Çeçenistan lideri Ramzan Kadırov Dağıstan sakinlərini iki muxtar respublika arasında inzibati sərhədə görə mövcud olan mübahisələrlə əlaqədar “təxribata uymamağa” çağırıb.
Mübahisə Dağıstanın Kizlyar rayonunun çıxışında yeni lövhənin peyda olması ilə yaranıb. Lövhədə “Çeçensitan Respublikası – Şelkovskoy Rayon” yazılıb. Bu ərazinin doğrudan da Çeçenistana aid olduğu məlumdur, amma əvvəllər burada heç bir yol lövhəsi olmayıb. İyunun 10-da sosial şəbəkələrdə qəzəbli videoşərhlər dərc ediləndən sonra bir qrup gənc bu lövhəni söküb.
Amma ertəsi gün uçurulmuş lövhənin yanında yüzədək etirazçı toplaşıb və Çeçenistan Parlamentinin spikeri Magomed Daudov bura çeçen OMON-unu gətirib. Kadırov lövhə barədə inrternetdə şərh yazan dağıstanlılara müraciət edib:
“Nəzərə alın ki, biz bir şərhi də elə belə ötürmürük. Biz şəxsiyyətin təhqirinə yol verə bilmərik. Öz şərhlərinizi yığışdırın. Bu şərhlərin üzərində bütöv bir qrup işləyir. Bizdə adətləri, ənənələri hələ ləğv etməyiblər. Ona görə də mənimçün öldürmək (əgər məni öldürmək istəsələr) elə də qorxulu deyil. Amma əgər siz mənim qanımı, nəslimi, ailəmi, xalqımı təhqir edirsinizə bu başqa məsələdir. Ona görə də dilinizi, əlinizi dinc qoyun. Yoxsa barmaqlarınızı sındırar, dillərinizi qopararıq. Biz bircə təxribatlı şərhi və ya videonu da diqqətsiz qoymayacağıq”.
Çeçenistanın İnquşetiya iddiaları
2018-ci ilin yayında məlum olmuşdu ki, Çeçenistan qonşu İnquşetiyanın Sunjen rayonundakı bəzi ərazilərə iddia edir. Bu ərazilərdə bir neçə inquş tayfasının qala və ailə məzarlıqları yerləşir. İnquşetiyada həyəcanları coşduran bir də bu olmuşdu ki, Çeçenistanın hakimiyyət orqanları bu yerlərə yol çəkməyə başlamışdılar.
Yol-tikinti işləri silahlı adamların mühafizəsi ilə aparılırdı. Onlar yerli adamları tikinti ərazisinə buraxmırdılar.
Bu hərəkətdən hiddətlənmiş inquş fəallar öz regionlarının rəhbərliyinə şikayət etmişdilər.
Sentyabrın sonlarında Çeçenistan və İnquşetiyanın liderləri – Ramzan Kadyrov və Yunusbek Yevkurov iki respublika arasında “bərabər dəyərli” ərazilərin dəyişdirilməsi barədə saziş imzalamışdılar.
Lakin İnquşetiya fəalları bu sazişin inquşlara münasibətdə ədalətli olmadığını bildirilər.
Bundan sonra Rusiya Konstitusiya Məhkəməsi sözü gedən sazişi tanımış və beləliklə inquşları ərazi dəyiş-düyüşü barədə referendum keçirmək imkanından məhrum etmişdi.
Bununla yanaşı torpaq məsələlərinin onun sakinləri yox, regionların rəhbərləri tərəfindən müəyyən edilməsini təsbit edən qanun qəbul olunmuşdu. Bu, Maqasda və İnquşetiyanın bir sıra başqa şəhərlərində kütləvi etiraz aksiyalarına səbəb olmuşdu. Bu etirazlar bir neçə ay davam etmişdi.
Dağıstan fəalları Kizlyar rayonunun bəzi sahələrinin Çeçenistana verilməsinə görə Dağıstan hökuməti rəhbərinin əvəzi Artem Zdunovu və Dağıstan Xalq Məclisinin sədri Khizri Shikhsaidov-u ittiham edirlər.
Dağıstan və Çeçenistan arasında mübahisə nəyin üstündədir?
2019-cu il, fevralın 7-də məlum olmuşdu ki, Çeçenistan Dağıstanın Gumbetovski rayonunun Mexelta kəndi yaxınlığındakı bir sıra ərazilərə iddialıdır.
Tarixçi və Dağıstanla Çeçenistan arasında sərhədlərin razılaşdırılması üzrə ictimai komissiyanın sədri Shakhban Khapizov-un verdiyi məlumata görə sözü gedən sahə Çeçenistana martın 16-da “verilib”.
Fevralın 13-də Botlix rayonu Ansaltı kəndinin, habelə Tsumadinsk rayonunun Qakko kəndinin sakinləri Çeçenistanla sərhəddə mübahisəli ərazilərin olduğunu bildirmişdilər.
Martın sonlarında məlum olmuşdu ki, Çeçenistanın hakimiyyət orqanları Kizlyar rayonundakı Novomonastrsk kəndinin mübahisəli ərazisini heç bir razılaşma olmadan öz torpaq reyestrlərinə daxil edib.
Aprelin 2-də Dağıstanın Xalq Məclisi “sərhədlərin birtərəfli qaydada müəyyənləşdirilməsinin yolverilməzliyinə” dair müraciət qəbul etmişdi. Lakin heç bir sutka keçmədən həmin müraciəti məclisin saytından silmişdilər.