İbrahim İlyaslı: “Digər Türk Cumhuriyyətlərində səfərlərdə olarkən rastlaşdığım kitablar da olub”
Nüsrət Məmmədov: “Tərcümə və çap etdirdiyimiz kitabların içində Qarabağ mövzusunda olan nəşrlər də çoxdur”
Həyat Məhərrəmova: “Düşünürəm ki, belə kitablar, əsərlər Orta Asiyada, eləcə də indiki Rusiya ərazisində yaşayan türk xalqlarının dillərinə tərcümə edilməlidir”
Aida Eyvazlı: “Bu sahədə tərcümələr var”
XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi, böyük ağrı-acı kimi içindən keçirdiyi Dağlıq Qarabağ problemi hələ öz ədalətli həllini tapmayıb. Erməni separatizminin cənginə aldığı doğma torpaqlarımızın işğaldan azad ediləcəyi günü səbrsizliklə gözləyirik.
Qarabağ problemi ilə, erməni işğalının yaratdığı fəsadlarla, qaçqın-köçkünlük dərdi, Xocalı, Daşaltı harayı ilə bağlı bədii, publisistik, sənədli, siyasi istiqamətlərdə kitablar yazılıb. Bu kitabların böyük əksəriyyəti nəşr edilib, təqdimatları keçirilib. Təəssüf ki, bu nəşrlərin bir çoxu oxucuya çatdırılmayıb, kitabxanaların rəflərində qalıb. Dağlıq Qarabağ problemi ilə bağlı kitabların xarici dillərə tərcümə edilərək yayılması da günümüzün aktual qayğılarından biri kimi diqqəti çəkir. Gizlin deyil ki, Qarabağ ağrısı, erməni məkri, bədnam qonşularımızın işğalçılıq siyasəti, azərbaycanlı əsirlərin başına gətirdikləri oyunlar, tükürpədici hadisələr kitablarda qismən də olsa öz əksini tapıb, amma bu faktlar başqa xalqların dillərində də səslənməlidir.
İşğal olunmuş Azərbaycan torpaqları haqqında, xalqımızın başına gətirilən oyunlar barədə əsərlərin, kitabların türkdilli xalqların dillərinə tərcümə edilməsinə böyük ehtiyac var. Bu nəşrlər qırğız, özbək, türkmən, tatar və digər dillərə tərcümə edilərsə, bu problem haqqında Türk dünyasına bir daha geniş bilgi ötürmüş olarıq. İş burasındadır ki, Qarabağ problemi ilə əlaqədar yazılan bədii-publisistik, siyasi, sənədli, elmi kitabların müəyyən bir hissəsi Türkiyə türkcəsinə çevrilib. Bu işdə Türkiyə tərəfinin də rolu az deyil. Ancaq sözsüz ki, bu yetərli deyil, bu kitabların daha geniş coğrafiyaya yayılmasına böyük ehtiyac duyulur.
Söz yox ki, bu sahədə diaspor qurumları, müxtəlif təşkilatlar böyük rol oynamalıdırlar. Kitabların həm elektron, həm də ənənəvi qaydada nəşr edilərək digər türkdilli xalqlar arasında yayılması işi olduqca vacib olduğundan, buna ciddi yanaşılmalıdır.
Əli Kərim adına Sumqayıt poeziya evinin rəhbəri, türkdilli xalqların həyatını, durumunu, müasir mənzərəsinə yaxşı bələd olan şair-tərcüməçi İbrahim İlyaslı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu sahədə müxtəlif təşkilatlar tərəfindən işlər görülüb, amma o işlər yetərli sayıla biməz: “Bu yöndə Dünya Gənc Türk Yazarları Birliyinin və Avrasiya İnstitutu İctimai Birliyinin həyata keçirdiyi layihələri izləmiş və iştirakçısı olmuşam. Digər Türk Cumhuriyyətlərində səfərlərdə olarkən rastlaşdığım kitablar da olub. Amma düşünürəm ki, bunlar yetərli deyil. Bu yöndə daha çox çalışmaq lazımdır. Düşünürəm ki, bir sıra sahələr üzrə mütəxəssislərin bu yöndə yazılan kitabları tərcümə edilməlidir. Təbii ki, peşəkar jurnalistlərin və siyasi şərhçilərin analitik yazılarından ibarət bir kitabın nəşrini də bu siyahıya daxil etmək vacibdir”.
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun rəhbəri Nüsrət Məmmədov bizimlə söhbətində bu sahədə işlər görüldüyünü vurğuladı. Onun bildirdiyinə görə, çap etdikləri yeni kitab erməni separatizminə qarşı yönəlib: “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu düşmənlərə növbəti zərbə vurdu. Belə ki, “Azərbaycanın xarici siyasəti və həqiqi dostları” kitabı qırğız dilinə tərcümə olunub. Kitabın müəllifi Azərbaycan Respublikası PA İctimai-siyasi şöbəsinin sektor müdiri, politologiya üzrə fəlsəfə doktoru Qafar Əliyevdir. Kitabda ulu öndərimiz Heydər Əliyevin apardığı xarici və daxili siyasətdən, xaricdəki Azərbaycan diasporlarına verdiyi önəmdən geniş söz açılır.
Ulu öndərin layiqli davamçısı İlham Əliyev haqqında, onun apardığı uğurlu siyasət, respublikanın birinci xanımı Mehriban Əliyevanın gördüyü işlər haqqında kitabdan geniş məlumat almaq mümkündür. Azərbaycanın həqiqi dostları, rusiyalı tarixçi-alim Oleq Kuznetsov haqqında, şair, ictimai xadim Aleksandr Fomenkov haqqında, moldovalı ombudsman Aureliya Qriqoriu haqqında geniş yazılar kitabda yer alıb. Ulu öndərimizin apardığı diaspor siyasətinin nəticəsidir ki, aktiv Azərbaycan diasporları Azərbaycanın həqiqi dostlarına təzyiqlər olan zaman onların müdafiəsinə qalxmışdılar. Kitabı qırğız dilinə şair-tərcüməçi Mukan Asanaliyev tərcümə edib.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın rus və qırğız dillərində nəşri nəzərdə tutulur. 104 kitabı öz maliyyəsi ilə tərcümə və nəşr etdirən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu öz ənənəsinə sadiq qalaraq kitabı pulsuz yayacaq. Rus və qırğız dillərində ayrı-ayrı kitab şəklində nəşr olunacaq. Əlbəttə, kitabın tərcüməsi və nəşri erməni dəyirmanına su tökənləri qıcıqlandırmaya bilməz. Bu da bizim düşmənlərimizə fondun növbəti zərbəsi olacaq”.
N.Məmmədov qeyd etdi ki, indiyə qədər qırğız dilinə tərcümə etdirdikləri kitablar arasında Qarabağ problemi ilə bağlı nümunələr, nəşrlər də az deyil: “Tərcümə və çap etdiyimiz kitabların içində Qarabağ mövzusunda olan nəşrlər də çoxdur. 2009-cu ildə Prezidentimiz İlham Əliyevlə görüşəndə Qırğızıstan parlamentinin o vaxtkı birinci vitse-spikeri Çolpon Bayekova dedi ki biz Azərbaycanın başına gətirilən bəlaları bu kitablardan oxumuşuq. O bizim nəşr etdiyimiz kitabları nəzərdə tururdu. Biz bu sahədə xeyli işlər görmüşük. Məsələn, “Xoca” filmini, “Ruhum Qarabağdandır” filmini qırığız dilinə tərcümə etdirib dublyaj etmişik. Bu işə yavaş-yavaş qırğız ədiblərini, alimlərini, mütəxəssislərini də cəlb edirik. Kitablara ön söz yazdırırıq, Qırğızıstan mətbuatında rəy yazdırırıq. Məsələn, professor K.Mambetaliyev Qırğızıstanın ən nüfuzlu qəzeti olan “Veçerniy Bişkek” qəzetində rəy yazmışdı. Qeyd edim ki, qırğızlara qarşı 1916-cı ildə soyqırım törədilmişdi. Bir neçə gün öncə Prezident Almazbek Atambayev həmin tarixi əbədiləşdirdi. Keçən il biz 1916-cı il soyqırımı haqqında böyük bir kitabı Azərbaycan dilinə tərcümə etdirdik. Yəni bizim gördüyümüz işlər çoxşaxəlidir. Ermənilərə qarşı qondarma “soyqırımı” təkzib edən “Admiral Bristolun raportları- faktların dili ilə” kitabını qırğız dilinə tərcümədən sonra nəşr edib pulsuz yaydıq.
Bizim tərcümə və nəşr etdirdiyimiz bütün kitablar pulsuz yayılıb. Bu haqda kitabların içində məlumat var. Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını ilk dəfə biz başqa dilə – rus, ingilis və qırğız dillərinə tərcümə etdirib, nəşr edib yaymışıq. Görülən işlərin ən başlıcası o oldu ki, 2008-ci ildə böyük qırğız yazıçısı Çingiz Aytmatovu Bakıya gətirib Xocalı soyqırımı abidəsinə əklil qoydurdum”.
N.Məmmədov Qarabağ problemi barədə məlumatları yaşayıb fəaliyyət göstərdiyi ölkədə ən müxtəlif vasitələrlə yayacaqlarını, bu sahədə yeni nəşrlər ərsəyə gətirəcəklərini vurğuladı.
Tarixçi Həyat Məhərrəmova hesab edir ki, tərcümə edilən kitablar arasında tarixi faktları əks etdirən əsərlər daha üstünlük təşkil etməlidir. Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi elə təqdim edilməlidir ki, digər türk xalqları onu öz problemi kimi yaşaya bilsinlər: “Dağlıq Qarabağ problemi ilə bağlı yazılan bədii-publisistik, siyasi motivli əsərlər, sənədlər qismən də olsa Türkiyə türkcəsinə tərcümə edilib. Amma düşünürəm ki, belə kitablar, əsərlər Orta Asiyada, eləcə də indiki Rusiya ərazisində yaşayan türk xalqlarının dillərinə tərcümə edilməlidir. Bilirsiniz, bir-iki kitab çap edib əlimizi əlimizin üstünə qoya bilmərik. Bu işlə məqsədyönümlü, sistemli şəkildə məşğul olunmalıdır. Yaxşı olardı ki, Qarabağ probleminin yaratdığı fəsadlar, Azərbaycan xalqına vurduğu zərbələr, qaçqın və köçkünlərin həyatı, əsirlərin tükürpədici taleləri ilə bağlı kitablarla yanaşı, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi tarixi ilə də bağlı kitablar tərcümə edilsin. Ermənilər bizim torpaqlara gəlmədilər, gələndən qısa müddət sonra isə havadarlarının dəstəyi ilə işğalçılıq siyasətinə başlayıblar. Bu məsələ də diqqətdən kənarda qalmamalıdır. Bu gün Allaha şükür ki, türk dövlətləri müstəqildir, onlar bir-birinə indi daha ürəklə yanaşır. Əlbəttə, biz bir-birimizin problemlərini yaxından öyrənib dəstək göstərməliyik. Tarixçilər bu sahədə işlər görməlidirlər. Çalışmalıdırlar ki, öz kitablarını türk dövlətləri arasında daha çox yaysınlar. Alimlərimiz tez-tez türk dövlətlərində keçirilən konfranslara gedir, orada çıxışlar edirlər. Arzuedilən hal o olardı ki, alimlər çıxışlarının kiçik bir hissəsini Dağlıq Qarabağ probleminə, erməni işğalına həsr edəydilər. Bu da effektiv olardı. Düşünürəm ki, erməni siyasəti kitabların dili ilə ifşa edilməlidir. Bu istiqamətdə qan qardaşlarımız, əməl qardaşlarımız bizə daha çox dayaq ola bilərlər. Bundan başqa, Qarabağ probleminə həsr edilən bədii və sənədli filmlər, proqramlar da türk xalqlarının dilində dublyaj edilə bilər. Bu sahədə çox çalışmaq lazımdır”.
Tarixçi hesab edir ki, müxtəlif fondlar, təşkilatlar bədii, elmi, publisistik əsərlərin tərcüməsinə daha çox diqqət ayırmalıdırlar: “Bu gün türkdilli xalqlar mədəni, mənəvi, siyasi cəhətdən daha da yaxınlaşırlar. Bizi ortaq mədəniyyətimiz, ortaq tariximiz, köklərimiz daha da yaxınlaşdırır. Bu təbiidir. Bu gün Azərbaycanda da, digər türk respublikalarında da müxtəlif fondlar fəaliyyət göstərir. Bu yöndə olan nəşrləri onlar da tərcümə edib yaymalıdırlar. Yəqin ki, bir az tərcüməçi sahəsində problem ola bilər. Amma alternativ variantlar çoxdur. Bu sahədə görüləcək hər bir iş bizim xeyrimizə, düşmənin zərərinə olmalıdır”.
Tədqiqatçı-jurnalist, türk xalqları ilə əlaqə sahəsində öz işləri ilə fərqlənən Aida Eyvazlının sözlərinə görə, bu yöndə görülən işlər az deyil: “Mən bu istiqamətdə tərcümə edilən kitabları çox görmüşəm. Demək istəyirəm ki, bu sahədə tərcümələr var”.
İradə SARIYEVA