Cümə , 22 Noyabr 2024
Drone Cameras

Səfir: “Bir sıra məmurlarımız hələlik Rusiya sülhməramlılarını tərifləməklə məşğuldurlar” — MÜSAHİBƏ

Azər Xudiyev: “Bir ölkə öz ərazisində suverenliyi təmin edibsə, sülhməramlı nəyə lazımdır?”

Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analtiki, səfir Azər Xudiyevin “Demokrat.az” xəbər portalına müsahibəsi:

— Azər bəy, Rusiyada müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz aksiyaları davam edir. Bu proseslərin yaxın illər üçün Rusiyada sonunu necə görürsünüz? 

— Bilirsiniz, tarixdən belə bir deyim var: Rusiya ağılla idarə edilmir. Ağılla idarə edilməyən bir ölkə ilə bağlı elmi proqnozlar vermək, məncə çətin məsələdir. Lakin bir geosiyasi, siyasi və ideoloji reallıq da var. Bu baxımdan Navalnı fenomeni mənə təsadüfi görünmür. 

Məncə, uzun müddətdir ki, sabit olan Rusiyada bu cür silkələnmənin meydana gəlməsinin dərin səbəbləri olmalıdır. Həmin səbəblər prizmasından baxanda Rusiyanın çoxlu sayda şəhərlərində minlərlə insanın etiraza qalxması iqtidarın legitimliyi məsələsini aktuallaşdıra bilər.

Ümumilikdə götürsək, bu cür şərtlər qalsa, yaxın illərdə Rusiyada sabitliyin hökm sürəcəyinə ciddi şübhələr yaranır. Lakin nəzərə alaq ki, Rusiya güclü dövlətdir və güclü xəfiyyə sistemi var, hadisələrin hansı istiqamətdə gedəcəyini indidən təxmin etmək çox çətin olar. Prosesləri izləmək lazımdır. Yəni, “hər şey ola bilər” tezisini xatırlayırıq. Və bütün “bu hər şey ola bilənlər” heç nəyin olamamasına da xidmət edə bilər. Yaxud əksinə, Rusiyada ciddi dəyişiklikləri müşahidə edə bilərik.

“Əgər mövcud Rusiya rejimi bu etirazlara qeyri-demokratik reaksiya verməkdə davam etsə, o zaman bu etirazlar ölkədə daha böyük siyasi dəyişikliklərə gətirə bilər”

— Bu ümumi siyasi proqnozları qəbul etməklə yanaşı sizcə, konkret bu günün reallıqları çərçivəsində Putinin hakimiyyətini itirməsi bu il baş verə bilərmi? Buna zəmin yaradan səbəblər mövcuddurmu?

— Sizin sualınız daha konkret faktorlar prizmasında baş verənlərə yanaşma tələb edir. Burada ilk növbədə Rusiyada son illər yaranmış ağır sosial-iqtisadi vəziyyəti demək gərəkdir. İndi cərəyan edən siyasi proseslərin mahiyyətinə bu məqam ciddi təsir edir. 

O cümlədən, Aleksey Navalnı tərəfindən ardıcıl olaraq ifşa edilən Kreml rejiminin böyük korrupsiya işləri göstərir ki, iqtidar “təmiz” deyil. Bu da təbii olaraq milyonlarla Rusiya vətəndaşının, vergi ödəyicisinin etirazına səbəb olur. 

Bundan başqa, təcrübə onu göstərir ki, həmin etirazlara Aleksey Navalnı tərəfindən Rusiya prezidenti Vladimir Putinlə bağlı hazırlanmış və onu ifşa edən video material ciddi təkan verir. 

Bunların işığında bir tendensiyanı hiss edirəm: artıq cəmiyyətdə Rusiya iqtidarına qarşı demoralizasiya prosesi intensivləşir. Bunun nəticələrindən biri belə ola bilər – Rusiyanın siyasi müxalif qüvvələri birləşə bilərlər. Onun yekunu isə Rusiyada ana müxalifətin meydana gəlməsi olar ki, bu da bütövlükdə Rusiyanın siyasi gündəminin dəyişməsi deməkdir. 

Bunların əsasında nəticə çıxara bilərik ki, Rusiya cəmiyyətinin siyasi tarixini və mentallığını nəzərə alaraq təxmin edə bilrik ki, əgər mövcud Rusiya rejimi bu etirazlara qeyri-demokratik reaksiya verməkdə davam etsə, o zaman bu etirazlar ölkədə daha böyük siyasi dəyişikliklərə gətirə bilər.

Lakin bütün bunlar Vladimir Putinin hakimiyyətdən getməsinə yetərmi? Məncə, bu  hələlik mümkün deyildir. Ancaq Rusiya dəyişir!

— Maraqlıdır, sanki ortada çoxməchullu bir tənlik var. Risklər, qeyri-müəyyənliklər, təhlükələr hələ qalmaqdadır. Bəs bu şərtlər daxilində Rusiyada baş verən son hadisələrin Qarabağda gedən proseslərə hansı təsiri ola bilər?

— Şübhəsiz, bizim üçün aktual məsələdir. Həm də dövlətçiliyimiz baxımından kifayət qədər həssas problemdir. Məncə məsələyə bir qədər geniş aspektdə baxmaq daha adekvat olardı. Çünki Rusiya elə bir gücdür ki, orada baş verən hadisələr nəticə etibarı ilə nəinki Qarabağa, bütövlükdə bu regiona və qlobal geosiyasi mənzərəyə təsir edə bilər. Bu da başqa dəyişikliklərlə yanaşı, yeni siyasi balansın yaranmasına aparıb çıxara bilər. 

Bu ümumi tezisin işığında hazırda Qarabağda baş verənlərə yanaşsaq, bir sıra risklərin meydana gəldiyini deyə bilərik. Təəssüf ki, bunlar Rusiya sülhməramlıların fəaliyyəti ilə bağlıdır. Bizim hansı hadisələri nəzərdə tutduğumuzu Azərbaycan vətəndaşları yaxşı bilirlər. Onu demək istəyirik ki, sizin “çoxməxhullu tənlik vəziyyəti” dediyiniz durum real olaraq müstəqil dövlətçiliyimiz üçün özündə təhdidlər daşıyır. Çox təəssüf ki, belədir!

“Yeni administrasiya da Amerikanın burada maraqlarını təmin etməyə çalışacaq”

— Bəs ABŞ-ın yeni prezidenti Co Baydenin Qarabağ məsələsinə baxışı necə olacaq? 

— Şübhəsiz ki, Amerika dünyanın ən qüdrətli dövləti olaraq qalır. Bu səbəbdən, onun istənilən regionda yeridəcəyi siyasət ekspertlər və jurnalistlər üçün maraqlıdır. 


O cümlədən, ABŞ bir çox baxımdan bizim regiona böyük maraq göstərir. Hesab edirəm ki, yeni administrasiya da Amerikanın burada maraqlarını təmin etməyə çalışacaq. Ancaq burada bir məqam var. Məsələ ondan ibarətdir ki, ABŞ-ın müxtəlif regionlarda müəyyən geosiyasi uğursuzluğunun  kökündə Vaşinqtonda “real politika yaxud liberalizm” və ya “idealizm yaxud realizm” kimi nəzəri mövqe seçimi ətrafında mübahisələrin davam etməsi dayanmır. Henri Kissincerin də bu müzakirələrdə iştirakı məlumdur. 

Əsas səbəb Amerikanın Ədalət meyarını itirməkdə olması ilə bağlıdır. Xüsusilə, bizim regionda açıqca “biz Ermənistanı müdafiə edirik” demək böyük yanlışlıqdır. Bunu yeni dövlət katibi Entoni Blinken deyib. Deməli, Amerika bütün qüdrətinə rəğmən ədalətli olmasa, Cənubi Qafqazda Rusiyanın avantüralarını neytrallaşdıra bilməyəcək. Bundan da bütün bölgə dövlətləri uduzacaq.

— Bir neçə gün öncə Rusiya Federasiyasının Dövlət Dumasının “Vahid Rusiya” Partiyasından olan üzvü Vitaliy Milonov bir sıra erməni və Rusiya mediasına müsahibəsi zamanı Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr səsləndirərək, açıq-aşkar qərəzli mövqe və nifrət sərgiləyib. Rusiya tərəfindən oxşar açıqlamalar birinci hal deyil. Sizcə, Azərbaycan tərəfinin bu cür məsələlərə cavabı yetərlidirmi?

— Öncə deyim ki, Vitaliy Milonov avantürist təfəkkürə malikdir. Onun siyasi fəaliyyət tarixçəsinə baxsanız, bunu asanlıqla görə bilərsiniz. Yəni, bu tip adamlardan həqiqəti demək üçün deyil, rəqibi qıcıqlandırıb, hövsələdən çıxarmaq üçün istifadə edirlər. Sonra da yaddan çıxır.

Siz dediyiniz kontekstdə isə Vitaliy Milonovun hərəkəti əks tərəfin informasiya müharibəsi çərçivəsindədir. Və onun cavabı verilməlidir. Bizim bir sıra məmurlar və ekspertlər isə hələlik Rusiya sülhməramlılarını tərifləməklə məşğuldurlar. Məncə, onlar bir az da reallığa baxsalar, dövlətçiliyə faydalı olar.

Səfir: “Türkiyədən olan qardaşlarımıza tam inanırıq”

— Yanvarın 30-da Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya – Türkiyə ortaq monitorinq mərkəzi fəaliyyətə başlayıb. Sizcə, bu mərkəz Qarabağda vəziyyətə nə qədər çevik və obyektiv nəzarətə edə biləcək? 

— Əslində, mənim üçün əsas sual bu deyil. Sualım odur ki, ümumiyyətlə, bizə Qarabağda sülhməramlı lazımdırmı? Axı, torpaqları azad etmişik, bəyan etmişik ki, Qarabağ Azərbaycandır. 

Bir ölkə öz ərazisində suverenliyi təmin edibsə, sülhməramlı nəyə lazımdır? 

Elə deyilsə, bəs niyə deyirik ki, Qarabağ məsələsi həll olunub? Cavab tapa bilmirəm.

Bəli, real olan odur ki, Ağdamda Rusiya-Türkiyə ortaq monitorinq mərkəzi fəaliyyətə başlayıb. Biz Türkiyədən olan qardaşlarımıza tam inanırıq və onlara böyük uğurlar arzulayırıq. Şübhə etmirik ki, türkiyəli hərbiçilər ədalətlidirlər və Azərbaycanın ziyanına iş görməzlər. Lakin onlar da orada tək deyil. Yenə ehtimallara gəlib çıxırıq. Nəticəni zaman göstərəcək!

Vaqif Hüseynli

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …