Cümə axşamı , 16 Yanvar 2025
Drone Cameras

Radikal siyasi şəbəkənin Azərbaycanın içində qurduqları planların əsas iflas səbəbləri…

img

Vüqar Qədirov: “Artıq Azərbaycanın belə şər maşını ilə mübarizə aparmaq kimi immuniteti formalaşıb”
Rauf Zeyni: “Bir saata yaxın söhbət etdik, saxlanma şəraitindən narazılıq etmədi”

 

Həbsdə olan bloger Mehman Hüseynovla bağlı məsələyə tam aydınlıq gətirildi. Bir neçə QHT rəhbəri onunla həbsxanada görüşüb, hətta fotoşəkil də çəkdirib paylaşıblar. Sosial şəbəkələrdə yayılan fotolardan görünür ki, M.Hüseynovun vəziyyəti qənaətbəxşdir.

Hətta onun azadlıqda çəkdirdiyi fotolarla müqayisə etdikdə M.Hüseynov daha gümrah görünür, əvvəlkinə nisbətən bir qədər də kilo alıb. Blogerin aclıq aksiyasını bir gündən sonra dayandırdığına dair rəsmi qurumların mövqeyi yayılmışdı. Sonra Mehmanın vəkili açıqlama verdi ki, müdafiə etdiyi şəxs qida qəbul edir. Amma, görünür, Mehmanın bu vəziyyətdə olması ölkənin daxilində süni ajiotaj yaratmağa cəhd edənləri qane etmirdi. Onlar, əksinə, guya Mehmanla bərabər aclıq saxladıqlarını deyirdilər. Hətta “aclıqla keçən” günlərin sayını 12-yə çatdırmışdılar. Bu süni kampaniyaçılığa xaricdən də dəstək verilirdi. Prosesə hətta bəzi tanınmış KİV-ləri də qatmışdılar. Ancaq nəticə göz qabağındadır. M.Hüseynovla bağlı yaradılan süni gərginlik nəticə vermədi. Daxildə və xaricdə olan şəbəkənin bu mövzu ətrafında süni ajiotaj yaratmaq cəhdi niyə alınmadı?

Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, deyilən dairələrin niyyətlərinin puç olması yalanı müdafiə etdikləri ilə bağlıdır: “Bilirsiniz ki, bəzi beynəlxalq təşkilatlar və media qurumlarından  Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Müstəqilliyimizdən sonra biz belə halların tez-tez şahidi olmuşuq. Hər dəfə Azərbaycanda mötəbər tədbirlər keçiriləndə həmin şəbəkə işə düşürdü. Şəbəkənin ölkə daxilində və xaricində fəaliyyət göstərən üzvləri var. Buradakıların ötürdükləri yalan informasiyalar onlar tərəfindən tirajlanırdı. Heç vaxt onlar istəklərinə nail ola bilməyiblər. Artıq Azərbaycanın belə şər maşını ilə mübarizə aparmaq kimi immuniteti formalaşıb. M.Hüseynov ali təhsili olmayan bir gəncdir. Arada fotolar və videolar çəkib internetdə paylaşırdı. Ona görə də onun adını bloger qoyublar. Amma beynəlxalq mediada onu jurnalist kimi müdafiə edirdilər. Cəza çəkdiyi yerdə rejim qaydalarını pozduğu üçün ona cinayət işi qaldırılıb. Ola bilər ki, Mehman elan olunan ittihama etiraz edib. Amma deyilən şəbəkə onun quru aclıq keçirdiyini iddia etməyə başladı. Rəsmi qurumlar həmin məlumatı təkzib etsələr də, Mehmanın adı ilə qrant almaq istəyənlər yalanın miqyasını daha da artırdı. Çünki sakitlik onların işinə yaramırdı. Bir neçə QHT rəhbərinin Mehmanla həbsxanada görüşüb fotolar çəkdirməsi bütün yalanlara  və şayiələrə son qoydu. Çünki Mehmanın görkəmi heç də həmin şəbəkənin iddia etdiyi vəziyyətdə deyildi. Məlum oldu ki, bir neçə gün ərzində onlar ictimaiyyəti aldadıblar”.

M.Hüseynovla həbsxanada ən son görüşən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, gənc blogerin vəziyyəti yaxşıdır: “Biz onunla görüşdük. Bizdən əvvəl o, atası və Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri ilə də görüşmüşdü. Bizimlə birgə paylaşılan fotolardan da görürsünüz ki, Mehmanın vəziyyəti çox gümrahdır. Bir saata yaxın söhbət etdik. Saxlanma şəraitindən narazılıq etmədi. Aclıq aksiyası keçirmədiyini də bildirdi. Yeganə narazılığı elan olunan yeni ittihamla bağlıdır. Bununla əlaqədar da onun hüquqlarının müdafiəsi üçün istənilən şəraitin yaradılacağına söz verildi. Bu istiqamətdə heç bir problem yoxdur”.

 

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir