Yaxınları ümid edir ki, məhkəmə araşdırması Rauf Cabbarovun təqsirsizliyini ortaya çıxaracaq
Qarabağ qazisi Rauf Dayandur oğlu Cabbarov 11 aydır həbsdədir. O, külli miqdarda narkotik maddə daşımaqda təqsirli bilinir və Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunur.
Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eldar İsmayılovun sədrliyi ilə iş araşdırılır.
Yaxınları Meydan TV-yə danışır ki, Rauf Cabbarov əslən laçınlıdır, 44 günlük Qarabağ müharibəsində atası Dayandur Temir oğlu Cabbarovla birgə döyüşüb.

Rauf Cabbarovun daim narkomaniyaya qarşı mübarizə apardığını deyən ailə üzvlərinin sözlərinə görə, elə bu səbəbdən də şərlənib.
“Məhəllədə narkotik satan “barıqa”lara qarşı çıxmışdı, onları döyüb qovmuşdu. O adamların arxısında dayananlar da Raufu şərlədi”- yaxınları deyir.
Bildirilir ki, 2024-cü il aprelin 15-də Yeni Yasamal ərazisində olarkən polis Rauf Cabbarova yaxınlaşıb və ona “yeni rəis gəlib, səninlə tanış olmaq istəyir”, – deyiblər.
Ondan sonra onu Yasamal Rayon Polis İdarəsinə gətiriblər. Rauf Cabbarovu otaqlardan birinə salıb üzərində baxış keçirmək adı ilə soyundurublar və videoya çəkiblər.
Yaxınları deyir ki, hədə-qorxu, fiziki işgəncə ilə ifadə almağa çalışsalar da, Rauf Cabbarov özünü təqsirli bilməyib.
Ona sanksiya elan edilib, 4 ay həbs-qətimkan tədbirindən sonra təxminən 22 radələrində onu saxlama müəssisəsindən çıxarıb, polis idarəsinin inzibati binasının üçüncü mərtəbəsinə aparıblar. Rauf Cabbarov ifadəsində də qeyd edir ki, orada onu təxminən 6-7 polis qarşılayıb. Cinayət axtarış şöbəsinin rəisi Habil adlı şəxs onun əllərini yapışqan lentlə bağlayıb və polis əməkdaşları onu yenidən soyundurub, başını qırxıb və videoya çəkiblər. Üzləşdiyi fiziki və psixoloji təzyiq nəticəsində protokolları imzaladığını deyən qazi özünü təqsirli bilmir. Üzərində tapıldığı iddia edilən 5.308 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını, polis idarəsində zorla üzərinə qoyulduğunu deyir.
Yaxınları deyir ki, bir qazini soyundurub videoya çəkmək, onu aşağılamağa çalışmaq polisə yaraşan hərəkət deyil.

Onlar ümid edirlər ki, Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı araşdırma aparıb və ölçü götürə bilər.
Rauf Cabbarovla bağlı məhkəmə işində şahid kimi yalnız polislər ifadə verib. Məhkəmə-narkoloji ekspertizasının rəyində isə göstərilir ki, təqsirləndirilən şəxs narkomaniyadan əziyyət çəkmir, məcburi müalicəsinə ehtiyac yoxdur. Ekspertiza müayinə zamanı narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmadığını bildirib. Bununla belə, ekspert hesab edib ki, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yaxınları soruşur ki, narkomaniyanın əlamətləri yoxdursa, ekspert hansı əsasla onun qeydiyyata alınmasını məsləhət görür?
Rauf Cabbarovun müdafiəçiləri də hesab edirlər ki, insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən, heç kim işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Cabbarovun təzyiq altında təqsirləndirilən şəxsə çevrilməsi isə həmin maddənin tələblərini pozur.
Yaxınları ümid edir ki, məhkəmə araşdırması Rauf Cabbarovun təqsirsizliyini ortaya çıxaracaq.
Anası Nigar Cabbarova Meydan TV-yə deyir ki, Rauf narkotik satışı ilə məşğul olanları bir neçə dəfə məhəllədən qovub. Buna görə də ona dəfələrlə xəbərdarlıq ediblər.
“Oğlumun bir günahı var, bu da “barıqa”ları məhəllədən qovmaq olub. Deyirdi ki, uşaqlara narkotik satırlar, mən buna göz yuma bilmirəm, vicdanım imkan vermir. Bir adamın cibində narkotik olsa, hansısa polis əməkdaşlarının sakitcə yanına düşüb şöbəyə gedər? Əgər oğlumun üzərində nəsə var idisə, necəsə fırladıb, narkotiki atmalı, ya da polislərin əlindən qaçmalı idi. Qoy mənim balamı başqa nə iləsə ittiham etsinlər, amma həmin maddəni onun üzərindən götürsünlər. Uşağım düz üç dəfə boğazını, damarlarını doğrayıb. Balam ölsə necə olacaqdı?”
“Aylardır, döymədiyim qapı qalmayıb. Birinci vitse-prezident Mehriban Əliyevanın qəbulunda olmuşam. Daxili işlər naziri Vilayət Eyvazovla iki dəfə üzbəüz görüşmüşəm. Baş prokuror Kamran Əliyev, Bakı şəhər prokuroru Elşən Abbasovun da qəbulunda olmuşam. Aidiyyəti üzrə bütün qurumlarda olsam da, heç biri mənə kömək etmir. Prezident İlham Əliyevə müraciət edirəm, ondan kömək istəyirəm ki, uşağım buraxılsın. Bir böyrəyini müharibədə qoyub. İkinci böyrəyi də həbsxanada sıradan çıxıb. Həkim deyir ki, sidik böyrəklərinə dolubmuş, ayaqları necə şişibsə gəzə bilmirmiş”, – Nigar Cabbarova əlavə edib.
Məsələ ilə əlaqədar DİN-dən münasibət öyrənmək mümkün olmayıb.