Şənbə , 3 Oktyabr 2026
Drone Cameras

QHT-lərdə “inqilabi dəyişiklik”: İslahatdır, yoxsa qapıların üzə bağlanması?


QHT Agentliyinin “inqilabi dəyişikliklər” adı ilə təqdim etdiyi yeniliklər ətrafında yaranan suallar cavablardan daha çoxdur.
Müsahibənin təqdimatında QHT Agentliyinin bağlı qapılarının fotosundan istifadə olunması belə istər-istəməz simvolik sual doğurur: söhbət həqiqətən QHT-lərin fəaliyyətinin genişləndirilməsindən gedir, yoxsa yeni qaydalarla onların qarşısında daha çox qapı bağlanır?
Əgər buna “islahat” deyilir­sə, ilk növbədə islahatın nəyin üzərində aparıldığı dəqiq izah edilməlidir.
QHT artıq dövlət tərəfindən tanınmış, hüquqi şəxs kimi qeydiyyatdan keçmiş təşkilatdır. QHT Agentliyinin qrant siyasətində dəyişiklik edilməsi avtomatik olaraq QHT sektorunda islahat aparılması demək deyil. Qrant QHT-lərin maliyyələşmə mənbələrindən yalnız biridir və onu təkcə QHT Agentliyi vermir.
Bu səbəbdən əsas sual budur: QHT-lərin özündə hansı struktur, hüquqi və institusional dəyişiklik aparılıb?
Son aylarda QHT sektorundan səslənən əsas təkliflərdən biri məhz Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi, qərarların daha şəffaf və hesabatlı olması, qrant bölgüsündə obyektiv meyarların tətbiq edilməsidir. Əgər sektorun bu sualları cavabsız qalırsa, yalnız yeni müsabiqə mexanizmlərinin elan edilməsini “inqilabi islahat” adlandırmaq yetərli deyil.
Əsl islahat əvvəlki problemlərin adını dəyişmək deyil, onları aradan qaldırmaqdır.
“Böyük və orta qrant” vədinin əsas sınağı hələ qarşıdadır
Müsahibədə böyük və orta qrantlardan danışılır. Ancaq burada əsas məsələ vədin özü deyil, bu qrantların hansı meyarlarla və kimlərə veriləcəyidir.
QHT sektoru üçün ən mühüm sual da məhz budur: elan olunan yeni mexanizmlər real şəffaflıq yaradacaqmı?
Çünki əvvəlki dövrlərdə də kifayət qədər yüksək məbləğli qrantların verilməsi ilə bağlı mübahisələr və suallar səslənib. Bu səbəbdən yeni mexanizmlərin nəticəsini əvvəlcədən alqışlamaq əvəzinə, onların tətbiqini və nəticələrini izləmək daha doğru yanaşmadır.
Atalar demişkən: “Cücəni payızda sayarlar.”
Bu baxımdan BöyükMillət olaraq biz də gözləyəcəyik: vəd edilən böyük və orta qrantlar hansı təşkilatlara, hansı əsaslandırma ilə və hansı nəticələrə görə veriləcək?
Mövzuların 7-dən 5-ə endirilməsi “inqilabi dəyişiklik”dirmi?
Müsabiqə istiqamətlərinin sayının 7-dən 5-ə endirilməsi və mövzuların həmin istiqamətlər üzrə qruplaşdırılması da “islahat” kimi təqdim olunur.
Ancaq burada da sual yaranır: bu dəyişiklik QHT-lərin imkanlarını genişləndirir, yoxsa onları daha dar çərçivəyə salır?
Əgər məqsəd rəqabəti artırmaqdırsa, meyarlar bütün QHT-lər üçün əvvəlcədən aydın, ölçülə bilən və bərabər tətbiq olunmalıdır. Əks halda “rəqabət” sözünün özü formal anlayışa çevrilə bilər.
“Əvvəllər mövzular qaranlıq qalırdı” – QHT-lər hansı mövzunu bilmədən layihə yazırdı?
Müsahibədə diqqət çəkən başqa bir fikir belə təqdim olunur:
“Əvvəlki dövrdə növbəti müsabiqənin hansı mövzuda olacağı qaranlıq qalırdı…”
Bu fikir QHT sektorunda haqlı olaraq suallar yarada bilər.
QHT layihə hazırlayarkən fəaliyyət istiqamətini, nizamnaməsini, mövcud problemləri və maliyyələşmə imkanlarını onsuz da nəzərə alır. Belə olan halda “mövzuların qaranlıq qalması” konkret olaraq nə deməkdir?
Əgər burada nəzərdə tutulan müsabiqələrin əvvəlcədən elan olunmasıdırsa, bunu “inqilabi dəyişiklik” yox, normal idarəetmə və planlaşdırma mexanizminin təkmilləşdirilməsi kimi qiymətləndirmək daha məntiqli görünür.
İki ay vaxt nə üçündür?
Müsahibədə QHT-lərə müsabiqə mövzularını əvvəlcədən görmək və seçim imkanlarını artırmaq üçün iki ay vaxt veriləcəyindən danışılır.
