Cümə , 22 Noyabr 2024
Drone Cameras

Səfir: “Soyqırımı cinayətlərinə hüquqi qiymət verilməli, onları törədənlər cəzalandırılmalıdır”

“Soyqırımı cinayətlərinə hüquqi qiymət verilməli, onları törədənlər cəzalandırılmalıdır”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankarada keçirilən 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İşğaldan zəfərə. Qazi Universitetində Qarabağ və Xocalı” adlı anım tədbirində bildirib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin və Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Qazi Universitetində baş tutan tədbirdə Türkiyə hökumətinin nümayəndələri və digər rəsmi şəxslər, millət vəkilləri, akademik dairələrin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, universitet rəhbərliyi, müəllim və tələbə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbiri şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbirdə çıxış edərək Azərbaycan ərazisində erməni dövlətinin yaradılması üçün əsrlər boyunca həyata keçirilən məkrli plandan, ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsindən danışıb: “31 mart soyqırımı hadisələri çərçivəsində100 minlərlə insanımız qətlə yetirildi. Tariximizi bilmək, birgə və güclü olmaq həyat prinsipimizə çevrilməlidir, qisas üçün deyil, varlığımızı yaşatmaq və inkişaf etdirmək üçün. Tarixi keçmişimizi bilmədən gələcəyi öyrənmək mümkün deyil. Çünki biz bizə qarşı aparılan siyasətə qarşı yalnız tariximizi bilməklə mübarizə aparar və bir daha təkrarlanmaması üçün tədbirlər görə bilərik”.

Səfir azərbaycanlılara qarşı ermənilər tərəfindən həyata keçirilən 1905, 1907, 1918, 1937-ci illərdəki soyqırımlarla yanaşı 1992-ci ildə törədilən Xocalı soyqırımını da xatırladıb. O qeyd edib ki, bu faciələr fərqli tarixlərdə ermənilərin əli ilə törədilsə də, eyni ssenarilər üzrə müsəlman türklərin soyqırımına yönəldilib. R.Məmmədov bu cinayətlərin təkrarlanmaması üçün hüquqi qiymət verilməsi, onları törədənlərin qanun qarşısında cəzalandırılmasının zəruri olduğunu vurğulayıb: “Ona görə də türk dünyası tarixi faktları dəqiqliklə öyrənib, dəyərləndirib, birgə addımlar atmalı və daha da güclənməlidir”.

Çıxışçılardan Türkiyə Böyük Millət Məcliisnin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım XX əsrdə azətbaycanılılara qarşı törədilmiş cinayətlərə toxunub. Millət vəkili bütün çətinliklərə rəğmən Azərbaycanın qalib ölkə kimi qürurla dayandığını və Türkiyənin də hər zaman Azərbaycanla bərabər olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar 31 mart 1918-ci ildə Bakı və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımının vəhşətinə diqqət çəkib, faktları səsləndirib. TADİV rəhbəri xalqımıza qarşı törədilmiş bu soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının, həmçinin gənc nəsillər tərəfindən tariximizin bu qanlı səhifələrinin hər zaman xatırlanmasının zəruriliyini vurğulayıb.

Qazi Universitetinin rektoru professor Musa Yıldız və Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi direktoru professor Alev Kuru çıxış efərək Qazi Universitetinin Azərbaycanla bağlı mövzulara diqqətlə yanaşması, uzun illərdir Azərbaycan xalqının haqq işinə dəstək xarakterli tədbirlərin Qazi Universitetinin müəllim və tələbə heyətinin birgə səyləri ilə keçirildiyini qeyd ediblər.

Çıxışçılar 1998-ci ildən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin sərəncamı ilə rəsmi olaraq anılan 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəhşətli tarixi faktları səsləndiriblər.

Bundan sonra “İşğaldan zəfərə uzanan yolda Qazi Universitetində Qarabağ və Xocalı” adlı sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda Qazi Universitetinin təşəbbüsü ilə müxtəlif vaxtlarda nümayiş etdirilmək üçün çəkilmiş, daha sonra Xocalı soyıqırımına qarşı beynəlxalq cəmiyyətin ədalətsiz yanaşmasına etiraz məqsədilə müəllifləri tərəfindən qaralanaraq bu şəkildə nümayiş etdirilmiş Xocalı ilə bağlı rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim edilib və rəsm əsərlərinin işğaldan azad olunmuş ərazilərimizdə gələcəkdə inşa ediləcək muzeylərdə nümayiş etdirilməsi məqsədilə Azərbaycan tərəfinə hədiyyə edilməsi barədə sertifikat səfir Rəşad Məmmədova təqdim edilib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …