COP29 dünyanın digər dövlətləri kimi, Peru üçün də çox əhəmiyyətli tədbirdir.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Perunun Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda, Türkiyədəki səfiri və iqamətgahı Ankarada yerləşir-red.) Sezar Auqusto de las Kasas (Cesar Augusto De las Casas Diaz) deyib.
Səfir qeyd edib ki, hazırda iqlim dəyişmələri dünyanın ümumi probleminə çevrildiyinə görə Peru da bu neqativ proseslərin təsirinə məruz qalır:
“Bizim ölkədə də daşqınlar və digər təbii fəlakətlər tez-tez baş verir. Odur ki Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bütün bu problemləri müzakirə etmək, onların həll yollarını tapmaq üçün böyük imkandır və Peru da ümumdünya problemini əks etdirən bu beynəlxalq tədbirə nümayəndə heyəti göndərəcək”.
Bakının indiyə qədər çox mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayan səfir Sezar Dias Azərbaycanın COP29-u da yüksək səviyyədə həyata keçirəcəyinə əmin olduğunu bildirib.