Çərşənbə axşamı , 11 Fevral 2025
Drone Cameras

Ramil Usubovun qardaşı oğlu kriptovalyuta işinə yatırdığı 1 milyonu hardan alıb?

Zeynal Usubov məhkəmədə deyib ki, pulu dostundan alıb

Nərimanov rayon prokurorunun müavini Zeynal Usubov kriptovalyuta işinə 945 min dollar pul yatırıb və aldadılıb. Bunu özü fevralın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində etiraf edib. O, zərərçəkmiş qismində ifadə verib.

Zeynal Usubov ötən il prokuror müavini vəzifəsindən azad edilib. Lakin özü də ifadəsində təsdiqləyib ki, 945 min dolları kriptovalyuta biznesinə yatırmaq üçün prokuror müavini işlədiyi dövrdə verib.

Zeynal Usubov keçmiş Daxili İşlər Naziri, hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun qardaşı oğludur. Onu aldadıb pulunu ələ keçirməkdə ittiham olunan Nizami Alışan isə AzTV-nin keçmiş rəhbəri Arif Alışanovun qardaşı oğludur.

Nizami Alışan hazırda həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. O, Zeynal Usubovla yanaşı, daha iki nəfəri – Babək Məmmədzadə və Yadigar İsrafilovu da investisiya fəaliyyətilə məşğul olan platformada kriptovalyuta alqı-satqısı adı ilə aldadıb, pullarını ələ keçirməkdə ittiham olunur.

Zərərçəkmişlərdən Babək Məmmədzadə “Aztelekom” MMC-nin keçmiş baş direktoru Məhəmməd Məmmədovun oğludur. Məhəmməd Məmmədov 2015-ci ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə birlikdə milyonlarla büdcə vəsaitinin yeyintisi ittihamı ilə həbs olunmuş, bir müddət sonra azadlığa buraxılmışdı.

Zeynal Usubovun məhkəmədə dediklərinə gəlincə, o bildirib ki, kriptovalyutadan başı çıxan birini axtarırdı, həmin ərəfədə – 2022-ci ildə internetdə Nizami Alışanla tanış olub. Dostu vasitəsilə də əmin olub ki, onun bu sahədə təcrübəsi var, bundan sonra ona güvənib:

“Mən hüquqşünasam. Məni nəyəsə inandırmaq çətindir. Özüm də təəccüblənirəm ki, bu adama necə inandım. Bir dostum dedi ki, o da bu adamı tanıyır, həqiqətən bu işlərdən anlayışı var. Əmin oldum. Mənə müxtəlif platformalardan görüntülər göstərirdi. Görünürdü ki, orada 11-12 milyon pul var. 2022-ci ilin may ayında 440 min dollar, 2023-cü ilin yanvarında isə 545 min dollar verdim. Cəmi 945 min dollar pul vermişəm. Mənə demişdi ki, bunun qarşılığında qazancım olacaq. 400 min dollara görə aylıq 7-8 min qazanc olmalıydı. Sonra məbləğ 945 min dollara qalxanda deyildi ki, 30 min olacaq”.

Zeynal Usubovun sözlərinə görə, Nizami Alışan ona verilmiş pulları “İnvest.az” saytına yerləşdirdiyini deyib. Bir müddət sonra isə pulları çıxarıb, hansısa Amerika saytına yerləşdirdiyini bildirib:

“Dedi ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ilə problemi yaranıb. Ona görə pulları çıxarıb, Amerikanın hansısa saytına yerləşdirib”.

Ramil Usubovun qardaşı oğlu deyir ki, 4-5 ay ərzində həqiqətən ayda 7-8 min dollar gəlir götürüb. Hətta son aylarda ona 30 min dollar bir, 15 min dollar da bir verib. Onun sözlərinə görə, həm verilən, həm də alınan məbləğlərin sübutları, səs yazıları, hətta şahidi də var.

Zeynal Usubov istintaqa ifadəsində isə ona 1 milyon 350 min dollar ziyan dəydiyini göstərib. Onun istintaqdakı ifadəsi elan olunanda rəqəmlər arasındakı ziddiyyətlərə aydınlıq gətirməsi istənilib. Keçmiş prokuror müavini məhkəmədə dediklərini təsdiqləyib, deyib ki, 945 min dollar pul verib, onu da geri istəyir.

Təqsirləndirilən Nizami Alışanın vəkili Zeynal Usubovdan soruşub ki, 945 min dolları hardan tapıb kriptovalyuta işinə yatırmışdı?. O, bu suala “dostumdan” cavabını verib.

Zeynal Usubovun atası Mütəllim Usubov vaxtilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Yasamal şöbəsinin rəisi olub.

Nizami Alışan ona 945 min dollar pul verilməsi və s. barədə qarşı tərəfin ifadəsində göstərdiklərinin heç birini qəbul etməyib. O, özü hələ ifadə vermədiyinə görə ətraflı münasibət bildirməsə də, ümumi şəkildə bildirib ki, Zeynal Usubovun dediklərilə razılaşmır.

Check Also

Jurnalistlərin Müdafiə Komitəsi Şahnaz Bəylərqızının həbsini pisləyib

CJP-nin illik həbs siyahısına görə, Azərbaycan 2024-cü ildə dünyada jurnalistləri ən çox həbs edən 10 …