Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olunur.
Qaradağlıya hücumda Arabo və Aramo birləşmələri, Monte Melkonyanın dəstəsi fəal iştirak edib.
“Report”un Qarabağ bürosunun əməkdaşlarınin Qardağlı faciəsinin 30-cu il dönümü ilə bağlı hazırladıqları videoreportajı təqdim edirik.
Qardağlı faciəsinin qurbanı İslam Dadaşov “Report”un yerli bürosuna bildirib ki, Qaradağlıda əli silah tutan hər kəs erməni terrorçularına qarşı vuruşub və kəndi düşməndən müdafiə ediblər:
“1988-ci ildən sonra Qarabağ və ətraf rayonlarda yaşayan sakinlərin evində olan silahlar zorla yığılır, kəndlilər məqsədli şəkildə tərkisilah edilirdilər. Düşmənə qarşı hər kəs əlindən gələni edirdi. Qardağlının müdafiəsi zamanı kənd sakinləri düşmənə qarşı bütün vasitələrdən istifadə edirdilər. Ağır texnikalarlarla silahlanmış ermənilərə qarşı bir neçə avtomat və ov tüfəngimiz var idi. Həmçinin düşmənə qarşı nisbətən iri daşlar atan yerüstü sapanddan da istifadə edirdik. O zaman kimin evində pulu, qızılı var idisə avtomat və güllə alıb, kəndin özünümüdafiə dəstəsinə qoşulub, ermənilərə qarşı vuruşurdu”.
1992-ci il fevralın əvvəlində ermənilər Qaradağlıya bir neçə dəfə hücum təşkil ediblər. Kəndin əsas yüksəkliklərində və giriş-çıxışlarda qurulan postlarda kənd sakinləri 24 saat ayıq-sayıq xidmət aparırmış. Buna görə də ermənilər elə biliblər ki, kəndi Azərbaycan hərbçiləri qoruyur. Qaradağlı kəndinin müdafiəsini təmin edən sakinləri fevralın 17-də ermənilər qeyri-bərabər döyüşdə girov götürürlər.
Faciənin şahidi olan Ağcagül Dadaşova bildirib ki, kəndin özünümüdafiə dəstəsi erməni terrorçularına qarşı döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini öldürüb və texnikalarını məhv edib:
“Buna görə də ermənilər Qaradağlı kəndinin sakinlərinə qarşı amansız davranırdılar. Bizi girov götürəndən sonra yük maşınlarına mindirib apardılar. Kəndin müdafiəsi zamanı harada bir erməni terrorçusu öldürülmüşdüsə, orada maşını saxlayıb bir neçə nəfəri düşürüb faciəvi şəkildə öldürüb, qisas alırdılar. Yük maşınlarında kəndimizin özünümüdafiə dəstəsi tərkibində döyüşənləri amnasızlıqla güllələyib, ölü, yaralı hamısını silos quyusuna töküb üstünü basdırdılar. Həmin quyunun üstünü örtəndən sonra da orada inilti səsləri gəlirdi”.
Qardağlı faciəsi zamanı 15 yaşı olan Məhrubə Dadaşova bildirib ki, həmin vaxt ermənilərin törətdikləri qətliamları unutmayıb:
“Düzdür, o vaxt yaşım az idi. Lakin baş verən bütün hadisələr yadımdadır. Kəndimizin yaxınlığında fermada bir ailənin 6 üzvünü ermənilər diri-diri yandırdılar. Onların bir neçə dəqiqə qışqırıq səsləri eşidildi və sonra kəsildi. Sonra erməni terrorçuları Qardağlı-Xankəndi avtobusunu, içərisində qadın uşaq ahıl demədən vuraraq partlatdılar. Biz ailədə 9 uşaq, 6 qardaş, 3 bacı olmuşuq. İki qardaşımız şəhid olub, biri itkindir”.
Qeyd edək ki, Qardağlı kəndinin ümumilikdə 800 sakini olub. Faciə günündən bir müddət əvvəl kəndin bir qrup sakini təxliyə edilib. Faciə günü kənddə 118 nəfər sakin, 14 nəfər əsgər olub. 118 sakindən 54-ü, 14 əsgərdən isə 12-si əzab və işgəncələrlə öldürülüb. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq olub. İki ailənin hər birində 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib. İşğal zamanı kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb.