Bazar , 19 May 2024
Drone Cameras

Qarabağ problemini xeyrimizə həll etməyin yeganə “UĞUR ŞANSI”, İlham Əliyevin hakimiyyəti kimi hakimiyyət bir daha gəlməyəcək – Aydın QULİYEV yazır…

Dağlıq Qarabağın ətrafında işğal edilmiş son qarış torpaqlarımız azad olunanadək atəşkəsə nail olmaq məqsədilə Azərbaycana göstərilən beynəlxalq təzyiqlər indi daha yüksək səviyyəyə çatıb.

Getdikcə güclənən təzyiqlərin pərdə arxasındakı əsil məqsəd məlumdur – Ermənistanı tam məğlubiyyətdən qurtarmaq və Azərbaycanı son qarış torpağımızın azad olunması anına yetişmədən yarı yolda saxlamaq… Mənzərə o qədər aydındır ki, bunun əksini hətta siyasətdən uzaq sadə adamlara da söyləmək və inandırmaq mümkün deyil. Azərbaycan atəşkəsdən yox, atəşkəs adı altında Ermənistana özünə gələrək təcavüzün yeni mərhələsini başlamaq imkanı vermək planlarından narahatdır .Çox əsaslı və haqlı narahatlıqdır. Prezident İlham Əliyev bu təzyiqləri hamıdan əvvəl hiss edir və müstəsna olaraq öz üzərinə götürüb. Asan deyil, hətta risqlidir. Azərbaycana Ermənistanın xahişi əsasında atəşkəs çağırışı ilə kimlər müraciət etməyib?! Rusiyadan, ABŞ-dan, Fransadan və digər yerlərdən olan bu çağırışlara haqlı olaraq İlham Əliyevin əməl etməməsi dövlətimiz üçün, şəxsən onun öz həyatı üçün, hakimiyyət üçün risqli deyilmi?! Ermənistan liderindən “torpaqları qoyub çıxırıq” bəyanatını eşitmədən atəşkəs təkliflərinə razılaşmamağın hazırkı şəraitdə Azərbaycan Prezidenti üçün prinsipiallıq və üzaqgörənlikdən əlavə həm də misilsiz bir fədakarlıq nümunəsi olduğunu görməmək mümkün deyil.

Məlum təzyiqlərin miqyasını tam şəkildə yalnız Prezidentin özü bilir. Bir aya yaxın davam etməkdə olan müharibənin də göstərdiyi kimi İlham Əliyevin öz prinsipiallığını və fədakarlığını uğur sonluğunadək şəxsən davam etdirmək iradəsi şübhəsiz olsa da, bütün cəmiyyətimizin ona total dəstəyinin gücləndirilməsi indi həlledici və həyati əhəmiyyətli faktora çevrilib. O, bu yolu onsuz da gedəcək, ancaq cəmiyyətin azalmayan total dəstəyi məqsədlərimizə daha asan və daha az itkilərlə çatmağın əsas şərtidir. Cəmiyyətimizin total dəstəyi nədir?

Hər bir fərdin, partiyaların, medianın, vətəndaş qurumlarının vahid prosesin tərkib hissələrinə çevrilməsi və gərək olanı öz zamanında etməyi bacardığını xüsusilə bu günlərdə daha aydın sübut edə bilmiş Prezident İlham Əliyevin fəaliyyətinə hər cür təftişçiliyin kənara qoyulması… Cəmiyyətimizin Prezidentə total dəstəyinin məzmununu başqa formalarda da ifadə etmək olar.

Lakin vacib olan hər kəsin dərk və qəbul etməsidir ki, İlham Əliyevin hakimiyyəti Dağlıq Qarabağ problemini Azərbaycanın xeyrinə həll etmək üçün tarixdə ilk və yeganə uğur şansımızdır. Bəlkə də Azərbaycanın tarixində İlham Əliyevin hakimiyyəti qədər sabit, dayanıqlı və bütün iqtisadi, siyasi, hərbi, maliyyə və insani resursları bu dərəcədə bir araya cəmləşdirə bilən ikinci hakimiyyət gəlməyəcək. Bu hakimiyyətin möhkəmliyi və seçki, qeyri-seçki yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyü onu xalqımızın taleyində yeganə uğur şansına çevirən həlledici faktordur.

Başa düşmək çətin deyil ki, 3 ildən, 5 ildən bir dəyişilə bilən hakimiyyətlər indikinə oxşar təzyiqlərin qarşısında nə duruş gətirə, nə də Azərbaycanın dövlət maraqlarını sona qədər ləyaqətlə qoruya bilər. Azacıq dirəniş göstərən kimi xaricdəki məlum qüvvələr ya seçki, ya da qeyri-seçki yolu ilə onu devirməklə Qarabağ problemini yalnız dünya erməniçiliyi üçün sərfəli həll olunmamış vəziyyətdə saxlamağa müvəffəq olacaqlar. İlham Əliyevin “uğur şansı” adlandırdığımız hakimiyyəti şəraitində isə bu ssenarilər işləyə bilməz.

Bu unikal şans əldən buraxılsa, belə şans da, Dağlıq Qarabağ da Azərbaycanın tərkibinə bir daha heç vaxt qayıtmayacaq.

Aydın QULİYEV

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …