Bazar , 24 Noyabr 2024
Drone Cameras

Ramiz Mehdiyevə qanunun sərt üzü göstərilirsə, sahibkarların pulunu mənimsəyən Zakir Fərəcov niyə məsuliyyətdən kənar qalmalıdır…

Artıq bir neçə gündür ki, ölkə gündəmini Prezident və ölkənin rəhbərliyinə qarşı təşkil edilən məmur sabotajı ilə bağlı mövzu  zəbt edib. Söhbət Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının indiki prezidenti  Ramiz Mehdiyevin pandemiya dönəminin tələblərinə məhəl qoymadan, öz nəvəsinə etdiyi toydan gedir. Məsələ burasındadır ki, Ramiz Mehdiyev bu sabotaj əməlini tək yox, başına topladığı bir qrup sabiq və hazırda vəzifə başında olan məmurlar, deputatlarla edib. Bu hadisəyə xalqın  çox ciddi  və əsaslı etirazı oldu. Ölkə rəhbərliyi və əlaqədar qurumlar da qanunun aliliyini rəhbər tutaraq həmin provakasiya əməlinin təşkilatçılarını sərt cəzalandırıb və bu istiqamətdə addımlar atmaqda davam edirlər. Ən maraqlısı  budur ki, həmin toyda kameralara tuş gələn məmur və deputatlar məsələyə ilkin münasibətlərində bunun normal hal olduğunu əsaslandırmağa çalışmış, hətta “düz edib iştirak etmişik”  kimi, açıqlamalar da verdilər. Bütün bu davranışlarda açıq harınlıq əlamətləri sezilirdi. Ancaq görülən tədbirlərdən hiss edilir ki, artıq ölkə başqa mərhələyə qədəm qoyub və hakimiyyətin hansısa qrupun, məmurun nazı ilə oynamaq  fikiri yoxdur.

Bu hadisədən bir neçə gün əvvəl isə daha bir icra başçısı həbs edildi. Kürdəmirin icra başçısı “gözü çıxmış qardaşlarından” ibrət dərsi götürməyərək, rayonu  bir müddət əvvəl həbs edilən icra başçıları kimi idarə edirmiş. Verilən rəsmi məlumatlardan görünür ki,  Ceyhun Cəfərova irəli sürülən ittihamlar və onun törətdiyi əməllər özündən əvvəl həbsə salınan  keçmiş həmkarları ilə tam eynilik təşkil edir. Bunun bir adı var, saymazlıq, harınlıq, qanunlardan çəkinməməmək.  Media üzərində aparılan monitorinqlərimiz göstərir ki,  fəaliyyətləri ilə hələ də xalqı narazı salan və öz əməllərində dönüş etmək fikiri olmayan icra başçıları var. Bunlardan biri də Zakir Fərəcovdur. Hansı saytı açırsan Zakir Fərəcovun bir qrup iş adamına borcunu ödəmədiyi haqda məlumatlar adamın gözünə girir.  Davamlı şəkildə işıqlandırılan bu materiallar bizim də diqqətimizi çəkdiyi üçün,  məsələnin mahiyyətinə varıb, problemin kökündə hansı amillərin durduğunu  və Zakir Fərəcova belə arxayın davranış üçün verilən əsasları araşdırmaq qərarına gəldik. Məsələnin kökündə bu durur ki, sayı 100-lərlə olan  sahibkarlar Sumqayıt şəhərinin abadlaşması ilə bağlı  görüdkləri işlərin pulunu hələ də icra başçısından ala bilmirlər. Ölkədə aparılan anti-korrupsiya əməliyyatları həmin sahibkarları yenidən fəallaşdırıb və onlar rəsmi qurumlara, mediaya etdikləri şikayət vasitəsilə öz haqqlarının bərpa  olmasını tələb edirlər.

Yenidən icra başçılarının həbsinin başlanması həmin sahibkarları bir daha media vasitəsilə ölkə  rəhbərliyinə  müraciət etməyə  sövq edib. Bəlli olur ki, Sumqayıtın  əsas giriş hissəsini yenidən quran, Xəzərin sahilində uzunluğu 4,2 km, sahəsi 106 hektar olan, əhalinin istirahəti üçün bütün lazımı şərait yaradılan və ən müasir standartlara cavab verən Dənizkənarı bulvarı ən qısa zamanda – 8 ay ərzində, 2016-cı ilin sentyabr ayında istismara təhvil verən 426 nəfər sahibkar və fəhlə üstündən təxminən 4 il keçməsinə bamayaraq hələ də qanuni ödənişlərini – təxminən 8 milyon manat pulu Zakir Həsənovdan ala bilmirlər. Marqlıdır ki, Zakir Fərəcov özünü haqlı çıxatmaq üçün öz müəvinlərinin birinin  imzası ilə İcra Hakimiyyəti adından bəzi rəsmi qurumlara  cavab məktubları göndərir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyevin Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOB) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənova rəsmi məktub vasitəsilə verdiyi cavabda bildirir ki, sahibkarlara gördükləri işin müqabilində lazımi vəsaitin hamısı ödənilib. Ancaq maraqlıdır ki, həmin məktubda pulun hansı bank vasitəsilə, hansı hesaba və kimə nə qədər köçürüldüyü ilə bağlı heç bir məlumat verilmir. İş adamları buna cavab olaraq, iddia edirlər ki, Zakir Fərəcov məsuliyyətdən yayınmaq üçün həmin prosesdən ümumiyyətlə məlumatı olmayan Sahib Quliyev kimi adamları qabağa verir.  Doğrudan da maraqlıdır: rəsmi qurum kimi, İcra Hakimiyyəti niyə  ödənilən pulun hansı bank hesabına köçürüldüyünə dair ortaya ciddi dəlil qoymur? Təəssüf  ki,  bu irada İcra Hakimiyyəti tərəfindən heç bir cavab verilməyib.

Bu yöndə aparılan araşdırmalarımız zamanı həm də onu müəyyən etdik ki, sən demə, Zakir Fərəcov bu prosesə öz yaxın qohumlarını da bulaşdırıbmış. Narazı sahibkarların  mediaya verdikləri məlumatlarda o da bildirilir ki,  Zakir Fərəcov həmin şikayətçilərlə dil tapmağı  bir müddət əvvəl Sumqayıt Şəhər Kommunal Təsərrüfat Birliyinin rəisi olan bacıoğlusu Məcidov Hüseyn Valeh oğluna həvalə edibmiş. Sitat:  “Zakir Fərəcov hara gedirsə, bacıoğlusunu özü ilə yanına aparır. Abşeronda işləyəndə həmin bu bicoğlu oradakı MİS-lərdən birinə rəhbərlik edirdi. Dəfələrlə bizimlə görüşüb vəd versə də, dayısının borcunu ödəməkdən yayınır. Biz anlamırıq, bizə olan borcu niyə Fərəcov yox, Hüseyn ödəməlidir? Çox xahiş edirik, bizim düşdüyümüz acınacaqlı durumu ölkə rəhbərliyinə çatdırasınız”.

Çox maraqlıdır, Zakir Fərəcov niyə başqa kadr tapmır ki, öz bacısı oğlunu özü ilə əvəzolunmaz kadr kimi gəzdirir? İkincisi, Məcidov Hüseyn kimdir ki, öz dayısının borcunu ödəmək üçün hərəkətə keçir? Bəyən dövlət idarəçiliyində qanunlar yox, qohumluq əlaqələri önə keçməyə başlayıb?

Məlum olur ki,  bu işdə Zalir Fərəcova yaxından dəstək verənlərdən biri də, Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil  Xudadatovdur. Bu adam haqqını tələb edən sahibkarlaı həbslə hədələyir.  Zakir Fərəcov və baş memar  güya   sahibkarların pulunu verdikləri  barədə yuxarılara  saxta hesabatlar  verirlər. İş burasındadır ki, özlərini haqlı çıxarmaq üçün bu cütlük bir dəfə həmin abadlıq işlərinin əsas icraçısı olan bir iş adamını məhbəsə saldıra bilib. Bunu əllərində digər sahibkarlara xox gəlmək üçün bir vasitəyə çeviriblər. Deməli, Zakir Fərəcov şəhərdəki abadlıq işlərini ölkə başçısına təhvil verəndən sonra, işin başında duran adamın həbsinə nail olub. Bütün bunlar onu deməyə əsas verir ki, daha çox pul mənimsəmək üçün, Sumqayıt İcra Hakimiyyəti istənilən qanunsuzluqlara gedib.

Bizi bu məsələ ilə bağlı təəccübləndirən hal, hələ də sahibkarların şikayətlərinə əncam çəkilməməsidir. Axı ölkə başçısı dəfələrlə çıxışlarında məmurlara xalqın xidmətçisi olmağa və ən əsası isə qudurmamağı tapşırıb. Bununla yanaşı, Prezident bütün çıxışlarında məmurlara sahibkarları incitməməyi, onların fəaliyyətinə şərait yaratmağı tapşırıb. Zakir Fərəcov ölkə rəhbərliyinin tapşırıqlarına bu şəkildəmi əməl edir? Əgər haqlıdırsa, niyə bir dəfə öz nümayəndəsini göndərib, KİV-lərdə həmin borclu sahibkarlarla debatda iştirak etmir ki, xalq kimin haqlı olduğuna özü qiymət versin.  Mediada Zakir Fərəcovun daima yüksək çinli məmurların adından istifadə etdiyinə və onun arxasının bərk olduğu ilə bağlı təsəvvür yaratmaqda mahir olması ilə əlaqələi də çoxlu materiallar tirajlanır. Ancaq bizim əldə etdiyimiz məlumatlara görə, Zakir Fərəcovun əsas himayədarları artıq vəzifə başında yoxdurlar, onun hazırda bu istiqamətdə etdikləri imitasiyadan başqa nəsə deyil.  Bildirilir ki, onun qoruyucu mələkləri qismində indiyə qədər Ramiz Mehdiyev və Əli Həsənov çıxış ediblər. Təsadüfi deyil ki, Əli Həsənovun medianı kurasiya etdiyi dönəmdə, Zakir Fərəcovla bağlı bütün tənqidi materiallar saytlardan bir zəng vasitəsilə sildirilirdi. Şikayətçi iş adamları bildirir ki, Zakir Fərəcovun xarici ölkələrə  birlikdə səfər etdiyi bir nömrəli adam Ramiz Mehdiyev olub: “Qoy müvafiq qurumlar bunu da araşdırsınlar görək, onları tez-tez birlikdə xaricə səfər etməyə vadar edən amil nə olub?”

İstənilən halda, sahibkarlar bu ölkənin iqtisadiyyatını inkişaf etdirən zümrədir. Hansısa bir məmurun öz cibini doldurması iştahı ilə 100-lərlə sahibkarın hüququnu bu şəkildə tapdaması olduqca acınacaqlı və arzuedilməzdir. Ümidvarıq ki, ölkədə aparılan anti-korrupsiya tədbirləri bu mövzudan da yan keçməyəcək. Yazı hazırlanərkən məlum oldu ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gəncə şəhərində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Elmar Vəliyevin icra başçısı olduğu dönəmdə Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş şəxslər – Məharət Mustafayev və Əli Rüstəmli saxlanılıblar.

Ümidvarıq ki, haqq- ədalət Sumqayıtda abadlıq işi aparan sahibkarların da məsələsində öz yerini tapacaq.

Böyükmillət.com

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …