Cümə , 22 Noyabr 2024
Drone Cameras

Rusiya Azərbaycana partlayıcı qurğular üzrə texniki kadrların hazırlığının bərpasını təklif edib

Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov Baş nazir Əli Əsədov ilə görüşdə partlayıcı qurğular üzrə texniki kadrların hazırlanmasının bərpasını təklif edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya FHN mətbuat xidməti məlumat yayıb.

“Rusiya FHN rəhbəri minatəmizləmə üzrə azərbaycanlı mütəxəssislərin hazırlanması üzrə əməkdaşlığı bərpa etməyə hazır olduğunu bildirib. Belə ki, 2021-ci ildə Rusiya FHN mütəxəssisləri 114 azərbaycanlı pirotexnikə təlim keçiblər. Rusiya FHN bu təcrübəni bərpa etməyə hazırdır”, – qurumdan bildirilib.

Bundan əvvəl Rusiya FHN humanitar yardım çərçivəsində Qarabağda 728 hektardan çox ərazidə iş aparıb, 17,6 mindən çox partlayıcı obyekti zərərsizləşdirib.

Həmçinin koronavirus pandemiyasına qədər ardıcıl üç il keçirilmiş “Xəzər” təlimlərinin bərpası da təklif olunub.

“Bu cür təlimlər ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir və bütün Xəzər regionu üçün böyük əhəmiyyət kəsb edir. Rusiya və Azərbaycanın Fövqəladə Hallar nazirlikləri Xəzər dənizində iki aparıcı FHN olaraq onların təşkilində əsas rol oynamalıdır”, – mətbuat xidməti Kurenkovdan sitat gətirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …