Cümə , 5 Dekabr 2025
Drone Cameras

Şəmkirdə ölən əsgərin anası: “Mən tam əminəm ki, oğlumu qətlə yetiriblər”


Şəmkirdə hərbi xidmətdə olan çavuş Sadiq Mirzəbəyov naməlum şəraitdə başından güllə yarası alaraq vəfat edib.

Boyukmillet.com xəbər verir ki, hadisə bu il iyulun 10-da baş verib. Mərhumun anası Mədinə Hüseynova Meydan TV-yə müraciət edərək bildirib ki, oğlunun ölümü ilə bağlı ailəyə rəsmi və inandırıcı izahat verilməyib. Ailə Sadiq Mirzəbəyovun ölümü ilə bağlı sualların cavablandırılmasını və obyektiv araşdırma aparılmasını istəyir. Onlar bu məsələnin ictimaiyyətə çatdırılması və işıqlandırılması məqsədilə Meydan TV-yə üz tutublar.

“Sadiq 2006-cı ildə, mənim 40 yaşımda dünyaya gəlib, Bakıda doğulub. 2024-cü ildə 18 yaşına çatanda onu əsgər apardılar. Bir il tamam olmamış, mayın 20-də məzuniyyətə gəlmişdi. Ona deyirdim ki, hərbi xidməti başa vur, gəl, səni evləndirəcəyəm. Artıq 60 yaşım var, səni gözləməyə vaxtım yoxdur. Bir ayağım o tərəfədir, gözüm arxada qalmasın, səni tez evləndirim ki, rahat gedim. Məzuniyyətdə olanda söhbət etdik, heç bir problemi, heç bir şikayəti yox idi. Mayın 30-da da onu geri, hərbi hissəyə yola saldıq”, – mərhum əsgərin anası deyir.

Ana bildirir ki, oğlunun ölüm xəbəri onlara ziddiyyətli və natamam formada verilib.

“İyulun 10-da bizə zəng gəldi ki, Sadiq özünə xəsarət yetirib. Üzərindən yarım saat keçməmiş yenidən zəng etdilər və bildirdilər ki, Sadiq artıq həyatda yoxdur. Ardınca durmadan zəng edib, bizə təzyiq göstərirdilər ki, ki, gəlin, nəşi götürün, burada qalıb, iylənəcək. İyulun 11-də bizə maşın göndərdilər ki, gedib nəşi aparaq. Hərbi hissədə olanda oğlumun nəşini bizə göstərdilər. Üzünə baxdım, dəqiq xatırlamıram, gözlərindən biri bandajlı idi. Güllənin başının bir tərəfindən girib, digər tərəfindən çıxdığı açıq-aşkar hiss olunurdu. O qədər pis vəziyyətdə idik ki, hadisənin necə baş verdiyini oradakılardan soruşmaq ağlımıza belə gəlmədi”.

Foto: Mədinə Hüseynovanın şəxsi arxivindən

“Mənə bir sənəd uzadıb qol çəkdirdilər. Sonra isə, tibbi ekspertiza üçün uşağın nəşini yardılar – halbuki, ölüm səbəbi açıq-aşkar görünürdü. Sonra da kəfənləyib, bizə verdilər. Israrla bildirdilər ki, tez dəfn edin, meyit iylənə bilər. Həm atası, həm də mən o anda özümüzdə deyildik. Gecə ilə Qusara gəldik və gecə saat 1-də Sadiqi Aşağı Ləgər kənd qəbiristanlığında dəfn etdik”.

Ana deyir ki, hadisə baş verən anda şok və ağır psixoloji vəziyyətdə olduğu üçün oğlunun ölümü ilə bağlı hərbi hissədə ətraflı məlumat almayıb. Onun sözlərinə görə, oğlunun ölüm səbəbi ilə bağlı onlara tibbi ekspertizanın rəyi də təqdim olunmayıb:

“Yavaş-yavaş özümə gəlirəm və suallar yaranır ki, niyə uşağın başında güllə yarası vardı? Onu kim vurub? Mən tam əminəm ki, oğlumu qətlə yetiriblər. Çünki psixoloji durumu yerində idi. Üstəlik, hərbi hissədən də heç bir şikayəti yox idi. Ölümündən sonra oğlum yuxuma girdi, dedi ki, ana, məni öldürdülər. Oğlumun ölüm faktı ilə əlaqədar iyulun 20-də Prezident Adminstrasiyasına, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş və Hərbi Prokurorluqlara teleqram vurmuşam. Gözümün ağı-qarası bir oğlum vardı, onun qanı batmasın”.

