Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir-Hikmət Hacıyev

Qarabağ münaqişəsinə artıq son qoyulub, artıq Qarabağ Azərbaycanın daxili işidir.

Bu sözləri VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, ATƏT-in həmsədrlərinin göstərdikləri səylər nəticə vermədi. Azərbaycan uğurlu əməliyyat nəticəsində ərazilərini tamamilə işğaldan azad etdi. İndi Cənubi Qafqazda yeni vəziyyət formalaşır. Azərbaycan Cənubi Qafqazda Gürcüstanla birgə layihələr həyata keçirir, Ermənistanın da bu prosesə qoşulmasını istəyir.

“Zəngəzur dəhlizinin açılması regionda nəqliyyat əlaqələrinin bərpasını təmin edəcək. Azərbaycan Ermənistana sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasını, sülh müqaviləsinin imzalanmasını istəyir”, – deyən Hikmət Hacıyev əlavə edib ki, Fransa ilə Almaniya arasında olduğu kimi, Azərbaycanla Ermənistan arasında da sülh müqaviləsi imzalanmasını istəyirik.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

VIII Qlobal Bakı Forumu öz işini bu gün başa çatdıracaq.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …