“ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı müraciəti və genosid kəlməsini işlətməsi uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək apardığı lobbizmin nəticəsi, eyni zamanda, Türkiyəyə siyasi təzyiq vasitəsidir”.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqov deyib.
R. Qonaqov bildirib ki, uzun müddətdir ABŞ adminstrasiyasi və Konqresdə erməni lobbisinin təsirində və mailiyyə aslılığında olan çoxlu sayda rəsmi şəxslər var: “Qondarma “erməni soyqırımından” öz siyasi məqsədləri üçün istifadə edənlər, bu dəfə Türkiyənin regionda və dünyadakı nüfuzundan qorxaraq belə bir addım atılmasına nail oldular. Bu addım Türkiyəyə qarşı uğursuz təzyiq cəhdidir. Aydındır ki, hazırki vəziyyətdə 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanması və ərazi bütövlüyünü təmin etməsi, bu məsələdə Türkiyənin Azərbaycanın yanında olması ABŞ və ermənipərəst dairələri narahat edirdi. Türkiyənin milli maraqları əsasında müstəqil siyasətini həzm edə bilməyən ABŞ və ermənipərəst dairələr, eyni zamanda, Avrasiyada və xüsusilə Yaxın Şərqdə nüfuzu azalmaqda olan ABŞ-ın regionda milli maraqlarına zərbə vurdular. Sadəcə bu bəyanatın özü ABŞ-ı nüfuzdan salır. NATO ölkəsi olan Türkiyəyə indiki vaxtda bu cür təzyiq cəhdi uğursuzdur. Bunun heç bir nəticəsi olmayacaq”.
Politoloq qeyd edib ki, Baydenin “erməni soyqırımı” bəyanatından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla Azərbaycan ictimaiyyəti dərhal hərəkətə keçdi: “Prezidentimiz cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng etməsi və ABŞ prezidentinin mövqeyinin tarixi səhv adlandırması birliyimizin, sarsılmazlığının daha bir nümunəsidir.
Eləcə də ölkəmizdə bütün ictimaiyyət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ABŞ prezidentinin qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı yanlış mövqeyinə dair bəyanat yaydı. 48 siyasi partiyanın qısa bir müddətdə bəyanat imzalaması tarixi hadisədir. Türkiyə mənbələri də bunu xüsusi qeyd etdilər.
42 hökümət təşkilatları müxtəlif formatlarda bəyanat imzaladı, eyni zamanda, KİV-lər, sosial şəbəkə istifadəçiləri Türkiyə ilə həmrəy olduğumuzu qardaş ölkənin yanında olduğumuzu bildirərək Baydenin bəyanatını tarixin saxtalaşdırılması adlandırdı. Bu tarixi saxtalaşdırmalar regionda Azərbaycan və Türkiyənin artmaqda olan nüfuzuna zərbə vurmağa hədəflənmiş uğursuz cəhdlərdir”.
R. Qonaqov vurğulayıb ki, Türkiyə və Azərbaycan regionda yeni siyasi konfiqurasiya qurur. Görünən odur ki, bu əməkdaşlıq ABŞ prezidenti Co Baydeni ciddi narahat edir: “Lakin heç bir vasitə Azərbaycan və Türkiyənin regionda artan nüfuzuna xələl yetirməyəcək. Bəllidir ki, Amerika prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsinin hər hansı bir beynəlxalq hüquq aspekti yoxdur. Bu səbəblə biz Azərbaycan və Türkiyə, iki qardaş, regional ölkə kimi öz yolumuzda davam edəcəyik”.