Onun polisə silahlı müqavimət göstərdiyi deyilir, yaxınlarının isə hadisəyə münasibəti bəlli deyil
Qusar sakini, 30 yaşlı Alxas Şıxmətovun polislər tərəfindən qətlə yetirildiyi bildirilir.
Məlumata görə, hadisə dekabrın 16-da axşam saatlarında elə Qusar rayonunda baş verib.
Alxas Şıxmətovu polislərin güllələyib öldürdüyünü Daxili İşlər Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
Bu qurumun hadisə ilə bağlı məlumatında iddia olunur ki, Alxas Şıxmətov polisə silahlı müqavimət göstərib:
“Törətdiyi cinayət əməllərinə görə axtarışda olan şübhəli şəxs Qusar rayonunda saxlanılarkən odlu silahla polis əməkdaşlarına müqavimət göstərib. 30 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Alxas Şıxmətov polis əməkdaşları tərəfindən zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır”.
Son 4 ay ərzində çoxlu sayda belə hadisələr olub.
Bakının Sabunçu, Binəqədi, Suraxanı rayonlarında, Lerikdə çoxsaylı vətəndaşlar “polisə silahlı müqavimət” adıyla güllələnərək öldürülüb.
Sabunçu rayonu ərazisində iki gün ardıcıl şəkildə bənzər hadisələr baş verdi.
Bu hadisələrin təfərrüatları isə ictimaiyyətə məlum deyil.
Belə olan halda, qısa müddətdə polislərin bu qədər şəxsi “silahlı müqavimət” adı altında “zərərsizləşdirməsi” də bir sıra suallar doğurur.