Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT-lər UNESCO-ya müraciət etdi – FOTO +VİDEO

13 sentyabr tarixində ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti ilə bağlı tədbiri keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Agentliyin Müşahidə Şurasının üzvi, İlqar Orucov, elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.

Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvi İlqar Orucov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal altında saxladığı Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlar şanlı Azərbaycan Ordusu tərəfindən işğalçılardan təmizləndikcə xalqımıza məxsus tarix və mədəniyyət abidələrinin vandalizmə məruz qaldığı, yerlə-yeksan edildiyi, bir qisminə isə toxunulmadığı, saxtalaşdırılaraq erməniləşdirildiyi ortaya çıxır. Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir və əksəriyyəti məhv edilmişdir. Ermənistan indiki ərazisində əsrlər boyu yaşayan azərbaycanlıların XX əsr ərzində deportasiyası nəticəsində Ermənistanda bir nəfər azərbaycanlı belə qalmamışdır. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur.

Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri – Rauf Zeyni, Səadət Bənənyarlı, Əkrəm Bəydəmirli, Vüqar Əhmədov, Elçin Mirzəbəyli, Rəşad Əliyev, İradə Rzazadə, Ayşən Hüseynova, Xatirə Vəliyeva, Hacı Abdulla, Mehri Xanbabayeva, Davud Rəhimli, Bahar Qasımova, Şəhla Nağıyeva, Azər Əliyev bildiriblər ki, erməni vandalları xalqımıza məxsus tarixi-etnik torpaqlardakı izləri silməklə kifayətlənməyərək, eyni zamanda qədim türk mənşəli Azərbaycan toponimlərinə qarşı da barbarcasına kütləvi soyqırım həyata keçirirlər. Belə ki, istər indiki Ermənistan ərazisində, istərsə də işğaldan azad olunmuş ərazilərimizdə azərbaycanlıların yaşadıqları yüzlərlə yaşayış məntəqəsinin adları kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilməkdədir. Təəssüflər olsun ki, tarixi irsimizə vurulan bu zərbələri dünya birliyi hələ də ağır sükut və susqunluqla seyr etməkdədir.

Çıxışlardan sonra tədbirin yekunu olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən elm, təhsil və mədəniyyət yönümlü qeyri-hökumət təşkilatlarının UNESCO-ya müraciəti səsləndirilib.


UNESCO-nun Baş direktoru xanım Odre Azuleyə

Biz, Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri, bir neçə dəfə UNESCO-ya, şəxsən Baş direktor xanım Odre Azuleyə müraciət edərək Ermənistan ərazisindəki Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında sizə məlumat vermişik. Ermənistanın uzun illərdir apardığı məqsədyönlü siyasəti nəticəsində xalqımızın yüz illər tarixə malik Ermənistan ərazisindəki mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşmişdir və əksəriyyəti məhv edilmiş, bir qismi özünküləşdirilmişdir.

Ermənistanın indiki ərazisində yerləşən tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılara qarşı 200 ildən çox müddətdə davam edən deportasiya siyasəti nəticəsində Ermənistanda bir nəfər azərbaycanlı belə qalmamışdır. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə müşayiət olunmuşdur. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilmişdir.

Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilmişdir. Bu proses bu gün də davam etməkdədir. Azərbaycan öz ərazilərini 30 illik işğaldan sonra azad etdi və Ermənistanın Azərbaycanın tarixi mədəni abidələrinə qarşı insanlığa sığmayan münasibətini bir daha görmüş oldu.

UNESCO-ya ünvanlanmış öncəki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilmişdir. Məsələn, digər faktlarla yanaşı vurğulanmışdır ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.
Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb. Ümumilikdə, Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıtmışdır. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarət, vandallıq nümunəsidir.

Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, onillərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır.
Bu məqsədlə beynəlxalq hüquqda mövcud cəza mexanizməri tətbiq edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bütün bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması, həmçinin sülh və təhlükəsizlik məsələsidir.

