Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şəhid anası oğlunun məzarını 28 il sonra ziyarət edə bildi – FOTO

Ağdam Qarabağın diğər torpaqları kimi düşmən tapdağından azad ediləndə yəqin orada uyuyan şəhidlərimizin də ruhu sevinib.

Sahibsiz, dağıdılmış şəhid məzarları yurdundan-yuvasından didərgin düşmüş ata-analarının, əzizlərinin yoluna göz dikib, onları gözləyib. Bu gözlənti uzun çəkdi. Çox uzun. Zarafat deyil, 30 ilə yaxın vaxt ötüb. 30 ilə yaxın o şəhidlər, uğrunda canlarını verdikləri torpaqda yol gözləyirdi. Asan deyildi. Şəhid olsan belə…Bir igidin ömrüdü 30 il! Məzarda uyuyan şəhidin ömründən az qala iki dəfə uzundu e o 30 il. Məzar da od tutub yanar gözləməkdən. Ruh da perikər, pərən-pərən düşər. Dədə-baba torpağından düşmən səsi duymaq asan gəlməsin kimsəyə. Ruh da dəli-divanə olar bu haqsızlığa…19 yaşlı şəhid Sənanın ruhu kimi…

…Onlar da gözlədilər. Ciyərparalarının məzarını son dəfə 1993-cü ildə ziyarət etmişdilər. Sonra…Sonrası da dəhşətdi. OĞUL itkisinin ardınca didərginlik yazıldı ömürlərinə. Döz görüm, necə dözürsən, yaşa görüm necə yaşayırsan bu dərdlərlə. Barış görüm bu ağrı ilə. Oğul itkisi, yurd həsrəti… Sinəsi dağlı ata-ana yaşadı amma. Əgər bu yaşamaqsa, yaşadılar. Ümid etdilər. Bir gün oğullarının məzarını ziyarət edə biləcəklərinə inandılar, gözlədilər. 19 yaşlı Sənanın məzarını ziyarət etmək, o yatan torpağı öpmək üçün, onun ruhunun nisgilinə son qoymaq üçün düz 28 il gözlədilər. Yana-yana, qovrula-qovrula gözlədilər. Və…və o gün gəldi. Sənan kimi igid oğullar havadarlı erməni şərəfsizləri torpaqlarımızdan qovdular. 44 günlük müqəddəs VƏTƏN SAVAŞINDA düşmənə elə dərs verdilər ki, ədalətsiz dünya belə bu İGİDLİYƏ, bu ŞÜCAƏTƏ, bu MÖHTƏŞƏMLİYƏ məəttəl qaldı. İNTİQAMI alındı şəhidlərin. Düzdü, şəhidlərimiz çox oldu. Hər biri bir orduya bərabər oğullar itirdik yenə də. Amma İNTİQAM, müqəddəs torpaqların yağı düşməndən təmizlənməsi itkisiz olmur nə yazıq ki. “Kiş” deməklə donuz darıdan çıxmır axı.  Gərək başını əzəsən zəhərli ilanın…

Azadlığa qovuşan, əsarətdən xilas olan torpaqlarımızdakı şəhid məzarları, şəhid ruhları da beləcə rahat “nəfəs aldı”. Doğma ayaq səslərinə sevindilər. Nakam Sənanın ruhu kimi…

…Sənanın anası Mənsumə ANA , atası Əkbər müəllim oğul məzarına 28 il sonra qovuşdular. Bu mənzərəyə sakitcə baxmağa ürək lazımdı, ürək. Ana ağlamırdı, inildəyirdi. 28 il açıq qalan, heç zaman qaysaqlamayan yarası göynəyirdi. Gözlə görünməsə də qanayırdı o yara. Bu göynərti qəlbini yaxıb-yandırır, iliyinə işləyirdi. Dönə-dönə oğlunun məzarının başına dolanırdı.

Əzizim, anam ağlar,

Başqası yalan ağlar…

Atası Əkbər kişi möhkəm dayanmağa çalışsa da, mümkün olmadı. Gözlərində ömürlük dəfn edə bilməzsən ki dərdi. O da gözündən aşağı axmaq istər.

Beləcə ATA, ANA boyuna 30 il əvvəl sarıldıqları Sənanın məzarına sarıldılar 2021-ci ilin may günlərinin birində. Özünü qucaqlaya bilməsələr də məzarını qucaqladılar, doyunca oxşadılar əziz balalarını. Bu da vüsaldı, acı da olsa. Buna da şükür! Doğma torpaqda oğullarının məzarını ziyarətdən toxdadılar bir az. Uğrunda canını fəda etdiyi torpağı heç zaman tərk etməyən Sənanınsa ruhu sevinirdi o gün. Uçmağa qanadı da vardı. Ruhu vətən səmasını heç zaman tərk etməmişdi, daim o səmada dolaşırdı. Cismi kimi…

Bu gün Sənanın anım günüdür. Əbədiyyətə qovuşduğu gün.

Azad olan Ağdamın müqəddəs torpağını heç zaman tərk etməyən şəhid, ruhun şad olsun!

Bütün şəhidlərimizə allah rəhmət eləsin!

Xatırlatma:

Sənan Əkbər oğlu Rüstəmov 11 yanvar 1973-cü ildə Ağdam şəhərində anadan olub. Sənan 1980-cı ildə Ağdam şəhər 2 saylı orta məktəbin 1-ci sinfinə daxil olub və1989-cu ildə oranı bitirib. Sənan Rüstəmov 1990-cı ilin dekabr ayından 1991-ci ilin may ayına qədər, hərbi xidmətə gedənə kimi Ağdam Uşaq Gənclər Sambo məktəbində sambo güləşi üzrə məşqiçi-müəllim işləyir. Hərbi xidmətə getməmişdən müxtəlif turnirlərin və ümumittifaq yarışların qalibi olmuşdu.

Sənan Rüstəmov 1988-ci ilin fevral ayından başlayan Milli Azadlıq hərəkatına qoşulur və hamı kimi o da gecələr ermənilərlə qonşu kəndlərimizdə keşik çəkir. Sənan 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılır və hərbi xidmətini Qusar rayonunda davam etdirir. Qarabağda ermənilərin fəallaşmasından, kəndlərimizə daim quldurcasına hücumlardan narahat olan Sənan rus ordusunda xidmətdən imtina edərək 60 nəfər əsgərlə Bakıya- Müdafiə Nazirliyinə gəlir və Qarabağda xidmət göstərmək, Vətəni qorumaq niyyətində olduların bildirirlər. Üç gün ərzində müraciətlərinə cavab ala bilmədikdə, Sənan 17 nəfərlə birlikdə Ağdamda – Xaçınstroyda yerləşən Şirin Mirzəyevin bataliyonuna gələrək orada xidmətin davam etdirir. Sənanın fiziki hazırlığını, qorxmazlığını, cəsarətini nəzərə alaraq onu kəşfiyyatçı rotasına qəbul edirlər. 1992-ci il yanvar ayında erməni-rus birləşmələrinin güclü hücumu zamanı Sənan xeyli sayda düşmən qüvvəsini məhv edir. Ayağından yaralanmasına baxmayaraq özünə ilkin tibbi yardım göstərərək, hərbi əməliyyat qurtarana qədər döyüş ərazisindən çıxmır. Döyüşdən sonra onu Tərtərə, oradan da Ağdam şəhər xəstəxanasına göndərirlər. 1992-ci il 26 fevral tarixində Xocalı faciəsi zamanı yarasının tam sağalmağını gözləməyərək hərbi hissəyə qayıdır və xidmətini davam etdirir. Cənan 1992-ci il mart ayında Malıbəyli-Quşçular kəndləri istiqamətindən, döyüş dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə düşmən qüvvəlirinin arxasına keçərək Xankəndində 4 saylı orta məktəbdə yerləşən hərbi hissədən döyüş üçün mühüm əhəmiyyətli xəritəni götürərək arxaya qayıdırlar. 1992-ci il 4 aprel tarixində Şirin Mirzəyev onu III batalyonun (komandir Əkbər Məmmədov) II rotasına komandir təyin edir. Sənan Rüstəmov 9-11 may Daşbaşı istiqamətində, yüksəklikdə yerləşən düşmənin postunu susdurmaq əmri alır və bu əmri məharətlə yerinə yetirir, düşmənin iki atəş nöqtəsini susduraraq 7 avtomat, 1 ədəd rabitə aparatını qənimət götürür. Sənan Rüstəmov Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində mərdliklə vuruşub. O, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq, Dəhraz kəndlərində gedən döyüşlərdə düşmənin qəniminə çevirilmişdi.

15 may 1992-ci ildə düşmən Abdal-Gülablı kəndini ələ keçirir. Şirin Mirzəyev düşmən qüvvələrini kənddən çıxarmaq əmri verir, Sənan Rüstəmov öz dəstəsi ilə düşmənə qarşı hücuma keçir. Şiddətli döyüş zamanı havadan döyüşə dəstək verən, Azərbaycan hərbi hava qüvvərinə aid SU-25 vertalyotu düşmən tərəfindən vurulur. bu zaman paraşütlə tullanan pilotlar düşmən nəzarətində olan əraziyə enməli olur. Sənan pilota kömək emək üçün düşünmədən irəli atılır, qeyri-bərabər döyüşdə düşmən qüvvələrini məhv edərək, əsir götürülmüş polkovnik-leytenant Şuvaryovu xilas edir və öz mövqelərinə gətirir. Məlum olur ki, pilotun sənədləri düşməndə qalıb. Sənan yenə də tərəddüd etmədən geri qayıdır. Düşmənlə üz-üzə gələn igid əsgərimiz bu döyüşdə də qalib olur. Şuvaryovun sənədlərin götürüb geri qayıdarkən daha iki pilotun əsir aparıldığın görərək onları xilas etmək üçün döyüşə girir, lakin düşmən qüvvəsi çox olduğundan onları xilas edə bilmir.

Bu döyüş, 19 yaşlı Sənan Rüstəmovun son döyüşü olur. O, bu döyüşdə qəhrəmancasına şəhid olur…

Qazilər.az

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …