Rusiyanın “Z” ordusu 50 gündür ki, Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibəni davam etdirir. Bu münaqişənin başlama səbəbləri müxtəlifdir: NATO-nun şərqə doğru genişlənmək planı, Ukraynanın alyansa üzvlük niyyəti, Rusiyanın xəbərdarlıqları, Putin hakimiyyətinin bu ölkədə neonasistlərin olduğunu söyləməsi və denasifikasiya, demilitarizasiya əməliyyatları apardığını deməsi və s.
Reallıq budur ki, müharibənin hələ ki qalibi yoxdur, şəhərlər dağılıb, minlərlə insan həyatını itirib, yüzlərlə uşaq ölüb, humanitar fəlakət yaşanır, Buçada dəhşətli hərbi cinayətlər baş verib, Mariupol, Xerson, Xarkov, Jitomir və bir çox bölgələrdə faciə yaşanmaqdadır, Rusiya da həm döyüşlərdə itki verir, həm iqtisadiyyatına ağır sanksiyalar tətbiq olunur. Bəs Azərbaycan kommunistləri bu münaqişənin günahını kimdə görür, həlli yolu nədədir?
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov “Yeni Müsavat”a müsahibəsində Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikirlərini bölüşüb. R.Qurbanov azərbaycanlı kommunistlərin bu hadisələrdə hansı tərəfin addımlarını doğru saydıqlarını açıqlayıb:
– Rauf müəllim, Ukraynada gedən müharibə ilə bağlı kommunistlər kimin tərəfindədir?
– Azərbaycan kommunistləri Ukraynada Rusiyanın apardığı “xüsusi əməliyyatı” faşist elementlərinə qarşı hərbi əməliyyat kimi dəyərləndirir. Düşünürəm ki, Rusiya bu istiqamətdə nəticə etibarı ilə niyyətinə çatacaq. Ondan sonra Ukrayna xalqı əmin-amanlıq içində yaşayacaq. Çünki Ukraynada faşizmin elementləri mövcuddur: onlar 1941-1945-də faşizmə qarşı döyüşmüş ukraynalı qəhrəmanların abidələrini söküblər, kommunist təşkilatların fəaliyyətini dayandırıblar, Bender kimi faşistlərə küçələrinin adlarını veriblər. Həmçinin onlarda faşistlərə xas salamlaşma, emblemlər var, “Azov” alayının simvolları faşizmdir. Yəni onların yanaşması belədir ki, bizdən deyilsənsə, düşmənsən. Bu da faşizmdir. Daha hansı səbəb lazımdır ki, Ukrayna hakimiyyətində faşizmi əks etdirməsin? Səhnədən siyasətə gələn küçə uşağı kimdir ki, partiyaların fəaliyyətini dayandırıb?
– Almaniyada və başqa ölkələrdə də radikal sağçılar var, o deməkdir ki, harada millətçilər mövcuddursa, Rusiya ora hərbi müdaxilə etməlidir?
– Əvvəla, Qərb ölkələri Ukraynada faşizm elementlərinə göz yummalı deyildilər. Dünya bununla mübarizə aparmalıdır. Amma onların əvəzindən Rusiya bunun qarşısını almaqdadır. Məsələn, Ermənistanda da faşizm əlamətləri var, Qaregin Nijdenin abidəsi qoyulub, Rusiya buna etiraz edir, hətta Moskvada onun haqda filmin nümayişinə icazə verilmədi. Rusiyanın hərbi əməliyyatlarına gəldik, NATO qüvvələri İraq və keçmiş Yuqoslaviyaya hücum edəndə heç onlarda faşizm yox idi, amma buna etiraz edən olmadı. Bu, Amerikanın özbaşınalığı idi. Təbii ki, hər bir ölkədə sağ radikallar ola bilər. Ukraynada fərq ondan ibarətdir ki, onlar faşist elementlərini istifadə edirlər. Avropanın heç bir radikal sağ təşkilatında faşist salamlaşması yoxdur. Təəssüf ki, bizim mediada Ukraynaya bu boyda dəstək və kortəbii məhəbbət var. Mənə maraqlıdır, bu məhəbbət haradandır? Onlar Amerikanın Yuqoslaviyanı və İraqı bombalamasına heç belə etiraz etməmişdilər. İraq yerlə-yeksan olundu, bu qədər etiraz görmədik. İndi Rusiyaya gələndə nə oldu? Ona görə biz bu münaqişədə Ukraynanın dinc, zəhmətkeş insanlarının yanındayıq. Çünki orada faşistlər dinc əhalidən istifadə edirlər.
– Neonasistlərə qarşı mübarizədirsə, yaşayış binaları, mülki məntəqələr niyə bombalanır?
– Mən bir daha deyirəm ki, orada faşistlər mülki əhalidən istifadə edirlər. Siz diqqətlə baxıb görə bilərsiniz ki, Mariupol və digər şəhərlərdə binaların pəncərələri dağılıb, əgər raket düşsəydi, tamamilə yox olardı. Necə ki NATO Yuqoslaviyada bunu eləmişdi. Amma Ukraynada “Azostal” zavodunda faşistlər məskunlaşıblar, diversiya ilə məşğuldurlar, hətta qadın paltarında bunu edənlər var. Odur ki, bu hadisələrlə bağlı dezinfomasiyalar çoxdur. Əgər Zelenskinin xalqına ürəyi yanırsa, dərhal danışıqlar masasına otursun. Onun siyasi səhvləri ucbatından ölkə bu günə düşüb, Donetsk itirilib, böyük bir ərazi əlindən çıxıb. Görəsən, Zelenski hakimiyyəti hansı resurslarla belə arxayın olub müharibə aparırdı? Və sonda bir faktı deyim, Qazaxıstanda hadisələr olanda əksəriyyət deyirdi ki, KTMT qoşunları bu ölkəni işğal etməyə gəlib, oradan çıxmayacaqlar. Amma iğtişaşlar yatırıldı, dövlət hər şeyə nəzarət edə bildi, ondan sonra rus qoşunları çıxıb getdilər. Ukraynada da “xüsusi əməliyyat” nəticəsində faşizm elementləri yox edildikdən, Zelenski hakimiyyəti kapitulyasiyaya imza atdıqdan, denasifikasiyadan sonra rus ordusu oradan çıxacaq.