Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.
Boyukmillet.com xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nağı Əbdül Həmid bu ölkənin milli bayramına həsr olunmuş rəsmi qəbul zamanı deyib.
Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan və Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclası keçiriləcək və bu, Bakı ilə Qahirə arasında iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcək.
“2023-cü ilin əvvəlində Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Bakıya səfər edib, bu ilin iyununda isə Azərbaycan Prezidenti İlham Əliyev Misirə səfər edib. Bu iki səfər ikitərəfli münasibətlərimizin inkişafında mühüm mərhələ oldu və Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. İki ölkə prezidentləri tikinti, nəqliyyat, əczaçılıq, enerji və infrastruktur kimi bir çox sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etməkdə maraqlı olduqlarını bildiriblər. İqtisadi-ticari əlaqələrimizin inkişafına töhfə vermək üçün iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclasının ən qısa zamanda keçirilməsi qərara alınıb”, – səfir bildirib.
Misirli diplomat, həmçinin bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), eləcə də 2026-cı ildə Ümumdünya Şəhər Forumuna (WUF) ev sahibliyi edəcəyi münasibətilə Azərbaycanı təbrik edib.