Azərbaycanda saksofon ifaçılığından söhbət düşəndə ağla gələn ilk ad Rafiq Seyidzadə olur. O, sözün həqiqi mənasında dünya miqyaslı bir ifaçıdır. Caz musiqimizin veteranı olan Rafiq Seyidzadə bəstəkar Rauf Hacıyevin rəhbərlik etdiyi Azərbayacan Dövlət Estrada Orkestrində çalışıb. 1986-cı ildən 1998-ci ilə qədər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru olub. Daha sonra isə Azərbaycan Dostluq kinoteatrına rəhbərlik edib. İşlədiyi sonuncu məkan isə Milli Məclis olub. Xalq artisti, sevimli müğənnimiz Natavan Şeyxovanın həyat yoldaşıdır.
– Atam İrandan, anam isə Bakıdandır. 4 qardaş olmuşuq. Ailənin ən kiçiyi mən idim. Böyük qardaşım 95 yaşında keçən il rəhmətə getdi. Mən məktəbi rus dilində bitirmişəm. Atam düşünürdü ki, biz lazım olanda Rusiyada Azərbaycanı müdafiə etmək üçün rus dilini yaxşı bilməliyik. Mənim 78 yaşım olacaq.
– Demək, ailə üzvləriniz uzunömürlüdürlər…
– Bəli, bu, genetik bir şeydir. Həm də insan gərək həmişə xeyirxah olsun. Vəzifədə olanda öz işçilərimlə ədalətli davranmışam. Onların həyatın yaşamışam. Onların xeyir-duası sayəsində belə sağlamam. Həmçinin, çalışıram, ailədə çox zarafat edim, xoş ab-hava yaradım. Çünki hər dəfə günə yaxşı əhvalla başlayanda bütün ömür elə keçir.
– Gün demişkən, gününz necə keçir? Darıxmırsınız ki?
– Hərdən maşınla Natavan xanımı konservatoriyaya gətirirəm, yəni sürücülük edirəm (gülür). Artıq təqaüdə çıxmışam. 73 yaşıma qədər Milli Məclisdə çalışdım. 1998-ci ildə Flarmoniyadan ayrılandan sonra Milli Məclisdə katibliyin baş məsləhətçisi idim. Faktiki olaraq sədrin köməkçilərindən biri kimi çalışırdım. Ancaq 5 il bundan qabaq təqaüdə çıxdım. Orada yeganə adam idim ki, mənə “getmək vaxtıdır” deməyə utanırdılar (gülür). Özüm qərara gəldim ki, ayıbdır, yaxşı deyil və özüm dedim ki, getmək vaxtıdır.
– Bir az keçmişə boylanaq.Uşaqlığınız necə keçib?
– Dəcəl olmuşam. Allahın bəlası idim. Qonşular əlimdən zara gəlmişdilər. Dünyanı dağıdırdım. Uzun taxtaları ayağımıza bağlayıb, həyətdə o yana – bu yana qaçırdıq. Hündürlükdən qonşuların evinə baxırdıq. Qonşular onların evlərinə baxdığımızı görüb, “ay köpəy uşağı”,- deyə bizi söyürdülər (gülür).
– Bakının hansı hissəsində yaşayırdınız?
– “Poluxin” ilə Zərgər Palanın arsındakı Şors küçəsində yaşayırdım. Zərgər Palanında babamın 3 mərtəbəli mülkü var idi. İndi uşaqlar küçədə az oynayırlar. Onda küçənin də tərbiyəsi olduqca xeyirli idi. Çünki küçənin öz ab–havası, qanunları var idi. Məsələn, deyirdilər ki, ac ol, kişi ol. Yəni oğurluq etmə, pis iş görmə… Bizim bacımız yox idi, amma həyətin qızlarını bacı kimi qoruyurduq. Onlara sataşanı öldürərdik.
– Bu məhlədən o məhləyə davaya gedirdiniz?
– Dəhşətli davalar olurdu. Dədə-babalarımız da hərdən əllərinə taxta alıb, dalaşırdılar. Yuxarı məhlə qəmbərlik idi.Dava olan kimi qəmbər daşlarını götürüb, atırdıq. Başımın 3-4 yerində qəmbərlərin izi var…
Ayrı bir ab–hava idi!.. Kişi gərək kişiliyə meyilli olardı. İndi rənglərini dəyişirlər, maviləşirlər. Bu kateqoriyadan bir nəfər var idi, rastımıza çıxan kimi döyürdük. Onda belə şeylər gizli idi, indi isə açıq-aşkar biabırçılıqdır.
