Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Rusiyadan kimlərin hansı yolla Ermənistana silah daşıdığı tam aydındır, aydın olmayan Rusiyanın rəsmi mövqeyidir – Prezidentin dəmir məntiqi…

Arzuxan Əlizadə: “Rusiya özünü hüquqi dövlət hesab edirsə, o zaman dərhal bütün bunlarla bağlı ölçü götürməlidir”

“Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir”. Bunu Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib.

Sözügedən məsələ ilə bağlı dövlət başçısı qeyd edib ki, bizdə bu barədə məlumatlar var: “Uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır”.

Prezident onu da qeyd edib ki, həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir: “Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən, bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsulu ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necə ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır”.

Göründüyü kimi, Ermənistana qanunsuz silah daşınmasını fiziki şəxslər həyata keçirirlər. Bəs Rusiya hökuməti bu faktın qarşısında nə etməlidir?

  • “Siyasi iradə olmadığı üçün, qanunsuz silah qaçaqmalçılığı davam edir”

Məsələyə münasibət bildirən AMİP sədri Arzuxan Əlizadənin sözlərinə görə, Rusiya özünü hüquqi dövlət hesab edirsə, o zaman dərhal bütün bunlarla bağlı ölçü götürməlidir: “Çünki hər şey, bütün faktlar ortadadır. Sadəcə, qalır bununla bağlı müvafiq addımların atılması. İstənilən özünə və beynəlxalq hüquqa hörmət edən ölkə bu kimi məsələlərlə bağlı ölçü götürür. Çünki fiziki şəxslərin bununla məşğul olması cinayətdir. Nəzərə almaq lazımdır ki, bütün bunlar məhz Rusiya üzərindən həyata keçirilir. Ancaq təəssüflər olsun ki, nə Rusiya rəsmiləri bununla bağlı mövqe ortaya qoyur, nə də bunun qarşısını almaqla bağlı müvafiq addımlar atırlar. Proses bu gün də davam edir. Çünki sözügedən məsələ ilə bağlı ortada siyasi iradə yoxdur. Siyasi iradə olmadığı üçün, qanunsuz silah qaçaqmalçılığı davam edir. Yoxsa, bunların qarşısını almaq elə də çətin bir iş deyil. Özü də Rusiya kimi bir ölkə üçün”.

Partiya sədri hesab edir ki, Rusiya bununla bağlı rəsmi mövqe ortaya qoymadıqca, Ermənistana qanunsuz silah daşınması davam edəcək.

Vidadi ORDAHALLI

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …