Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Rusiyada azərbaycanlılara qarşı polis zorakılığına etiraz: Azərbaycanda rus mədəniyyət tədbirləri ləğv edildi

Bu qərar təşkilatçısı Emin Ağalarovun olduğu “Dream Fest”ə də təsir edib

Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq mühafizə orqanlarının azərbaycanlı ailələrin evlərinə basqın etməsi və nəticədə iki nəfər azərbaycanlının işgəncəyə məruz qalaraq öldürülməsindən sonra Azərbaycan hökuməti etiraz olaraq Rusiyadan gələn bütün mədəniyyət tədbirlərini dayandırmaq qərarı verib.

Mədəniyyət Nazirliyindən verilən rəsmi açıqlamada bildirilib ki, son dövrlərdə Rusiya hüquq-mühafizə orqanları tərəfindən etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı məqsədli və mühakiməsiz zorakılıq və qətl hallarının artması fonunda, dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan bütün rus mədəniyyət tədbirləri — konsertlər, festivallar, tamaşalar, sərgilər və digər proqramlar ləğv edilir.

Nazirlik qeyd edib ki, bilet almış vətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn platformalara müraciət edə bilərlər.

Bu qərar Azərbaycanın ən böyük yay musiqi festivallarından biri olan “Dream Fest”ə də təsir edib. Festivalın təşkilatçısı, Azərbaycanın xalq artisti Emin Ağalarov bildirib ki, iyulun 23-dən 26-dək “Sea Breeze”də baş tutacaq “Dream Fest”in proqramında dəyişiklik ediləcək.

Xüsusilə, festivalın ikinci və dördüncü günlərində səhnəyə çıxmalı olan ifaçılarla bağlı məsələyə yenidən baxılır və yaxın vaxtlarda yeni sənətçilərin adları açıqlanacaq.

“Dream Fest”də bu il 50-yə yaxın müğənninin iştirakı planlaşdırılırdı. Onların təxminən 20-i Rusiyadan olan məşhur ifaçılar idi.

Festivalda rusiyalı müğənnilərin geniş təmsil olunacağı gözlənilsə də, Mədəniyyət Nazirliyinin qərarından sonra onların çıxışlarının ləğvi gündəmə gəlib və proqramda ciddi dəyişikliklər aparılır.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …