Cümə axşamı , 28 Noyabr 2024
Drone Cameras

Rəsmi Bakıdan Polşaya etiraz

Müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Rəsmi Bakı Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa Prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə, hələ də Ermənistanın işğalı altında olan Kərki kəndinə yaxın əraziyə səfər edərək Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz edib.

Bildirilir ki, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb.

“Bu təxribatın Azərbaycan-Polşa münasibətlərinə zidd olduğu, Azərbaycanın legitim təhlükəsizlik maraqlarına təsir edən bu kimi addımlardan çəkinməyin zəruri olduğu diqqətə çatdırılıb”, – deyə Azərbaycan XİN-in məlumatında vurğulanır.

Polşa Prezidenti Anjey Duda noyabrın 26-da Ermənistana səfər edib.

O, Yerevanda Baş nazir Nikol Paşinyan, Prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyanla görüşüb.

Bu, Polşa Prezidentinin son 13 ildə Ermənistana ilk səfəridir.

Dudanın noyabrın 27-də Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası ilə birgə patrulda iştirak etmək üçün Yerasxa səfər etdiyi bildirilir.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …