NUHÇIXAN xəbər verir ki, Səudiyyə Ərəbistanının aparıcı media qurumlarından olan “NBN” telekanalının rəsmi internet saytında “Azərbaycanda zirvəsi iki hissəyə parçalanmış Haçadağ və dağın belə adlandırılmasının səbəbi” adlı məqalə yerləşdirilib.
Məqalədə Haçadağ Naxçıvan Muxtar Respublikasının əsas simvollarından biri və sirli-sehrli məkan kimi təqdim olunub. Həmçinin dağ barədə yaranan əfsanələr diqqətə çatdırılıb. Haçadağın adı Nuh Peyğəmbərlə bağlı rəvayətə əsaslandırılıb. Qeyd olunur ki, dünya tufanı zamanı Nuhun gəmisi dağa toxunaraq onun zirvəsini iki hissəyə ayırıb və zirvə indiki görünüşünü alıb. Bundan sonra dağ Haçadağ adlandırılıb. Nuhun gəmisi Haçadağdan 100 kilometr aralıda yerləşən daha yüksək dağın ətəyində lövbər salıb. Bütün bunlar isə Haçadağın müqəddəsliyini və tarixi əhəmiyyətini artırır.
Müəllif məqalənin sonunda Haçadağın gözəlliyini və mənzərəsini seyr etmək üçün yaxınlıqdakı qədim tarixə malik, iki min pillə ilə zirvəsinə qalxılan “Əlincəqala”nı da ziyarət etməyi oxuculara tövsiyə edir.