Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Qazilərin və veteranların pensiyaları necə hesablanacaq? – RƏSMİ

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları pensiya və təqaüd hüququndan eyni vaxtda tam olaraq istifadə edə bilirlər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçıları (müharibə veteranları, hərbi qulluqçu sayılmayan, hərbi rütbəsi olmayan, əsgərlər) qanunvericiliklə müəyyən edilmiş pensiya yaş həddinə çatdıqda və fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar:

“Qeyd olunan kateqoriyadan müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulması nəticəsində əlilliyi müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına (əsgərlərə) isə əlilliyə görə əmək pensiyası xidmət müddətindən asılı olmayaraq təyin edilir.

Eyni zamanda, döyüşən ordunun tərkibində olduqları döyüş müddətləri onların stajına ikiqat ölçüdə hesablanır. Bu da onların həm pensiya hüququnun yaranmasına, həm də pensiya məbləğinə təsir edir”.

Xüsusilə vurğulanıb ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına (əsgərlərə), o cümlədən bunlardan müharibə iştirakçısı olanlara yaş həddinin güzəşt edilməsi ilə bağlı qanunvericilkdə hər hansı norma nəzərdə tutulmayıb:

“Müharibə veteranı statusu alımış şəxslərə, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olanlara pensiya və ya müavinətdən əlavə Prezident təqaüdü də ödənilir. Göründüyü kimi, pensiya və təqaüd hüququndan eyni vaxtda tam olaraq istifadə edə bilirlər. Yəni, sözügedən kateqoriyadan olan şəxslər yaşa görə əmək pensiyasına çıxdıqda Prezident təqaüdünün ödənişi dayandırılmır”.

Qeyd edilib ki, yuxarıda bəhs edilən təqaüdlərin məbləği müvafiq olaraq 80, 400, 500 və 600 manat təşkil edir.

Check Also

Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız gələ biləcəklər

Vətəndaşların səyahət imkanlarının asanlaşdırılması və ölkələr arasında əlaqələrin gücləndirilməsi məqsədilə Səudiyyə Ərəbistanı Krallığının, Oman Sultanlığının, …