REGİONAL İDARƏLƏR NİYƏ ÖZÜNÜ DOĞRULTMUR?
BƏS ONLARIN YARADILMASINDA SƏBƏB NƏDİR, VAHİD İDARƏETMƏ YOXSA MADDİ YEYİNTİ?
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ İLHAM ƏLİYEV ÖZ DOĞUM GÜNÜNÜ CƏBHƏDƏ ƏSGƏRLƏRİN YANINDA KEÇİRDİYİ HALDA, ŞƏKİ-ZAQATALA REGİONAL TƏHSİL İDARƏSİNİN RƏHBƏRİ BƏHRUZ MEHDİYEVİN ATƏŞFƏŞANLIQLA ÖZÜNƏ DOĞUM GÜNÜ ETMƏSİNİN FOTOLARI YAYILIR?!
Azərbaycanda təhsil sahəsində ən böyük inqilab ali məktəblərə qəbul zamanı şifahi və yazılı deyil, test üsulu ilə imtahanların keçirilməsi zamanı baş verdi. Bu o demək idi ki, artıq kasıbın da, övladı istədiyi “pristij” sayılan ali məktəblərə qəbul oluna bilər. Bu Testin də, xeyli mənfi tərəfləri vardır, əzbərçilik, qruplara bölünmək və s. Acınacaqlı haldır ki, övladından soruşursan Nizami Gəncəvi kimdir, o da,deyir ki, mənim qrupumda yalnız texniki fənlər keçirilir, onu bilməsəm də, olar.
Bu gün danılmaz faktdır ki, Azərbaycan təhsil sistemi də, inkişaf yolundadır. Bu sahənin digərlərindən daha vacib olduğunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məlum sərəncamıyla regional təhsil idarələri yaratdı. Ancaq təyinatları isə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev etdi. Belə təyinatlardan biri də, Şəki-Zaqatala regional təhsil idarəsinə olundu. Bu bölgənin ziyalı təbəqəsi, ictimaiyyəti uzun müddət bu təyinatı gözləyirdi. Hamı düşünürdü ki, təhsildə uğur qazanmış, illərin təcrübəsi olan bir kadr təyinatı olacaqdır. Atalarımızın bir məsəli var, sən saydığını say, gör fələk nə sayacaq?! Amma bu dəfə fələk deyil, Təhsil naziri saydı, həm də, öz təyinatıyla bölgənin ziyalılarını Şok vəziyyətinə saldı. Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan və maddi təminatı yüksək səviyyədə olan təhsil ocağının direktorunu, yəni adi məktəb direktorunu böyük bir ziyalı təbəqəsinə rəhbər təyin etdi. Təkcə Qax rayon İlisu kəndi
Azərbaycana yüzlərlə alim yetişdirdiyini nəzərə alsaydılar bu təyinat bu qədər ucuz olmayacaqdır.
Hörmətli Emin Əmrullayev cənabları, sualım sizədir:-Şəki-Zaqatala regional təhsil idarəsinin rəhbəri Bəhruz Mehdiyevi hansı keyfiyyətlərinə görə böyük bir ziyalı təbəqəsinə rəhbər təyin etmisiiz? Bu cavan oğlan, bu günə kimi dərs hissə müdiri, məktəb direktoru, təhsil şöbəsində metodist, metodkabinetin müdiri vəyaxudda təhsil şöbəsinin müdiri vəzifələrində işləyib? Əgər Bəhruz müəllim metodkabinetin müdiri işləsəydi bu sahədən daha anlayışlı olardı, -deyilmi?
Bəhruz müəllim artıq aydan çoxdur ki, böyük bir bölgənin təhsil idarəsinə rəhbərlik edir. Şəkidəki təqdimatında çıxışına diqqət salarkən bir söz diqqətimi çəkdi: “Yeni idarəçilik sisteminə keçidin əsas vəzifələrindən biri təhsilin keyfiyyətinin yüksəldilməsidir. Ölkədə vahid təhsil siyasətinin həyata keçirilməsidir. Təhsildə dəyişikliklər baş verir. Bu dəyişikliklərin əsas məqsədi və hədəfi yalnız inkişaf, iqtisadi cəhətdən dayanıqlı təhsil sistemi yaratmaq , təhsilin keyfiyyət göstəricilərinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutmaqdan ibarətdir. İdarənin qarşısında duran prioritet istiqamətləri vəzifələri, görüləcək işləri diqqətə çatdırıb.”
Bu cümlələri onların saytlarından götürmüşəm.
Həqiqətən də, bir ziyalı kimi oxuyanda özüm də, utandım. Bu gün şagirdlər utanmırlar, heç nədən qorxub, çəkinmirlər. Siz səmimi görüşlər keçirmədiyinizə görə suallarını bizim kimi hamıya açıq olan jurnalistlərə, YAP veteranına verirlər. Ziyalı təbəqənin özləri və övladlarının verdiyi suallar:Məgər bu bölgədə savadlı, təhsil sistemini yaxşı bilən bir gənc müəllim yox idi, heç bir təcrübəsi olmayan pullu məktəbin direktorunu böyük bir bölgənin təhsilinə rəhbər təyin ediblər?
Gəldiyi bir ay ərzində keçirdiyi bütün tədbirlərdə, özü və yanında otuzdurduğu Günay xanım bizlərə yalnız barmaq silkələməyə üstünlük verdilər. Bütün fikirlərini yönəltmişdilər ki, məktəbdə “Barama qurduna” baxmaq olmaz! Məgər biz məktəb direktorları barama qurdunu bazardan alıb, ona qulluq edərək, pul qazanırıq? Əgər Bəhruz müəllim bircə il təhsil şöbəsində vəyaxud adi kənd orta məktəblərin birində direktor işləsəydi, belə tərzdə bizimlə danışmazdı. Məktəb direktorlarına “jekdə arayış satan kargüzar səviyyəsində” baxmaq ədalətsizlikdir. Biz gözləyirdik ki, Bəhruz Mehdiyev bizimlə ilk görüşümüzdə gələcək planlarımızdan, necə əl-ələ verərək işləməyimizdən danışacaq. Ancaq onlar hər kəlməsində işdən çıxaracağı və cinayət işi açılacağı ilə bizləri hədələdilər. Bəhruz və Günay cütlüyünün heç biri bizimlə nəzakətlə danışmadılar, hər ikisi bizi, rüşvət alarıqsa həbs etdirməklə hədələdilər. Bir anlıq özümüzü müttəhim kürsüsündə hiss elədik.
Bu gün Şəki-Zaqatala regional təhsil idarəsinin bir amalı var, o da, yazışmaların aparılmasıdır. Hər gün təcili olaraq, böyük bir siyahı tələb edirlər, Bəhruz müəllimin iş təcrübəsi olmamasından irəli gələn bəzi problemlərimiz də, ortaya çıxır. Belə ki, bəzən elə bir siyahı istəyir ki, bu siyahını dəqiqləşdirmək üçün ən azından bir neçə gün lazımdır.
Onlar buna bir saat vaxt verdikləri üçün yerlərdə də, köhnə siyahıları yeniləməklə onlara göndərilir.
İndi isə mənim bir jurnalist, YAP veteranı kimi suallarım var, həm də, Emin Əmrullayevə və Bəhruz Mehdiyevə:-Hörmətli Emin müəllim Sizin təyin etdiyiniz Bəhruz müəllim və Günay xanım hər kəlməsinin əvvəlində deyir ki, bizim prioritetlərimiz var, bu nədir?, 9-cu siniflərin yekun imtahanlarında aldıqları 2-rin sayının artmasıdır? Bəlkə Şəkinin bir çox kəndlərində olan uçuq məktəbləridir?
