Çərşənbə , 1 Yanvar 2025
Drone Cameras

Quru sərhədlərinin bağlı qalmasına görə Konstitusiya Məhkəməsinə şikayət ediləcək

“Hökumətin quru sərhədlərinin açılması istiqamətində niyyətinin olmadığı aşkar olur”

“Müdafiəçi” Hüquq Mərkəzi Azərbaycanda quru sərhədlərinin 4 ildən çoxdur bağlı saxlanılmasına görə Konstitusiya Məhkəməsinə şikayət edəcək.

Bu barədə hüquqşünas Səməd Rəhimli sosial media hesabında məlumat verib.

“Dörd ildən çoxdur ki, Azərbaycanın quru sərhədləri karantin rejimi bəhanəsi altında əsassız olaraq bağlanıb. Hökumət quru sərhədlərinin bağlanmasına dair qərarını növbəti dəfə uzatdı. Bəyanatlardan quru sərhədlərinin açılması istiqamətində niyyətlərinin olmadığı aşkar olur”.

Foto: Arqument.az

“Biz – “Müdafiəçi” Hüquq Mərkəzi olaraq 2023-cü ilin oktyabrında quru sərhədlərinin bağlı saxlanılmasına dair qərardan Konstitusiya Məhkəməsinə şikayət nümunəsi hazırlamağa başlamışdıq. Bizə edilən müraciətlər əsasında ilkin şikayətləri 2024-cü ilin aprel-may aylarında verməyi planlayırdıq. Lakin 2024-cü il martın 6-da tərkib hissəsi olduğumuz Demokratik Təşəbbüslər İnstitutuna qarşı başlanılan siyasi motivli cinayət işi və həmin iş nəticəsində üzləşdiyimiz məhdudiyyətlərə görə bu təşəbbüsümüz natamam qaldı”, – Səməd Rəhimli qeyd edib.

Bildirib ki, hazırda quru sərhədlərinin açılması üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair təşəbbüs bərpa edilib.

“Şikayət nümunəsini və doldurulma təlimatlarını bayram günlərindən dərhal sonra 2025-ci ilin yanvarında dərc edəcəyik. İctimaiyyəti quru sərhədlərinin açılması naminə bu təşəbbüsə qoşulmağa dəvət edirik. Gəlin, ölkənin quru sərhədlərinin absurd formada illərlə bağlı saxlanılmasına qarşı narazılığımızı sözdən əmələ keçirək”, – hüquqşünas yazıb.

Dekabrın 27-də Nazirlər Kabineti Azərbaycanda xüsusi karantin rejimini yenə də uzadıb.

Bu dəfə karantin 2025-ci il aprelin 1-i saat 06:00-dək uzadılıb.

Qərarın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verildiyi qeyd olunur.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.

Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib.

Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndirib.

İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib:

“Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Azərbaycanda daxili risklər yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir ki, təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”.

Check Also

Gürcüstanda bir qrup sakin iki azərbaycanlının ölümü ilə bağlı aksiya keçirib

Gürcüstanın Bolnisi rayonunun Naxiduri kəndində vəziyyət gərginləşib. “Report”un yerli bürosu xəbər verir ki, sakinlər iki …