Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qarabağın işğaldan azad olunacağı gün uzaqda deyil! – BAMF prezidenti Umud Mirzəyev Serj Sarkisyanın cavabını verdi

Dünən Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Aprel döyüşləri ilə əlaqədar əvvəllər vəd verdiyi kimi mətbuat konfransı keçirib. Qeyd edək ki, bu, onun istefasından sonrakı ilk mətbuat konfransıdır. Konfrans zamanı o, jurnalistlərin qurama suallarını cavablandırıb və Azərbaycan haqqında sərsəm bəyənatlarla çıxış edib.

“Müharibələr öz-özünə bitmir, burda hər zaman siyasi məqsədlər güdülür. Müharibə başqa yollarla “siyasətin davamıdır”. Təcavüzkarın planlarını minimal itkilərlə yerinə yetirməyə müvəffəq olunması müdafiə tərəfi üçün bir qələbədir. Heç bir müharibə, qarşıya qoyduğu siyasi məqsədlərinin heç olmasa bir hissəsinə çatmasa, hücum edən tərəf üçün uğurlu sayıla bilməz.

Azərbaycan hansı məqsədləri güdürdü? Onlar danışıqlarda hərbi yoldan istifadə edərək özlərinə xeyir kəskin dönüş yaratmaq istəyirdilər. Onlar göstərmək istəyirdilər ki, əgər danışıqlar baş tutmasa münaqişə hərbi yolla həll oluna bilər. Onlar məğlub kompleksini qırmaq və orduda qalib ruhunu yaratmaq istəyirdilər. Lakin bu məsələlər danışıqlar gündəminə gəlmədi, Əliyev Vyana və Peterburq danışıqlarında bunun şahidi oldu.

Azərbaycan təkcə hərbi baxımdan deyil, həm də diplomatik arenada böyük itkilər verdi. Aprel döyüşləri Azərbaycanın güc tətbiq etməklə problemi həll edə bilmədiyini sübut etdi”, Sarkisyan mətbuat konfransı zamanı söyləyib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Serj Sarkisyanın konfransdakı bir-birini təkzib edən fikirlərini EDNews.net-ə şərh edib.

“Əvvəlcə, Sarkisyanın niyə məhz indi mətbuat konfransı keçirdiyinə toxunaq. Bunu mətbuat konfransı yox, Serj Sarkisyanın mətbuat üçün sayıqlamaları da adlandırmaq olar. Məlum olduğu kimi, son zamanlarda Ermənistanın Baş naziri Nikol Paşinyan beynəlxalq arenada, mətbuatda və Azərbaycan Prezidenti ilə dialoqlarda verdiyi bəyənatlarla özünü və  Ermənistanın işğalçı siyasətini ifşa edib. Son illər göründüyü kimi beynəlxalq cameə də bu işğal faktını bir-birinin ardınca təsdiq edir. Bu konfransı BBC televiziyasında Stefan Sakurun apardığı “Hard Talk” verlişində olan müsahibəsində məzlum duruma düşən Paşinyana Sarkisyanın havadarlıq cəhdi kimi dəyərləndirmək də olar. O, özünün sərsəm bəyənatları ilə diqqəti mövcud durumdan yayındırmağa çalışır”.

Serj Sarkisyan çıxışı zamanı Aprel döyüşlərinin erməni xalqı üçün məğlubiyyət deyil, qələbə olduğunu qeyd edib. Lakin Umud Mirzəyev Sarkisyanın əsasssız bəyənatını təkzib edib.

“Aprel savaşlarında kimin məğlub olduğuna gəldikdə isə, illərlə beynəxalq ekspertlər və diplomatlar bizə bu və ya başqa şəkildə Ohanyan səddinin aşılmazlığı barədə fikirlərlə çıxış edirdilər. Lakin döyüşlər onu göstərdi ki, bizim əsgərlərimiz irəliləyərək Ohanyan səddi haqqında formalaşdırılan mifi darmadağın etdi. Digər tərəfdən isə kifayət qədər torpaqlarımız düşmən işğalından azad olundu. Bir neçə günlük hücumdan sonra atəşkəs imzalansa da bu, son demək deyil. Sarkisyan unutmasın ki, Azərbaycan ordusunun Dağlıq Qarabağı, öz torpaqlarını işğaldan azad edəcəyi gün uzaqda deyil. Son dövrlərdə baş verən beynəlxalq hadisələr və Azərbaycanın siyasi durumu bundan xəbər verir” .

BAMF prezidenti hesab edir ki, Aprel döyüşləri birbaşa Sarkisyanın sonunun başlanğıcı oldu.

“Aprel döyüşlər birbaşa onun uğursuzluğu idi ki, həmin hadisədən sonra Sarkisyan hakimiyyətdən istefa vermək məcburiyyətində qaldı”.

Umud Mirzəyev Sarkisyanın Azərbaycanın məqsədləri haqqındakı fikirlərinə münasibət bildirərək Azərbaycanın yalnız bir məqsədi olduğunu və bunun da öz torpaqlarını azad etmək olduğunu vurğulayıb. O, bu yolda dövlətimizin səylərini əsirgəmədiyini bildirib.

Ermənistanın keçmiş prezidenti erməni xalqının Azərbaycandan üzrxahlığı üçün heç bir səbəb olmadığını söyləyib. O, Ermənistanın qanunlara əməl etdiyini söyləyib və Azərbaycanı isə təcavüzdə ittiham edib. 1992-ci ildə Azərbaycanın Xankəndinə 350-dən çox mərmi atdığını qeyd edib.

Sarkisyanın bu fikirlərinə cavab olaraq, Umud Mirzəyev Ermənistanın Azərbaycandan üzr istəməyə borclu olduğunu artıq sadəcə Azərbaycanın demədiyini həm də beynəlxalq cəmiyyətin də qəbul etdiyini vurğulayıb.

“İlk öncə demək istəyirəm ki, Sarkisyan özü əli qana batmış canidir. O, 1992-ci illərdən Xankəndinə düşən mərmilərdən danışır, lakin bu separatçı cani fərqində deyil ki, 1989-cu illərdə yarım milyona yaxın azərbaycanlını vandalcasına Ermənistandan deportasiya etdilər. Onlar insanlarımızı dağlardan, sıldırım qayalıqlardan qaçmağa məcbur ediblər”, deyə o bildirirb.

Umud Mirzəyev münaqişə tarixinə nəzər salaraq Ermənistanın törətdiyi vəhşiliklərdən bəhs edib.

“Məgər onların bu vaxta qədər Ermənistan ərazisində və Qarabağda hansı qanlar tökdükləri yadlarından çıxıbmı? Onlar ilk atəşi açaraq Əli ilə Bəxtiyarı necə qətl etdiklərini unudublarmı? Bəs Xocalı, Cəmilli, Qaradağlı, Bağanis ayrımı mənim doğulub böyüdüyüm Aşağı Əbdürrəhmanlı? Yüzlərlə kəndlərə, qəsəbələrə və şəhərlərə divan tutublar. Ermənilər tarixi abidələri, məktəbləri dağıdıblar. Bunların maddi dəyəri isə milyardlarla ölçülür. Bu gün bizim bir milyon iki yüz min qaçqın və məcburi köçkünümüz var. Məqam gələcək ki, bütün erməni xalqı baş verənlərə görə təkcə bizdən deyil, hər kəsdən üzr istəyəcək”.

“Mən bir sülh missiyası daşıyan beynəlxalq təşkilatın rəhbəri kimi, hər zaman münaqişələrdə qan tökülməsinə qarşı olmuşam və lənətləmişəm. Bu gün baxdıqca görürük ki, Ermənistanda hakimiyyətə gələnlər cinayətkarlıqda bir-birindən geri qalmırlar. Bunu açıq demək lazımdır. Son vaxtlar, bu, beynəlxalq təşkilatların Ermənistana olan münasibətlərindən də hiss olunur. Sarkisyanın bu cür konfrans keçirməsi dünyada özünü ifşa etmiş Paşinyana yersiz havadarlıq cəhdindən başaqa bir şey deyil”.

Qeyd edək ki, konfransın Youtube-da yerləşdirilmiş video materialı Ermənistan xalqı tərəfindən neqativ qarşılanıb və bəyənilməyib.

Sarkisyan münaqişənin həllini beynəlxalq təzyiqlər yolu ilə əldə olunacağını düşündüyünü bildirib. Umud Mirzəyev hesab edir ki, Azərbaycana qarşı edilən təzyiqlərə baxmayaraq ədalətin qələbə çalacağına inanır.

“Münaqişə başlayandan Azərbaycana hər zaman beynəlxalq təzyiqlər olunub. ABŞ-ın qəbul etdiyi 907-ci düzəlişdən sonra biz bunu hiss etmişik. Ancaq indi zaman dəyişib və vaxt bizim xeyrimizə işləyir. Mən əminəm ki, beynəlxalq təşkilatların, dünyanın aparıcı dövlətlərinin və tərəqqipərvər insanların dəstəyi ilə ən qısa vaxtda torpaqlarımız azad olunacaq. Buna Sarkisyan da şahidlik edəcək. Mən həm də əminəm ki, konfliktin başında duran cinayətkar ünsürlər hüquq qarşısında cavab verəcəklər və haqlı cəzalarını alacaqlar”, Umud Mirzəyev fikrini tamamlayıb.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …