Cümə , 19 Aprel 2024
Drone Cameras

“Relaks” sübut etdi – nə qədər ki, iri biznesin arxasında məmur, deputat əli var…

Lerikdəki “Relaks” istirahət mərkəzində baş verən insidentlə bağlı məlumatlar ətrafında müzakirələr davam etməkdədir. Üç dövlət qurumunun yaydığı məlumatdan sonra məlum oldu ki, həmin obyektdə baş verən hadisəyə görə millət vəkili İqbal Məmmədovun oğlu və yaxın qohumları həbs edilib. Uzun müddətdir mediada “Relaks”ın məhz İqbal Məmmədova məxsus olması ilə bağlı xəbərlər dolaşırdı. Düzdür, İqbal Məmmədov verdiyi müsahibədə “obyektin” ona aid olmadığını desə də, hadisələrə bildirdiyi münasibətdə “Relaks”a birbaşa və ya dolayısı ilə aidiyyəti olduğunu təsdiqləyib.

Yayılan rəsmi məlumatda olan bir məqam xüsusilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilir ki, son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına baxmayaraq, Vergilər Nazirliyi vergidən yayınma ehtimalı yüksək olan hallarda vergi nəzarəti tədbirləri həyata keçirir: “Növbəti belə tədbirin Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində cari il avqustun 16-da keçirilməsi planlaşdırılıb. Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidən yayınma məqsədilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.

İstirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidən yayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.

Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib”.

Yayılan rəsmi məlumatdan bəlli olur ki, ötən il ərzində “Relaks” dövlət büdcəsinə cəmi 10 min 726 manat vergi ödəyib. Bu rəqəmin özü sözügedən qurumda vergidən yayınmanın olduğu barədə ilkin və aydın təsəvvür yaratmış olur. Necə ola bilir ki, sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinin müqabilində istirahət mərkəzi bir il üçün cəmi 10 min manat vergi ödəyib? Bizim söhbət etdiyimiz peşəkar iqtisadçılar bildirirlər ki, belə halın olması mümkün deyil. Onların sözlərinə görə, istirahət mərkəzi kifayət qədər geniş ərazini əhatə edirsə, orada xidməti personalın da sayı kifayət qədərdir. 100-lərlə işçisi olan bir istirahət mərkəzinin əməkhaqqından vergi tutulmaları elə həmin məbləğ qədər ola bilər. Onda belə çıxır ki, istirahət mərkəzi ziyanla işləyib? Belədirsə, niyə fəaliyyətlərini davam etdiriblər? “Beş ulduz” mərkəz kimi fəaliyyət göstərən “Relaks”dakı qiymətlərdən hamı xəbərdardır. İl ərzində isə orada boş yer tapmaq müşkül məsələdir. Deməli, qazanc var, özü də necə lazımdır. Sadəcə, “obyektin”  bölgənin deputatı olan İqbal Məmmədova birbaşa, yənə sənədlə aidiyyəti olmasa da, dolayısı ilə aidiyyətinin olması belə vəziyyəti yaratmış olub. Məhz bu amil, yəni arxayınçılıq və qanunları pozmağın fonunda cəzasız qala bilmək arxayınçılığı həmin qurumda çalışanları vergidən yayınmaya vadar edib. Hadisədən yayılan videodan aydın görünür ki, işçilərə vergi işçilərinin  orada yoxlama aparmaq istəyi çox qəribə gəlir. Sanki onların “obyekt”inə kimlərinsə basqın etdiyi təəssüratı yaranmış olur. Buna görə də vergi işçilərinin üstünə hücum çəkirlər. Ancaq kimliyindən asılı olmayaraq, hər kəs bilməlidir ki, vergi ödənişləri əsasında bizim dövlət büdcəmiz formalaşır. Vergidən yayınmaq dövləti aldatmaq anlamına gəlir. Təəssüflər olsun ki, əksər hallarda məmur və deputatların nəzarəti altında olan obyektlərdə məqsədli şəkildə vergidən yayınma cəhdlərinə rast gəlinir. Bunun da ən böyük ziyanı Azərbaycan dövlətinə və onun vətəndaşına dəymiş olur.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …