ ermənilərinə bu proqram çərçivəsində birbaşa yardım ayırır. Ən iri yardım – 12 milyon dollar 1998-ci ildə ayrılıb, Sonradan bu yardımların həcmi ildən-ilə azaldıldı, bu il isə dayandırıldı. Daha öncələr HALO Trust-ın minadan təmizlənmə layihələrini Böyük Britaniya dövləti də maliyyələşdirirdi. Lakin rəsmi Bakı bir neçə il əvvəl HALO Trust-un Dağlıq Qarabağdakı fəaliyyətinin qanunsuz olduğunu və bu fəaliyyətin həyata keçirməsi üçün mandatının olmamasını sübüt etdikdən sonra Britaniya hökumətinin bu təşkilatın Qarabağda minatəmizləmə fəaliyyətini maliyyələşdirməsini dayandırmağa nail olub.Sonrakı illərdə isə HALO Trust təşkilatının əsas donorları erməni fondları və ABŞ Konqresi idi. ABŞ administrasiyası da işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırırsa, bunu ədalətli qərar saymaq olar. Bu həm də o anlama gəlir ki, Dağlıq Qarabağdakı separatçı rejim daha bir vacib maliyyələşmə qaynağından məhrum oldu”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …