Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Səfir: Türkiyədəki əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası cəmiyyətdə böyük gərginlik yaradıb. Bu bəladan Azərbaycanı və soydaşlarımızı qorumaq dövlətimizin prioritet vəzifəsi kimi gündəmdədir. Yaxın günlərdə xaricdəki vətəndaşlarımızın öz istəklərinə uyğun olaraq ölkəmizə təxliyəsi ən mühüm və vacib vəzifələrdən biri olmuşdur. Nizamlı qaydada və yüksək peşəkarlıqla həyata keçirilən bu prosesin uğurla davam etməsi hər bir azərbaycanlı üçün qürurvericidir. Təxliyə prosesinin ilk başlandığı və daha çox insanı əhatə etdiyi məkanlardan biri də qardaş Türkiyədir. Görülən işlər və real vəziyyət barədə ictimaiyyətimizi geniş məlumatlandırmaq üçün Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimə müraciət etdik:

-Xəzər müəllim, digər ölkələrlə yanaşı, qardaş Türkiyədə də çox sayda azərbaycanlı var. Azərbaycan yeni növ koronavirusla mübarizə çərçivəsində digər ölkələrdə olan vətəndaşlarının təxliyəsinə xüsusi önəm verir. Bilmək istərdik bu istiqamətdə hazırkı vəziyyət nə yerdədir?

– Bildiyiniz kimi, yeni növ koronovirusdan ölkəmizi və vətəndaşlarımızı qorumaq üçün dövlətimiz kompleks tədbirlər həyata keçirir. Bütün tədbirlərin əsasında insan amili dayanır. Azərbaycanlıları bu qlobal problemdən qorumaq üçün dövlətimizin qəbul etdiyi qərarlarda təbii ki, xaricdəki həmvətənlərimiz də diqqət mərkəzində saxlanılır. Burada hərtərəfli mənəvi dəyərlər kompleksi mövcuddur. Məlum olduğu kimi, qlobal xarakter daşıyan COVID-19 pandemiyası ilə əlaqədar bu il martın 15-də saat 00:00-dan etibarən Azərbaycan ilə Türkiyə arasında uçuşlar dayandırılıb və dövlətlərarası sərhədlər müvəqqəti bağlanılıb. Bu tarixindən etibarən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarəti ilə Azərbaycanın Türkiyədəki səfirliyi, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarımız və müvafiq dövlət qurumlarımızla əlaqələndirilmiş qaydada qardaş ölkədəki vətəndaşlarımızın vətənimizə dönmək istəyən bir qismininin (2100 nəfərdən artıq) hava və quru nəqliyyatı vasitəsilə geri qayıtması təmin edilib. Ölkəmizə geri dönmək istəyənlər arasında öncə azyaşlı uşaqları olan ailələrə, yaşlılara, tibbi yardıma ehtiyacı olan şəxslərə, qadınlara üstünlük verilib. Martın 24-də isə futbol düşərgəsinə gələn 9 azyaşlı da daxil olmaqla, ehtiyacı olan vətəndaşlar dövlətimizin başçısının və birinci xanımın növbəti qayğısı nəticəsində Azərbaycana dönüb. Məlum olduğu kimi, Azərbaycana qayıdan vətəndaşlarımız ölkəmizə daxil olarkən 14 gündən 21 günədək karantində saxlanılırlar.

– Virusologiya üzrə dünyada tanınmış ekspertlər tövsiyə edirlər ki, yoluxma tempi aşağı düşənə qədər insanlar uzaq səfərlərə çıxmasınlar. Türkiyədə müxtəlif sahələrdə çalışan, hətta evi olan vətəndaşlarımızın da bəzi hallarda bu vəziyyətdə yola çıxdığını görürük. Bu riskli deyilmi?

– Məlum olduğu kimi, Azərbaycan vətəndaşlarının sağlamlığını və ölkəmizin təhlükəsizliyini təmin etmək üçün dövlət tərəfindən bütün imkanlar səfərbər edilib. Bununla bağlı çox önəmli və təsirli tədbirlər həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, imkanlarımız sərhədsiz deyil. Heç bir ölkə limitsiz resurslara malik deyil. Hamı özünü qorumağa çalışır. Mövcud durumda Türkiyədəki vətəndaşlarımızın da öz məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifələri yerinə yetirməsi çox vacibdir. Bu səbəbdən Azərbaycan dövlətinin və qardaş Türkiyənin təhlükəsizliyinin təmin edilməsi naminə Türkiyədəki hər bir Azərbaycan vətəndaşını səfərlərini mümkün qədər məhdudlaşdırmağa, təmkinli davranmağa, yaşadıqları məkanlarda özünütəcrid qaydalarına əməl etməyə və insanların sıx olduğu yerlərdən uzaq durmağa çağırırıq. Dünya və bölgə təcrübəsi göstərir ki, bunlara tam riayət etməyən ölkələr ən çətin vəziyyətdədirlər. Böhranla üz-üzə qalan ölkələrin sayı artmaqdadır. İnanırıq ki, anlayış və həmrəylik nümayiş etdirərək müvəqqəti çətinliklərin öhdəsindən birlikdə gələcəyik. Bütün bunlara anlayışla yanaşanlara təşəkkür edirik.

– Hazırda vətəndaşlarla təmas hansı səviyyədədir və iş necə qurulub?

– İki qardaş ölkə arasında sərhədlər müvəqqəti bağlandığı gündən səfirlikdə və baş konsulluqlarımızda “qaynar xətt”lər fəaliyyət göstərir. Əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar. Nəzərə almaq lazımdır ki, əməkdaşlarımız da insandır və mövcud problemin riski onlara da aiddir. Buna baxmayaraq, hər bir vətəndaşımızın təhlükəsizliyi üçün var qüvvəmizi səfərbər etmişik. Mövcud telefon xətti həddindən artıq yüklüdür. Dayanmadan zənglərin gəldiyindən təbii ki, hər zəngə cavab vermək mümkün deyil. Amma bu günədək 20 mindən çox müraciətə cavab verilib. Daha səmərəli kommunikasiya üçün səfirlik yeni email hesabları açıb. Ünvanlara daxil olan bütün müraciətlər qeydiyyata alınır. Mesajlara cavab verilir. Bundan əlavə, səfirlik və bizim təhsil müşavirliyimizinin sosial şəbəkə resursları vasitəsilə də vətəndaşlarımız hazırkı durumla bağlı həm ən yeni məlumatlar və bəyanatlarla tanış olur, həm də müraciət edə bilirlər.

– Müsahibə üçün təşəkkür edirik.

– Biz də, ilk gündən görülən işlər barədə ictimaiyyətimizi geniş məlumatlandırdığı üçün AZƏRTAC-a minnətdarıq.

Qeyd edək ki, səfirlikdəki “qaynar xətt”lərin nömrələri və email adreslər belədir:

Səfirliyin nömrəsi: +90 537 282 67 40.

Səfirliyin e-maillər ünvanları: [email protected] ; [email protected] 

Səfirliyin təhsil müşavirliyinin nömrəsi: 0312 490 25 42.

Konsulluq məsələləri üçün Səfirliyin e-mail ünvanı: [email protected] 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …