Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Rəsmi Bakı səfirliyin açıqlamasına görə Vaşinqtonu qınadı

“”Namərdlik” geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə etməkdir”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin Azərbaycandakı səfirliyinə cavab verib.

XİN-nin mətbiat katibi Ayxan Hacızadə ABŞ-ni məsələlərə ikili standartlarla yanaşmaqda qınayıb:

“Özünü beynəlxalq səviyyədə insan hüquqlarının müdafiəçisi kimi qələmə verən və bir çox insan hüquqlarını heçə sayan ABŞ tərəfindən Azərbaycana qarşı əsassız iddialar ikili standartların bariz nümunəsidir”.

“Unutmayaq ki, əsl “namərdlik” ABŞ-nin “məşhur, dürüst və qərəzsiz” kimi təqdim edilən qurumları tərəfindən yalanın həqiqət kimi göstərilməsi və sırf geosiyasi məqsədlər üçün insan hüquqlarından bəhanə kimi istifadə olunmasıdır. Tənqid təzyiq kimi o zaman effektli ola bilər ki, tənqid edənin niyyəti saf, əxlaqı isə üstün olsun. Keçmişdəki səhvlərdən dərs çıxarmaq gələcək uğurlu addımlar üçün əsas şərtdir”, – Ayxan Hacızadə qeyd edib.

Dekabrın 19-da ABŞ-nin Azərbaycandakı Səfirliyi Azərbaycanda baş verən həbslərlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Hökumətin azad mediaya və vətəndaş cəmiyyətinə təzyiqləri ilə bağlı beynəlxalq tənqidlər bir səbəbdən irəli gəlir: hökumətin göstərdiyi təzyiqlər. 2023-cü ilin noyabrından bəri 30-dan çox jurnalist və blogerin həbs edilməsi artıq bir faktdır. Bunun səbəbini soruşmaq “namərdlik” sayılır? Yoxsa əsl “namərdlik” Azərbaycan ictimaiyyətini bu faktlardan yayındırmaq cəhdidir? Media Savadlılığı Həftəsi keçirilərkən, unutmayaq ki, müxtəlif məlumat mənbələrini araşdırmaq, gündəmdə olan iddiaları təhlil edib qiymətləndirmək və yanlış məlumatların təsirinə qarşı ayıq-sayıq olmaq vacibdir”.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-dən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında siyasi məhbus kimi tanınan 300-dən artıq şəxs var.

Check Also

Çin azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpasında Azərbaycanı dəstəkləməyə hazırdır

Çin Azərbaycana humanitar minatəmizləmə əməliyyatlarında yardım göstərməyə və azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli töhfə verməyə …