Ömürlükdən əfv edilən Şəmsi Səmədzadə islah olubmu?
İki gün əvvəl, Prezidentin imzaladığı əfv Sərəncamı ilə ömürlük həbsdən azad edilən iş adamı Şəmsi Səmədzadə ilə bağlı paylaşılan xəbərlər rekord qırır.
Onun Qobustan türməsinin qapısında verdiyi ilk müsahibəsindən bir hissəni “Tik-Tok” kanalımızda paylaşdım. İki günə 800 minə yaxın baxış var. 2300 paylaşım olub, 1400 şərh yazılıb.
Bu, iki günə olan statistikadır. Rəqəmlər daha da artacaq və izlənmənin milyonu keçəcəyinə qəti şübhə ola bilməz. Qeyd edim ki, məlum müsahibə digər sosial şəbəkələrdə də baxış rekordu qırır. Müsahibəyə yazılan şərhlərin analizindən sonra bu postu paylaşmağı özümə borc bildim.
Müşahidəm göstərir ki, xəbəri izləyənlərin böyük hissəsi Şəmsi Səmədzadəni tanımır və nəyə görə həbs edildiyini də bilmir. Digər böyük bir qisim insan onu məhz Qərbi azərbaycanlı olduğuna görə, sırf regional amillərə əsaslanaraq müdafiə edir və bunu açıq da yazır. Hətta onu regionun igid oğlu, lideri kimi vəsf edənlər də az deyil.
Başqa bir qrup isə onun Zakir Qaralov tərəfindən şərlənərək həbs edildiyi qənaətindədir. Diqqətimi Şəmsi Səmədzadəni az da olsa tənqid edən şərhlər də çəkdi. Bu qisimdən olan şərhlərdə yazılır ki, “Rezonans” verilişini izləyəndən sonra, bu adama dərin hörmətimiz vardı, bu müsahibəsini görəndən sonra onun barəsində olan fikirimiz tam dəyişdi.
Şəmsi Səmədzadənin niyə, hansı ittihamlara görə həbs edildiyini, rəsmi ittihama görə neçə adamın qətlinin sifarişçisi kimi qeyd edildiyini gözəl və detallarına qədər bilirəm. Zakir Qaralovun da xirtdəyə qədər cinayətin içində olduğunu da əminliklə deyə bilərəm. Bu iki şəxsin arasında bir prinsipin yaşandığını da inkar etmirəm.
Ancaq Zakir Qaralov o qədər də böyük ürək və cəsarət sahibi deyildi ki, əslən Qərbi Azərbaycandan olan, Heydər Əliyevin şəxsən tanıdığı bir iş adamını heç nədən şərləyib, ona ömürlük həbs cəzası verdirmək kimi riskə getsin.
Şəmsi bəy türmədə olanda “Rezonans” verilişinə verdiyi müsahibədə yazıq, zavallı, günahını etiraf edən obrazında, əməlindən peşman kimi danışır. Ancaq əfvdən sonra verdiyi ilk müsahibəsində isə gur-gur guruldayır, daha doğrusu hamıya meydan oxuyurdu, hətta kifayət qədər siyasi məzmunlu bəyanatlar da səsləndirdi.
Onun bir neçə ifadəsinə fikir verək. Deyir ki, o, Zakir Qaralovun sifarişi ilə həbsi edilib. Onun həbsdə olduğu dönəm Heydər Əliyev və İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi perioda təsadüf edir. Əgər bu hadisə Şəmsi bəyin iddia etdiyi kimi olubsa, onda əfv edilən şəxsin sərt ittihamları həm də ölkənin keçmiş və indiki rəhbərliyinə ünvanlanmış olur. Belə çıxır ki, ölkədə bu illər ərzində tam hüquqi “bespredel” olub və rəhbərlik də buna göz yumub.
Sonra deyir ki, ermənilər Qarabağa işğal dönəmi də bizə necə zülm etdilərsə , bunlar da ailəmə elə zülm etdilər. Çox ağlır ittihamdır! Bundan sonra Şəmsi Səmədzadə açıq şəkildə mənsub olduğu regionla bağlı tərifli epitetlər söyləyir, müəyyən adlar çəkərək, az qala özünü bir regionun lideri kimi təqdim edir.
Əminəm ki, Şəmsi Səmədzadənin Prezidentə yazdığı əfv müraciəti çox qısa və lokanik olub. O, bu ərizəni 99 faiz belə yazıb: “Cənab Prezident, etdiyim cinayət əməlinə görə çox peşmanam, xahiş edirəm, məni əfv edəsiniz”. Axı, bu məzmunla verilən ilk müsahibədəki pafos qətiyyən bir-birinə uyğun gəlmir.
Sizi əmin edirəm ki, bu gün Şəmsi Səmədzadəni, hətta onu tanımayan adamların gözündə qəhrəmana çevirən heç də onu mələk kimi günahsız olmağı yox, özünün və ətrafının maddi imkanıdır. Bu gün ömürlükdə yatanlar içərisində bütün parametrlərinə görə azad olunmağa Şəmsi Səmədzadən qat-qat artığına layiq olan adamlar var. Konkret adlar çəkib, polemikanı qızışdırmaq istəmirəm.
Ancaq onların təbliğ olunmağa, səslərini ölkə rəhbərliyinə çatdırmağa Şəmsi kimi pulları olmadığına görə, azadlıq kimi şirin neməti dada bilmirlər. Qətiyyən Şəmsi Səmədzadənin azad olunmasına etiraz etmirəm. Şükür olsun ki, ailəsinin içinə qayıdıb.
Ancaq bilin, əfv kimi humanist addımın başlıca parametri şəxsin islah olunduğuna dair rəyin verilməsindən keçir. Özü də Şəmsi kimi məhbusla bağlı bu rəy çox böyük önəm daşıyır. Görünən budur ki, Şəmsi Səmədzadə ilə bağlı bu rəyi kim yazılı və ya şifahi veribsə, yanılıb.
Əminəm ki, onun son müsahibəsi Prezidentin qarşısına qoyulsa, bir çox qaranlıq mətləblərə aydınlıq gələr. Şəmsi Səmədzadənin ilk müsahibəsi mənə sabiq səhiyyə naziri Əli İnsanovun türmədən çıxanda verdiyi ilk müsahibəni xatırlatdı. Aralarındakı pafos çox az fərqləndi.
Azərbaycan praktikasında görmüşük ki, belə kateqoriyadan olan adamlar kameralar önündə çox az danışır. Nitqin də məzmunu belə olur: “Bu humanist addıma görə cənab Prezidentə minnətdatam”. Sonra da gedib Ümumilli Liderin məzarını ziyarət edir. Özü də bu müsahibə ənənəvi televiziya kanallarının kameraları önündə verilir.
Şəmsi bəy həmin televiziyalara deyilən məzmunda müsahibə verib çıxandan sonra isə ona tam başqa kameralar tuşlanmışdı və o, həmin kameralar önündə daha çox və səmimi danışdı. Hətta deyərdim ki, üstündən sükutla keçdiyimiz bir çox lazımsız fikirlər də işlətdi. Allah bir də yolunu oralara salmasın, doğmalarının gözü aydın olsun!
Məhəmmədəli Qəriblli
“Azinforum.az” İnformasiya Portalının Təsisçisi və Baş redaktoru