Ermənistanın Azərbaycan xalqına və Azərbaycanın tarixi-mədəni abidələrinə qarşı bu münasibətinə baxmayaraq Azərbaycan dövləti və eləcə də xalqımız bizim ölkəmiz ərasizində olan erməni abidələrinə qarşı daim diqqət göstərir və həmin abidələr dövlət tərəfindən qorunur. Nümunə olaraq Bakı şəhərinin mərkəzində yerləşən Müqəddəs Qriqori kilsəsini göstərə bilərik (Erməni kilsəsi). Belə ki, XIX əsrə aid olan bu tarixi bina dövlət tərəfindən tarix və mədəniyyət abidəsi kimi qorunur.
Məhz bütün bunları əsas gətirərək biz hazırki Ermənistan ərazisində yerləşən Azərbaycan xalqının çoxəsrli tarixi olan mədəni və tarixi irsinin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı ekspert qrupunun göndərilməsini Sizdən xahiş etmişdik. Təəssüf ki, öz məkrli və qanunazidd əməllərini gizli saxlamaq üçün Ermənistan belə bir missiyanın həyata keçirilməsinə qarşı olmuşdur.
4 fevral 2022-ci il tarixində Azərbaycan, Fransa, Ermənistan liderlərinin və Avropa İttifaqı Şurasının rəhbərinin videoformatdakı görüşünün nəticəsi olaraq UNESCO-nun Ermənistana və Azərbaycana missiyası həyata keçirilməsi barədə razılıq ifadə olunsa da nəticəsiz qalmışdır.
Ermənistan UNESCO missiyasının reallaşmaması üçün əlindən gələni edir və maraqlısı odur ki, UNESCO olaraq Siz bu prosesdə hansısa səbəbdən aktivlik göstərmirsiniz. Keçən hər gün Azərbaycanın tarixi-mədəni abidələrinin məhv edilməsinə şərait yaradır. İnanırıq ki, missiya reallaşacaq və Ermənistan öz layiqli cəzasını alacaq.

Bizi narahat edən digər bir məsələ UNESCO kimi bir mötəbər qurumun bu məsələdə hələ də səssiz qalmasıdır. Həm dövlət səviyyəsində, həm vətəndaş cəmiyyəti səviyyəsində dəfələrlə UNESCO-ya müraciət olunsa da, qurum olaraq heç bir münasibət bildirilmir və Ermənistanın vandallıq əməllərinə biganəlik nümayiş etdirilir. Ermənistan ərazisindəki Azərbaycan abidələrinin, tarixi-mədəni irsin qorunub saxlanılması tək Azərbaycanın deyil, UNESCO-nun da öhdəliyidir. UNESCO erməni vandalizminin dünyaya çatdırılmasında heç bir rol oynamamaqla yanaşı, Azərbaycan tərəfindən göndərilən dəvətlərdən, abidələr haqqında yerində tədqiqat aparılmasından yayınır. Bu sözün əsl mənasında ayrıseçkilik, ikili standartdır. Biz bu ayrıseçkiliyi və yanaşmanı 2020-ci ildə 44 günlük Vətən müharibəsində də yaxından hiss etdik. Sizin bu münasibətiniz təkcə UNESCO-ya deyil, həm də Azərbaycan xalqında BMT-yə qarşı inamsızığa gətirib çıxarır. Bu münasibətlər bizim gələcək fəaliyyətimizə də istər-istəməz təsir edir.

Hörmətli xanım Baş direktor,

Bir daha Sizə müraciət edərək Ermənistan ərazisində yerləşən Azərbaycan xalqının çoxəsrli tarixi olan mədəni və tarixi irsinin mövcud vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana UNESCO tərəfindən faktaraşdırıcı ekspert qrupunun göndərilməsini xahiş edirik.

Müraciətə əlavə olaraq Sizin diqqətinizə Ermənistan tərəfindən mənimsənilmiş bir sıra maddi daşınmaz mədəni irsin siyahısını da təqdim edirik.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …