Bu gün tanınmış jurnalist Səyyad Ağbabalının çapdan çıxan növbəti kitabı – “Ağbaba” poemasının təqdimat mərasimi baş tutub.
Boyukmillet.com xəbər verir ki, Qərbi Azərbaycan İcmasının inzibati binasında keçirilən təqdimat mərasimində ictimai-siyasi xadimlər, ziyalılar, yazıçılar, müəllifin sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kitabın ön səhifələrində Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan haqqında müxtəlif vaxtlarda söylədiyi fikirlər, habelə Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı etdiyi çıxışından seçmələr yer alıb.
Kitabda dağlar diyarı kimi şöhrətlənən Ağbaba mahalının tarixi, mədəni irsi, ənənələri, milli-mənəvi adətləri əks olunub. Poemada epik təsvirlər, lirik-emosional ovqatın poetik harmoniyasında iki obraz sənətkarlıqla canlandırılıb: bu obrazlardan biri Ağbaba və onun tarixi taleyi, digəri isə müəllifin özüdür. Poemanın bütün ruhu Qərbi Azərbaycanlıları, o cümlədən də ağbabalıları doğma torpaqlara, əzəli yurd yerlərinə qayıdışa səsləyir.
Tədbirdə çıxış edənlər müəllifin yeni əsərini yüksək qiymətləndirərək, kitabın tariximizin unudulmaması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox faydalı olacağını vurğulayıblar. Bildirilib ki, ömrünün müdrik çağlarında qələmə aldığı “Ağbaba” poeması ilə Səyyad Ağbabalı “bir ömür yaşadım ağlı-qaralı” publisistik əsərinə sanki bir sirdaş yaradıb.