Siz Kiş 4 saylı kənd orta məktəbində vəyaxudda İkinci Biləcik kənd orta məktəbində olmusunuz? Burada nəinki təhsilin keyfiyyəti, onun tədrisi şübhə altında olmalıdır. Siz heç Balakən rayon Bedağar kənd məktəbində olmusunuz? Bəlkə Zaqatala rayon Lahıc kənd orta məktəbində olasınız. Unutmayın ki, sizin dediyiniz prioritet şəhər məktəblərilə yanaşı, belə kənd məktəbləri də, vardır. Siz Bəhruz müəllim, belə şeyləri daha çox anlamalıydınız, çünki Milli Qəhrəmanın adını daşıyan məktəbdə rəhbər olmusunuz. Bu gün Lahıc məktəbinə, əgər məktəb demək olarsa, onda Azərbaycan təhsili dünyada ən sonuncu yerdədir. Unutmayın ki, Lahıc Məktəbi Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun oxuduğu məktəbdir. Belə nimdaş məktəblər Qəhrəmanlar yetişdirir. Sizin isə prioritetləriniz bəzi şəhər məktəbləridir. Əgər repetitorlar və bölgədəki təhsil kursları olmasaydı siz Cənab Prezidentə nə cavab verəcəkdiniz?! Deməli Sizə keyfiyyət deyil, sadəcə kəmiyyət, yetər say lazımdır?!
Şəxsən mənim də, övladım Zaqatala Modern təhsil mərkəzində oxumasaydı ali məktəbə qəbul ola bilməyəcəkdi. Budur Sizin Prioritetləriniz? Siz belə məsələlərdən qaçmaqdansa xalqın içərisinə gəlin, təhsillə bağlı onların fikirlərini öyrənin, onda sizə çox şey agah olacaqdır. O da, agah olacaq ki, cavan məktəb direktoru var ki, şagirdinə görüş təyin edir, məktəb direktoru var ki, psixoloji durumu yerində deyildir. Bunları öyrənmək üçün yalnız təhsil şöbə rəhbərləri və məktəb direktorları ilə görüşməklə işinizi bitmiş hesab etməyin. Hərdən sadə camaatın da, içərisinə gəlin, onların sizə deməyə sözləri var. Özünüzü hamıdan ağıllı göstərməklə Sizə heç kim ağıllı deməyəcəkdir. Barama qurduna baxmaq heç bir təhsil işçisinin ürəyincə deyildir. Bütün ictimai-siyasi proseslərdə məktəb direktorları, müəllimlər iştirak edib və edəcəklər, nədir, olmaya Cənab Prezidentin siyasətinə qarşı çıxırsınız?
Məgər Günay xanım illərdir Qax rayon təhsil şöbəsində işləyərkən, bütün bu kimi hallarla qarşılaşmayıb?!
Hörmətli Bəhruz müəllim təhsil müəssisə rəhbərlərinə barmaq silkələməklə özünüzə hörmət qazana bilmədiniz, əksinə prokuror kimi görsəndiniz. Məktəblərdə çox böyük problemlər var, onları öz nazirinizə çatdırsaydınız bu bölgənin bütün ziyalıları Sizə dəstək olardılar. Mən şəxsən Sizinlə bir neçə şeydə razıyam, Sizin ustalıqla bildiyiniz əsas sahədə, maliyyə sahəsində atdığınız addımları bəyənirəm.
Sizə bir söz deyim, mən də, razı deyiləm ki, Pandemiya vaxtında məktəblərdə ümumi olaraq, yüz min tonlarla yanacaq yandırıla bilməz və bu artıq cinayətdir. Bax belə məsələlərdə barmaq silkələməyinə dəyər, yoxsa qurddan yapışmaqla özünüzü hörmətdən salırsınız. Qurdun özəyini başqa yerdə axtarmaq lazımdır, ancaq bu heç məsləhət də, deyil.
Bir də sonda bir subyektiv fikrimi bildirmək istəyirəm. Cənab Prezident İlham Əliyev öz doğum gününü cəbhə bölgəsində, əsgərlərin yanında vəyaxudda şəhid ailələri ilə keçirdiyi bir vaxtda, Siz isə atəşfəşanlıqla özünüzə ad günü edirsinizsə bu sadə insanlar tərəfindən qıcıqla qarşılanır. Yenə də, özünüz bilən məsləhətdir.
Araşdırmalarımız davam edir, növbəti materiallar dəqiqləşdirilir.
Ardı var…..
Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliyinin Üzvü.
KİV-nin Həmkarlar İttifaqının təsis etdiyi
“Qızıl Qələm” media mükafatı laureatı.
Əlmaniz Ələkbərli