Qarabağda Azərbaycan Ordusuna qarşı vuruşan Qevorq Avakyan vətəndaşı olduğu Gürcüstana qayıdıb.
Oktyabrın 2-də Cavaxetiyanın Ninotsminda rayonundan Ermənistana keçərək oradan da Qarabağ döyüşlərinə qatılan Avakyan yerimə qabiliyyətini itirib.
“Oktybarın 3-də “Mqer Arutunyanın “Könüllülər hərəkatı” dəstəsinin üzvü kimi ön xəttə yollandım. Biz cəbhənin şimal-şərq istiqamətində mövqe qurmuşduq. Dərə ilə çörək arxasınca gedən zaman atəşə məruz qaldıq. Yanımdakı hərbçi başından güllə yarası alaraq yerindəcə keçindi. Mən isə cavab atəşi açsam da, hər iki ayağımdan və belimdən güllə yarası aldım və dərənin dibinə yuvarlandım”-deyə o xatırlayır.
Qevorq Avakyan yalnız 3 saat sonra döyüş yoldaşları tərəfindən dərədən çıxarıldığını qeyd edib. Yerevana aparılan hərbçi cərrahi əməliyyat sayəsində sağ qalıb. Amma o, ayaq sinirlərinin zədələnməsinə görə, daha yeriyə bilməyəcəyini söyləyir.
Hazırda Gürcüstana geri dönən Qevorq Avakyan Gürcüstanda əlillik statusu almağı planlaşdırır. (modern.az)