“Çox intensiv danışıqlar gedirdi. Ümidimiz var idi ki, Kazan formulu əsasında yayda və ya payızda razılaşma əldə edə bilərik, ilin sonunda isə məcburi köçkünlər doğma evlərinə qayıda bilər. Lakin alınmadı”.
APA-nın məlumatına görə, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.
“Fikrimcə, bunun əsas səbəbi odur ki, Ermənistan rəhbərliyi özündən əmin deyil və qorxur ki, güzəştə görə onu devirərlər. Axı onlar ətraf rayonları Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının qarşılığında qaytarmağı düşünürlər. Ermənistan rəhbərliyinin zəifliyi və bu kompromisə getməməsi bu danışıqları dayandırıb. İndi biz düşünməliyik və yol tapmalıyıq ki, yenidən danışıqlara necə başlayaq. Yoxsa hansısa hərbi toqquşma baş verə bilər. Danışıqlarda heç bir irəliləyiş olmasa, təəssüf ki, hərbi qarşıdurma yenidən gündəmə gələ bilər”, – deyə o vurğulayıb.
S. Markov qeyd edib ki, Rusiya həm Azərbaycanla, həm də Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığı davam etdirəcək. “İstəyirik ki, Azərbaycan və Ermənistan öz müdafiəsindən əmin olsun, eyni zamanda hesab edirik ki, mütləq kompromisə getmək lazımdır. Dağlıq Qarabağ münaqişəsini indiki vəziyyətdə saxlamaq olmaz”.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.