– Valideyinlərinizdən hansısa birinin musiqi duyumu var idimi?
– Anam çox gözəl oxuyurdu. Səsi Şövkət Ələkbərovanınkı kimi gözəl idi. Mənə səs ondan keçib. İstedadlı və musiqiyə həssas idim. 14-15 yaşımda Asəf Zeynallı adına musiqi məktəbinə daxil oldum. Orada Rəşid Behbudovun 5-6 mahnısını oxudum. Çox bəyəndilər. Elə ifa edirdim ki, qıraqdan kimsə qulaq assa, elə biləcəkdi Rəşidin özüdür.
– Musiqiyə meyillənməyinizə ailəniz necə yanaşırdı?
– Atam mülayim, çox gözəl təbiətli insan idi. Böyük qradaşım isə çox sərt adam idi. Dərsdən iki alanda və ya məktəbdə narazılıq olanda mənim mahnı dəftərimi cırırdı. Onu dünyada ən birinci düşmən hesab edirdim. Çünki ən müqəddəs nöqtəmə toxunurdu. (gülür)
Asəf Zeynallı adına musiqi məktəbində bizə dərs deyənlərdən biri də Üzeyir Hacıbəylinin yaxın qohumu Tamara Xəlilova idi. Gözəl pedaqoq olmaqla yanaşı, qayğıkeş, pozitiv insan idi. Vaqif Mustafazadə İlə eyni sinifdə oxuyurdum. Xor kapellasnın banisi Eduard Novruzov bizə musiqi ədəbiyyatından dərs deyirdi. Onun dərsində bir də görürdün, Vaqiflə sözümüz çəp gəlirdi, aramızda dava düşürdü. Bakının dəliqanlı uşaqları idik. Eduard müəllim çox ziyalı insan idi. Deyirdi, bu insanlar Azərbaycanın incəsənətini təbliğ edəcəklər, amma gör, nə edirlər…
“Tarqovı”nı bölmüşdük. Küçənin bir hissəsi mənim, bir hissəsi Vaqifin idi. Orada şuluq salan olmazdı. Nəzarət edirdik. O vaxt hələ televizor yox idi. Yalnız radioya qulaq asırdıq. Radioda nəsə veriləndə hamı diqqətlə dinləyirdi. Ona görə, bütün millət işdən gəlib, çörək yeyib, şəhərə çıxırdı. Hər axşam “Azərbaycan” kinotetrına, bulvara axın olurdu. Camaat bir-birinin ardınca elə gedirdi ki, sanki nümayiş idi. Biz cavanlar şəhəri gəzirdik, küçələrə nəzarət edirdik.
Vaqiflə mənim macəralarım çox olub. Bizi bir dəfə hətta musiqi məktəbindən qovmuşdular. İndiki prokurorluqla üzbəüz birmərtəbli binada bizim tədbir zalımız var idi. Partkomumuz dedi ki, orada gecəmiz olacaq, Vaqiflə sən də gəlib orada çalın. 4-5 musiqiçi gedib, gecədə iştirak etdik. Tədbirin yarısında bir də gördük, direktor Müdhət Əhmədov arxadan zalın qapısını açıb, içəri girdi. Evimiz yıxıldı. Bilirdik ki, onun cazla arası yoxdur. Məhz klassik musiqi olmalı idi. Səhəri gün qorxumuzdan heç yanına girmədik. Bir də gördük, elan yazılıb ki, qovulmuşuq. Düzdür, sonra bərpa olunduq.
Vaqif də, mən də müstəqil idik. Söz demək mümkün deyildi. Vaqif bizim orkestrdə uzun müddət işləyə bilmədi. Tofiq Əhmədovun orkestrində də az oldu. Çünki o, müstəqilliyi sevirdi. Öz qruplarını yaradırdı ki, hər şeyi özü tənzimləsin, qursun. Studiyada işləmək, ifalarını tarixə salmaq imkanı olurdu. Çox vaxtı da öz musiqisini həmin studiyada yazandan sonra müsabiqəyə göndərirdi. Qulaq asandan sonra demişdilər ki, möhtəşəmdir.
Məndə texnikaya güclü maraq olub. Ümumiyyətlə, bir çox sahələrə istedad var idi. 14 yaşım olanda qardaşımı əsgər apardılar. Onun qızıl saatı evdə qalmışdı. Dərsdən gəlirdim, saatı götürüb üzərində təcrübələr aparırdım. Hər gün bir detalını söküb-yığırdım. Bir aydan sonra peşəkar olmuşdum. Qədeşlər köhnə, işləməyən saatlarını yanıma gətirirdilər. Nələr eləmirdim… SSRİ-də satılan radiolarda Amerikanın və digər “burjua” radiolarının dalğasını tutmaq mükün deyildi. Bütün maraqlı radiostansiyalar 13-16-19 metrlik dalğada yayımlanırdı. Bizdə isə bu dalğalar qadağan idi. Ancaq mən 25 metrlik dalğaları tutan radionu elə quraşdırmışdım ki, digər diapazondakı dalğaları da tuturdu. 1955-ci ildə “Amerikanın səsi”ni bu yolla dinləyirdim. Hətta öz dostlarım üçün də bunu etmişdim. Gecələr musiqiyə qulaq asırdılar.
– 1961-ci ildə Eddi Rozner sizi öz orkestrinə dəvət etmişdi. Niyə Rusiyada qalıb işləmədiniz?
– Moskvada qalıb Eddi Roznerin orkestrində işləmək imkanım var idi. Rozner özü məni dəvət etmişdi. Ərizə də yazmışdım ki, yalnız qastrol səfəri bitdikdən sonra onun orkestrinə keçə bilərəm. Bununla bağlı xəbəri bəstəkar Rauf Hacıyev eşitmişdi. O da Moskvada idi. Məni qaldığı mehmanxanaya dəvət etdi. Dedi, eşitmişəm ki, Roznerin orkestrində qalmaq istəyirsən. Dedim, bəli, bir cazmen kimi inkişaf etmək istəyirəm. Dedi, orkestrdən getmə, qal, işlə. Gələcəkdə mən mədəniyyət naziri, sən də flarmoniyanın direktoru olacaqsan. Mənim o vaxt orta savadım var idi. Dedim, yəqin məni saxlamaqdan ötrü deyir. Hətta bunu təhqir kimi qəbul etmişdim. Ancaq iş elə gətirdi ki, onun dediyi kimi də oldu.
Raufla çox yaxın idik. 3 yaşına qədər gözünün görmədiyini ilk dəfə mənə danışmışdı. Bunu heç ailəsi də bilmirdi. Çox kişi adam idi. Heç vaxt hansısa bir yerə zəng edib demirdi ki, orkestr üçün nəsə yaz. Gözləyirdi ki, onu dəvət etsinlər. Onun bir qız nəvəsi də saksafonda çalır. Mənim övladlarım isə istedadlı olsalar da, musiqi ilə məşğul olmadılar. Qızım rejissorluğu bitirib, evdar qadındır. Oğlum Qırmızı Xaç Cəmiyyətində çalışır. Nəvələrimdən ən balacasının 5 yaşı var. Ona saksafonu öyrətmək istəyirəm.
– Flarmoniyada kimlərlə işləyirdiniz? Musqiçilərlə işləmək, onları idarə etmək çətin deyildi kİ?
– Mən işlədiyim zaman Flarmoniyada bədii şura var idi. Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mustafayev, Rauf Atakişiyev, Nazim Rzayev, Afaq Məlikova, Rauf Abdullayev, Süleyman Ələsgərov – bütün qaymaqlar ora yığışmışdılar. Yadıma bədii şuranın bir iclası düşdü. Bütün nəhəng musiqiçilər mənim kabinetimə yığışmışdı, mən onlara bir iş barəsində geniş izahat verdim. Alqışladılar. İclasın ortasında gördüm, Nazim Rzayev pəncərəni açdı, siqaret çəkməyə başladı. Tofiq Quliyev də bir gözlə mənə baxır ki, necə reaksiya olacaq, mən nə deyəcəyəm? Bir söz demədim. Nazimin dalınca Rauf Abdullayev pəncərənin yanına gedib, siqaret çəkdi. İclas qurtarandan sonra Nazimə dedim “maestro, siz qalın”. Ondan soruşdum ki, iclasın ortasında siqaret çəkmək lazım idimi? Bu söhbət gedib nazirliyə çatacaq ki, iclas gedə-gedə musqiçilər siqaret çəkir, direktora hörmət etmirlər. Çıxıb gedərəm, yerimə elə kobud adam gələr, deyərsiniz, haradasan, ay Rafiq?! Onunla da məsələ həll olundu. İclaslarımız yağ kimi getdi… (gülür)
– Mirzə Babayevlə bağlı yaxşı xatirələriniz olmalıdır…
– Mirzə Allahın bəlası idi. (gülür) Filarmoniyanın səhnəsində 1962-ci ildə uşaqlar üçün konsert veriridk. Deməli, Mirzə ilə səhnədəyik. O oxuyur, mən də saksofonda çalmağa hazırlaşıram. Ancaq nə qədər edirəm, saksofondan səs çıxmır. Bir də baxdım ki, kimsə saksofonun içinə qəzet soxub. Sonra bildim ki, bunu Mirzə edib. Dedim, ondan qisasımı alacağam. Növbəti dəfə o, “Düşürsən yadıma ”mahnısını oxuyanda istədim mikrofonu götürüb, “Düşürsən yadıma, Mirzə Montan, hər an, bağışla, qərdeşim, bağışla…” oxuyum. Mirzə bunu görüb, məndən qabaq tez mikrofonu götürüb, “Düşürsən yadıma, banlayanda quşlar”oxudu. Yəni ki, quşlama, yerini bil (gülür).
– Qastrollarda da başınıza əhvalatlar gəlməmiş olmaz…
– 1963-cü ildə Kislovodskda qastrol səfərində ermənilərlə orkestrin uşaqları arasında yaman dava düşümşüdü. Mənim də heç nədən xəbərim yox. Bir də gördüm, mehmanxanın qabağında qırğındır. Çölə çıxan kimi ermənilərdən biri arxadan üstümə atıldı. Çıxıb belimə, nə qədər edirəm, bunu rədd edə bimirəm. Bir də gördüm, həmin adam “vay mama”,- deyib, belimdən yerə düşdü. Sən demə, bizim səhnə maşinistimiz Elbrus bıçağı çıxarıb, həmin ermənin yumşaq yerindən vurubmuş. Mənə də dedi ki, Kəbleyi, çıx aradan! Sonra çox axtarırdılar ki, həmin ermənini kim vurub…
Yadıma bir əhvalat da düşdü. 1962-ci il idə biz Moskvda olarkən Benni Qudmanın Amerikadan orkestri gəlmişdi. Öz konsertimizi təxirə salıb, onun konsertinə getdik. İdman arenasında başımızın üstündəki lojada Xruşşov və Mikoyan əyləşmişdilər. Benni Qudman çalmağa başladı. Onun bir adəti var idi ki, çalanda arxasını çevirib, ayağını qaldırırdı. Bu dəfə də elə etdi. Arxası Xruşşova tərəf oturub çaldı. Xruşşov əvvəlcə baxıb gülürdü, xoşuna gəlirdi, ancaq Benni Qudmanın oturuşundan sonra sifəti döndü. Fasilə elan olunan kimi ayağa durub, çıxıb getdi.
Bir xatirəni də danışım… Flarmoniyada işləyəndə mənim kabinetimdə seyf var idi. Seyfin içində həmişə “Napoleon” konyakı olardı. Tofiq Quliyev də həmişə gəlib, o konyakdan özünə 100 qram süzüb, içərdi. Dalınca da ağzına bir qənd atardı. Bir dəfə də Heydər Əlyev qonağımız idi. Tofiq Quliyev mənə yaxınlaşdı ki, Kəbleyi, açarı ver. Dedim, aybdır axı, yeri deyil. Açarı götürdü, seyfi açdı, yüz qram süzüb, içdi. Keçdi qonağımız olan tərəfə. Heydər Əliyev dərhal məsələni sezdi, dedi, Tofiq, xeyir ola, deyəsən, kefin sazdır, heç bu kabinetdən əl çəkmək istəmirsən…