“Dünyanın müxtəlif regionlarında separatizmi açıq şəkildə dəstəkləyən Fransa öz dəniz hüdudlarından kənar ərazilərinə nəinki müstəqillik və muxtariyyət, hətta milli azlıqların mədəni hüquqlarını da ən məhdud formada həyata keçirməyə imkan vermir”.
Boyukmillet.com xəbər verir ki, bunu Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə Bakıda keçirilən “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” mövzusunda QHT-lərin təşəbbüsü ilə keçirilən ictimai müzakirədə deyib.
Təşkilat sədri bildirib ki, Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti tətbiq edir:
“Tarixən Fransa korsikalıları fransız dilində danışmağa məcbur edib və onların dialektlərinin geniş rəsmi istifadəsini qadağan edib. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə, Fransa tərəf olduğu aşağıdakı beynəlxalq sənədlərin tələblərini, yəni üzərinə götürdüyü öhdəlikləri pozub. Bu sənədlər arasında 1789-cu il böyük Fransız İnqilabının ən mühüm sənədi olan və fərdi insan hüquqlarını müəyyən edən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi var. Bastia məhkəməsinin son qərarı, eləcə də, Fransanın korsikalılara qarşı ayrı-seçkilik siyasəti ilk növbədə Bəyannamənin 11-ci maddəsinin pozulmasıdır”.
“Korsikada insanların hüquqlarını məhdudlaşdırmağa və ləğv etməyə yönəlmiş təzyiq, hədə-qorxu, iqtisadi təsir mexanizmləri, zorakılıq, həbslər və qətllər bir sıra tanınmış beynəlxalq konvensiyalara, beynəlxalq adət-ənənələrə və beynəlxalq insan hüquqlarına açıq şəkildə ziddir. Xarici ərazilərdə azlıqların hüquq və azadlıqlarının pozulması, eləcə də Fransa hökumətinin həyata keçirdiyi müstəmləkəçilik və assimilyasiya siyasəti beynəlxalq hüquqa hörmət edən beynəlxalq ictimaiyyət tərəfindən daha sərt və israrla pislənməlidir” – O.Qəhrəmanzadə qeyd edib.