Cümə , 22 Noyabr 2024
Drone Cameras

QDF Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulmasına maliyyə dəstəyi göstərib

Qarabağ Dirçəliş Fondu Şuşada Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulması üçün maliyyə dəstəyi göstərib.

Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şanlı qələbəsindən sonra işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin, o cümlədən görkəmli şəxsiyyətlərimizin heykəllərinin bərpası və yenidən qurulmasına başlanılıb: “Yenidən qurulan abidələr sırasında dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin heykəli də yer alır”.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun sifarişi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb: “1 dekabr 2020-ci il tarixində yenidən qurulmasına başlanılan heykəlin açılış mərasimi 29 avqust 2021-ci il tarixində baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Abidənin yenidən qurulması üçün tələb olunan bütün xərclər Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi hesabına qarşılanıb”.

Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə bəstəkarın Şuşada ucaldılan heykəli, Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminin nəticəsində tamamilə məhv edilib.

Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb. Hündürlüyü 3,2 metr olan yeni heykəl heykəltəraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov və Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

Dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə anadan olub. Uşaqlığı Qafqazın “konservatoriyası” adlandırılan Şuşada keçib. Şuşanın gözəl təbiəti, zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərib.

Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə dahi bəstəkarın doğum günü – 18 sentyabr 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.

Check Also

İstanbulun ən gözəl məkanı: Galataport

MAPIC 2023 Mükafatlarında “Ən Yaxşı Yeni İnkişaf Layihəsi” olaraq tanınan Galataport, Karaköyün İstanbulun cazibə mərkəzi …