Digər tərəfdən isə QHT-nin təqdim etdiyi layihənin onun nizamnaməsində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olması əsas şərtlərdən biri kimi göstərilir.
Burada sadə bir sual yaranır:
QHT öz nizamnaməsində hansı istiqamətdə fəaliyyət göstərdiyini bilirsə, həmin istiqamət üzrə layihə hazırlamaq üçün iki aylıq əlavə “seçim” nəyə lazımdır?
Beş istiqamətdən birinin seçilməsi həqiqətən bu qədər mürəkkəb məsələdir?
Yoxsa söhbət QHT-lərin fəaliyyət dairəsinin yeni inzibati çərçivələrə uyğunlaşdırılmasından gedir?
Nizamnamə meyarı yeni suallar doğurur
Ən ciddi məsələlərdən biri də QHT-nin nizamnaməsindəki fəaliyyət istiqaməti ilə elan olunan qrant mövzusu arasında uyğunluğun tələb edilməsidir.
Bu meyarın tətbiqini xüsusilə diqqətlə izləmək lazımdır.
Çünki ölkədə uzun illər fəaliyyət göstərən, ictimai sektorda tanınan və müəyyən sahələr üzrə ixtisaslaşmış QHT-lərin fəaliyyət istiqamətləri elan olunan bütün mövzuları əhatə etməyə bilər.
Belə olan halda həmin təşkilatlar nə etməlidir?
İllərlə gözləməlidirlər ki, Agentlik nə vaxt onların nizamnaməsindəki fəaliyyət istiqamətinə uyğun mövzu elan etsin?
Əgər cavab budursa, onda bu mexanizmin QHT-lər arasında rəqabəti genişləndirdiyini söyləmək çətindir. Əksinə, belə yanaşmanın müəyyən təşkilatların layihə imkanlarını məhdudlaşdırıb-məhdudlaşdırmadığı açıq şəkildə izah edilməlidir.
Əsas məsələ “islahat” sözünü işlətmək deyil
QHT sektorunun ehtiyacı “islahat” sözünün tez-tez səsləndirilməsi deyil.
QHT sektorunun ehtiyacı ədalətli qaydalar, şəffaf qrant bölgüsü, real rəqabət, alternativ maliyyələşmə imkanları, sadələşdirilmiş qeydiyyat və dövlət qurumları qarşısında bərabər münasibətdir.
Əgər bunlar yoxdursa, qrant müsabiqəsində mövzuların sayını dəyişmək sektorun fundamental problemlərini həll etmir.
İSBAM sədri Samir Adıgözəlli də bu məsələlərlə bağlı açıq müzakirəyə və debata hazır olduğunu bildirərək, bəzi dəyişikliklərin “islahat” adı altında təqdim edilməsini tənqid edib.
Bu baxımdan ən sağlam yol polemikanı şəxslər üzərindən deyil, rəqəmlər, sənədlər, qanunlar, qrant nəticələri və şəffaf meyarlar üzərindən aparmaqdır.
Əsl islahat haradan başlamalıdır?
Əgər məqsəd həqiqətən güclü və müstəqil QHT sektoru yaratmaqdırsa, gündəmdə daha fundamental məsələlər dayanmalıdır:
QHT qanunvericiliyi təkmilləşdirilməlidir;
QHT-lərin alternativ maliyyə mənbələrinə çıxışı genişləndirilməlidir;
dövlət qurumlarının qrant siyasətində şəffaflıq təmin edilməlidir;
QHT-lərin qeydiyyatı və fəaliyyət prosedurları sadələşdirilməlidir;
QHT-lərin dövlət proqramlarına və sosial sifarişlərə çıxışı genişləndirilməlidir;
ictimai iştirakçılıq üçün real və işlək mexanizmlər yaradılmalıdır;
qrant qərarlarının əsaslandırılması və nəticələrinin ictimaiyyətə açıqlanması təmin edilməlidir;
QHT-lər arasında rəqabət bütün təşkilatlar üçün eyni qaydalar əsasında qurulmalıdır.
Bunlar həyata keçirilmədən yalnız müsabiqə mövzularının dəyişdirilməsini “inqilabi islahat” kimi təqdim etmək sektorun əsas problemini həll etmir.
QHT Agentliyinin yeni mexanizmlərinin həqiqətən islahat olub-olmadığını isə ən yaxşı şəkildə növbəti qrant nəticələri göstərəcək.
Kimə nə qədər qrant veriləcək?
Hansı meyarla veriləcək?
Nəticələr necə qiymətləndiriləcək?
Eyni təşkilatlar yenə üstünlük qazanacaqmı?
İllərdir fəaliyyət göstərən QHT-lərlə yeni yaradılan qurumlar arasında hansı obyektiv meyar tətbiq olunacaq?
Bu sualların cavabı açıqlanandan sonra “inqilabi dəyişiklik” ifadəsinin real məzmunu daha aydın görünəcək.

BöyükMillət olaraq məsələni izləməyə və qrant nəticələri açıqlanandan sonra vədlərlə reallığı müqayisə etməyə davam edəcəyik.


Mirağa Qafarov

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …