Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədlinin səhhətinin daha da pisləşdiyi bildirilir.
Bu barədə qardaşı Nəsimi Məmmədli “Turan”a danışıb.
Nəsimi Məmmədli qeyd edib ki, məlumatı ona Ələsgər Məmmədli özü verib:
“Bu gün Ələsgər İstintaq Təcridxanasından zəng edib. Biz 5-6 dəqiqə danışdıq. O, çətinliklə, tez-tez fasilə verərək danışırdı, vaxtaşırı öskürürdü. Boğazında şiş böyüdüyünə görə yuxusuzluqdan əziyyət çəkir. Daimi baş ağrıları var. Həkimlər təhlil üçün üç yaxma (boğazından) götürüblər. 2-3 gün sonra cavabları məlum olacaq. Sonuncu görüşdə mən ona ağrıkəsici dərmanlar vermişdim, lakin onlar onun vəziyyətinə təsir etməyib”.
İyunun 22-də mülki klinikada biopsiya olunan Ələsgər Məmmədli İstintaq Təcridxanasına qaytarılıb.
“Ələsgərin stasionar müalicəyə ehtiyacı olmasına baxmayaraq, onu hələ də İstintaq Təcridxanasında saxlayırlar. O, vəkillə görüşüb və klinikaya aparılarkən ona qarşı pis rəftarla bağlı beynəlxalq məhkəməyə ərizə göndərib“, – deyə Nəsimi Məmmədli vurğulayıb.
Qardaşı deyib ki, səhhətindəki ciddi problemlərə baxmayaraq, Ələsgər Məmmədli ruh yüksəkliyini qoruyub saxlayır:
“Ona dəstək ifadə edən hər kəsə salamlarını göndərdi”.
“Toplum TV” işində saxlanılanlar…
Martın 6-da Daxili İşlər Nazirliyi müstəqil media qurumu olan “Toplum TV”-nin ofisində əməliyyat keçirib.
Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın – Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb.
Saxlanılan şəxslər III Respublika Platformasının spikeri Akif Qurbanov, təşkilatın Qurucu Heyətinin üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynalov və “Toplum TV”-nin rekaktoru Müşfiq Cabbardır.
Saxlanılan digər iki şəxs – Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə buraxılıb.
“Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli isə martın 8-də müayinə olunduğu “İstanbul” Klinikasının həyətində saxlanılıb.
Ələsgər Məmmədli də saxlanılan digər şəxslərlə birlikdə valyuta qaçaqmalçılığında ittiham olunub.
Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb. Lakin Ələsgər Məmmədli ittihamı əsassız sayır və pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.
Hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar saxlanılanları siyasi məhbus kimi tanıyıb və onların dərhal azadlığa buraxılmasına çağırış ediblər.