“Burada səbəblərdən biri də baş verən cinayətin ört-basdır edilməsidir”

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun rəhbəri Cəsur Məmmədov hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrində baş verən bəzi əsgər ölümləri ilə bağlı ictimaiyyətə məlumat verilməməsi ciddi problemlər doğurur və bu, artıq sistemli bir böhran halını alıb. Onun fikrincə, belə hallarda valideynlər susmamalı, məhkəməyə müraciət etməli, hüquqi mübarizəyə başlamalıdırlar:

“Belə məsələdə valideynlər aktiv olmalı, məhkəməyə müracit etməlidirlər. Bu, anormal bir hadisədir ki, Silahlı Qüvvələrdə ölüm hadisəsi baş verir və bununla bağlı hər hansı bir səbəb göstərilmir. Apardığımız statistika nəticəsində məlum olub ki, Azərbaycanda hər il 5-10 nəfər əsgər ölümü rəsmi qurumlar tərəfindən gizlədilir, yəni ictimaiyyətə açıqlanmır. Bunlar yalnız ailəsinin sosial şəbəkələrdə fotoları və sairə ictimailəşdirəndən sonra məlum olur. Bununla belə, Müdafiə Nazirliyi və ya digər güc strukturları bununla bağlı hər hansı bir açıqlama vermirlər. Burada səbəblərdən biri də baş verən cinayətin ört-basdır edilməsidir”.

Cəsur Məmmədovun sözlərinə görə, 2000-ci ildən bəri apardığıqları statistikaya əsasən, hərbçi ölümləri ilə bağlı rəsmi məlumatlarda tez-tez ziddiyyətlər müşahidə olunur:

Foto: Cəsur Məmmədovun şəxsi arxivindən

“Bəzən erməni gülləsindən ölənlər intihar kimi, bəzən də intihar edənlər düşmən atəşi ilə həlak olmuş kimi təqdim edilir. Təəssüf ki, valideynlər bu hallarla bağlı susqunluq nümayiş etdirəndə proses dayanır, yalnız onların fəallığı olduqda ölüm səbəbləri dəqiq müəyyən edilir.

Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti məhdud olduğundan ictimai dəstək və müzakirə imkanları da çox zəifdir. Bu səbəbdən məsuliyyət əsasən valideynlərin və yaxınların üzərinə düşür — onlar sosial şəbəkələrdə məlumat yaymalı, hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Yalnız bu yolla proses ictimailəşir və biz də dəqiq statistika toplaya bilirik”.

Cəsur Məmmədovun sözlərinə görə, 2025-ci ilin ilk yeddi ayı ərzində artıq 20-dən çox əsgər ölümü qeydə alınıb: 

“Bu da müharibə olmayan bir dövr üçün ciddi göstəricidir. 2020–2023-cü illər arasında, hərbi əməliyyatlar nəticəsində baş verən itkiləri çıxmaq şərti ilə, təhlükəsizlik və müdafiə sektorunda orta hesabla 50–70 ölüm hadisəsi baş verib. Müharibə başa çatdıqdan sonra da döyüşlə əlaqəli ölümlər azalsa da, digər istiqamətlər – intihar, qeyri-nizamnamə halları və texniki səbəblər üzrə itkilərin sayında azalma müşahidə olunmur. Bu isə onu göstərir ki, ordu daxilində ciddi islahatlar həyata keçirilmir. Əsgər ölümlərinin davam etməsi, bu problemlərin kökündən həll olunmadığını göstərir. Əgər bu cür qeyri-qanuni hallar aradan qaldırılsaydı, əsgər itkilərinin sayı bu qədər yüksək olmazdı”.

Məsələ ilə əlaqədar Meydan TV Müdafiə Nazirliyi, Hərbi Prokurorluq və Baş Prokurorluğa sorğu göndərsə də, cavablandırılmayıb.

Check Also

BMT ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi: Azərbaycan səsvermədə iştirak etmədi

Dekabrın 3-də Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyadan zorla köçürülmüş və ya deportasiya edilmiş bütün ukraynalı …