Cümə , 17 May 2024
Drone Cameras

Rəhim Qazıyevin özünü “vurması” – Şuşa indimi getdi?

Qəfil gələn telefon zəngində “Rəhim Şuşa getsə, başıma bir güllə vuracağam demişdi a… İndi vurdu”, deyəndə çaşıb qaldım. Telefonun o başındakı “nə vaxt, niyə?” suallarımdan həyəcanlandığımının fərqinə vardı, “hə… xəbərin yoxdur?”, – soruşub, cavab gözləmədən intenetdə yayılmış xəbərdən və fotolardan danışdı…

Şuşanı Rəhim Qazıyevlə belə xatırlayan təkcə bir nəfər deyil, lap çoxdur, hətta onun adı çəkiləndə hamı ancaq baş tutmayan o intiharı yada salır. Deyibmi belə bir söz? Bunun birmənalı cavabı da yoxdur. Amma illər sonra fərqi varmı, deyib, yoxsa deməyib…

Azərbaycanlıların da iştirakçısı olduğu İkinci Dünya müharibəsində də, Qarabağ savaşında da düşmən əlinə keçməmək üçün son gülləsini özünə sıxanlar da olub, əsirliyi gözə alıb silahını yerə atanlar da. Rəhim Qazıyevi tanıyan şuşalıların ona münasibəti bəllidir. Ona inandıqları üçün özlərini bağışlaya bilmirlər. Müharibənin yenicə başladığı dövrdə hamı bir-birinə çox güvənirdi, inanırdı. Cəmiyyətdəki indiki inamsızlıq mühitinin tam əksi, yəni. O səbəbdən inamın qırılması bir bütün qırılması kimi idi…

Rəhim Qazıyev, bəlkə də, Azərbaycanda o dövrdə bütü qırılan ilk adam idi… Bəlkə, çox öndəydi, çox fəal idi, o səbəbdən həm də…

Yeri gəlib, öz fikrimi deyim. Rəhim Qazıyevin özünü öldürməsi inanın ki, Qarabağ müharibəsində heç bir dönüş etməyəcəkdi. İllər keçdikcə, onun haqqında rəvayətlər yox, “vətəni dar gündə qoyub, intihar edən fərari nazir” deyəcəkdilər, bəlkə də. Ya da AXC hakimiyyətinin süqutunu onun intiharına bağlayanlar olacaqdı…

Dünənin uşaqları sosial şəbəkədə məzarının şəklini qoyub “satılmışdı, ona görə özünü öldürdü” yazacaqdılar, bəlkə də…

İndi Şuşanın işğalını bir “bəy”in, bir başqa rayonun işğalını başqa bir “bəylər”in ayağına yazmaqla vicdanımızı yüngülləşdirməyə çalışmaq özümüzü aldatmaqdır.

Bütün müharibələrdə qəhrəmanlar və anti-qəhrəmanlar olub və olacaqdır.

Qəhrəmandan söz düşmüşkən, Milli Qəhrəman Ramiz Qəmbərov Rəhim Qazıyevi Politexnik İnstitutundan tanıyırdı, onun haqqında müəllim kimi yüksək fikirdə idi. Rəhmətlik mənə onun haqda bir epizodu danışmışdı. Ramiz deyirdi ki, bütün “Politexnik” riyaziyyat müəllimi Rəhim Qazıyevə heç vaxt tələbədən rüşvət almadığına görə hörmət edirmiş. Milli-azadlıq hərəkatının əsas hərəkətverici qüvvəsi olan tələbələrdən rüvşət almayan müəllimə, doğurdan da, 90-cı illərdə böyük hörmət vardı. Özü də hüquqa bərabər avtonəqliyyat fakültəsinin olduğu “Politexnik”də bu, həqiqətən, kiçik qəhrəmanlıq sayıla bilərdi.

Amma institut müəllimliyindən siyasətə, oradan daha böyük oyunlara qoşulan Qazıyevə inanın ki, heç vaxt nifrət etməmişəm. Onu Qobustan həbsxanasında rəhmətlik İsgəndər Həmidovla məhkəmədə görəndə də qəlbimdə yalnız təəssüf hissi olub.

Rəhim Qazıyevin taleyi uğursuz oldu. Xalqın böyük əksəriyyətinin pis münasibəti artıq istənilən adama kəsilmiş ağır cəzadır. Bunu Qazıyev özü deməsə də, etiraf etməsə də, belədir…

Rəhim Qazıyev yaşının o çağındadır ki, gedib nəvə-nəticələri ilə həyatını yaşamalıdır. Amma belə görünür ki, onu da bu həyatda rahat yaşamağa imkan verməyən sirlər, şübhəsiz ki, həyatında yol verdiyi günahlar var.

Mən Şuşanın işğalından sonra onun bir sözünə, bir çıxışına da baxmamışam, hətta varlığını unutduğum biridir desəm də, inanın… Amma məsələ təkcə Qazıyev də deyil. Nifrətə və qisasçılığa köklənən cəmiyyətdə heç vaxt normal münasibətlər sistemi ola bilməz.

Rəhim Qazıyevin kimin tərəfindən döyülməsindən asılı olmayaraq, hadisə pislənməlidir. Hüquq mühafizə orqanları da, yəqin ki, tezliklə bu işi tutanları tapıb, cəzalandıracaq. Hərə xoşu gəlmədiyi bir adamın bu şəhərdə gördüyü yerdə başını yarsa, ölkə bərbad olar.

Rəhim Qazıyev sanki başından özünü vurubmuş kimi axan qandan bu səbəbdən narahat olmaq lazımdır…

Nazim SABİROĞLU,

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …