“Göy tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri”, “Şair və şər” romanlarından sonra “Sunami” (2011) və “Akademikin son əsəri”ni (2017) yazması onun ardıcıl yazıçı mövqeyi və prinsipiallığının bir daha təsdiqidir. Sabir Rüstəmxanlı qələmə sarıldığı gündən “Millət!” deyən, “Millət!” hayqıran və “millət deyən”i deyən yazıçıdır. Onu daim millət savaşında öndə, ucada, görünən yerlərdə, yüksəldiyi millət tribunalarında görmək olar. Yazıçılıq da bir tribunadır; 1988-ci il millət hərəkatından belə Sabir Rüstəmxanlını bir yandan susanda/susdurulanda o yandan danışan görürük. Bu, onun “ömür kitabı”dır.
Millət idealı – milli istiqlal və romantizm hərəkatının irəli sürdüyü çağırış və tələbdir; və bir qayda olaraq romantizm-realizm ədəbiyyatını yetirir. Sabir Rüstəmxanlı qələminin əlacsız romantizmi və güzəştsiz realist yazı tərzi də görünür ki, “hali-vətən” ilə izah olunmalıdır. Yazıçını romanlarında əsrlər uzunu daddığımız romantizm şərbətinin nədən perpetium-mobile realizm acıları doğurduğu dərindən düşündürür. Altay Qızılbaşın dediyi kimi: “Bu günün əyriliklərinə göz yumub, tarixin düz olanını axtarmaq, bugünkü zülmlər qarşısında susub, tarixdən yazanda cəsarətə gəlmək qorxaqlığın böyüyüdür və gözə kül üfürməkdir…” Qətiyyətlə demək olar: bu gün günün ən realist romanlarını Sabir Rüstəmxanlı yazır…
Belə ki, hətta çağdaş qlobal fəlakətlərin bağrından qopub gələn Sunami də (eyni adlı romanın fakturasını nəzərdə tuturam) milli qəhrəmanın tipologiyasını həmin bu real, real olduğu qədər də əcaib “yer çəkişmələri”nin cəngindən qurtarmaqda acizdir. İlk baxışda(n) “Sunami”nin (Bakı, “Qanun”, 2011) qəhrəmanı Şahin seçilmişlərdəndir; uzay – kainat qüvvələri tərəfindən seçilmişdir. Qəfil yaxalanıb kosmosa sirli-sehrli səyahəti bunu ona qandırır: “Bura bilmədiklərini öyrənmək üçün gətirilmisən. Yerin kainata açılan, onun dərinliklərini və sirlərini görən gözlərindən birisən. Ancaq burda eşidəcəklərin önündə yeni sirlər açacaq. Bunları yerdəkilərə də anlatmalısan…” Guya göydəkilərin öyrətdiklərinin yerdəkilərə bir faydası olurmu? Axı bu, həməncə minbərdəkilərin bizi gömdüyü yerdir…
Şahin Şamaxı rəsədxanası müdirinin müavinidir; sovet sistemi ilə birgə qocalmış müdirin əvəzinə indi bütün işlər ona baxır. Sistem çökən zaman dağıntılardan rəsədxananı təkbaşına qoruyan o olur: “Uzun dava-dalaşdan sonra Akademiyanın dünyanı vecinə almayan rəhbərliyini rəsədxananı qorumağın vacibliyinə inandıra bilmişdi. Aydındır ki, bunu elmi dəlil-sübutla, ölkənin indiki durumunun müvəqqəti olduğuna inandıra-inandıra eləmişdi…” Və “müvəqqəti”lik nə qədər acı bağırsağa dönürsə, qəhrəman o qədər də möhkəm dirəşir:
“Akademiya rəhbərliyinin vədlərinə baxmayaraq, özü də Prezident Aparatına, Nazirlər Kabinetinə həyəcanlı məktublar yazdı, qəzetlərə verdiyi müsahibələr uc-uca calandı, televiziyaları xahiş-minnətlə şəhərciyə dəvət elədi…” Növbənöv psixoloji təzyiqlərə, hətta müdirinin: “Mən bugün-sabahlığam, özün üçün qurursan…” – atmacalarına da məhəl qoymur. Ən nəhayət, gənc müstəqil dövlət özünə gəldikcə Rəsədxanaya da növbə çatır. “Daha doğrusu, prezident özü qonşu kəndlərdə tikilən məktəblərin açılışına gələndə rəsədxana ilə maraqlanmış və qərarını vermişdi…”
Doğrudur, daxilən qəzəbli qəhrəman mübarizəsindən də çox sırf realist məntiqə arxayındır: “Ancaq Şahin rəsədxanaya münasibətin birdən-birə dəyişilməsinin ayrı səbəblərini də bilirdi. Nazirlər dağ yamaclarındakı saraylarının yanında bir vaxtlar bütün Avropada tayı-bərabəri olmayan, unikal elm məbədinin belə xaraba görkəmindən xoflanırdılar. Gəlib-gedən, görən nə deyər?..” Amma axı onun dərdi tam başqa; hamıdan gizlədiyi sirrə bağlıdır: “İllər uzunu rəsədxanada sakitcə çalışan Şahinin birdən-birə dəyişilib cəsarətlə bütün qapıları açmasının, əvvəllər öz ağlına da gəlməyən, daşı da yumşalda bilən dəlil-sübutla, elmi məntiqlə buranı qorumaqdan, bərpa eləməkdən başqa yolun qalmadığını başa salan, dediyindən bir addım geri durmayan ötkəm, mübariz bir adama çevrilməsinin səbəblərini kimsə bilmirdi. Onun ağlına heyrətli bir genişlik və kəsər verən qüvvənin göylərlə, yadplanetlilərlə bağlı olduğunu kimsəyə inandırmaq olmazdı…” Olmur da…
Bu yerdə sanki qəhrəmanın qarşısında daha iki qapı açılır. Birisi ahıl çağında (qəhrəman barəsində yığcam informasiyada oxuyuruq: “Oğlu Amerikada, Dünya Bankında, qızı Kıprısda. Öz həyatlarını yaşayırlar… İkisinin də ailəsi, uşağı… bir sönən ulduzu, həyat yoldaşı da yaxınlıqdakı qəbiristanda…”) bəxtinə çıxmış Yer xoşbəxtliyi – adında Göyləri rəmzləşdirən gənc Ulduzun roman boyu qəhrəmanımızı düşdüyü mühitdən qoparıb (hətta hər cür tabulara göz yumaraq) çılğın sevgi ehtiraslarına qərq etməsidir: “Şahin sataşmaq istədi Ulduza: “Necə qarşılayacaqsan məni, orkestrlə?” Cavab maraqlı idi. “Əlbəttə! Səni qarşılayacaq orkestrin üzvləri: mən və əllərim, saçlarım, dodaqlarım, dilim, mərmər sinə, açıq qollar… Başqa kimsə lazımdır?”
İkincisi də bunun göy invariantı – Tanlu: “Bəs Ulduz” sualı fikrindən keçər-keçməz Tanlu, sanki, tamam ayrı bir şeydən danışırmışcasına, “Biz iki bədəndə bir canıq!” – dedi və ona sarıldı…”; qəhrəmanımızı Yerin-torpağın cazibəsindən bir anlıq qoparıb uzayın uzaq sirlərinə vaqif edən də məhz o olur… “Onsuz da Yer üzü anlaşılmazlıqlarla doludur. Üstünə Göylərin də sirlərini gəl, onda görüm necə yaşayacaqsan…”
Belə ki, qəhrəmanımız əməlli-başlı dekadans durumundadır. Həm də təkcə romanın əvvəlində milli həyatın qəfil qovuşduğu müstəqillik illüziyasının dağılmasında(n) yox: “Sənin işin göylərdir. Elmlər doktoru, Akademiyanın müxbir üzvü… Hamısını göylərə borclusan. Yerin dərdi tükənən deyil. Uzağa niyə gedirsən? Elə öz taleyimizə bax! Müstəqillik deyirdik, bu da sənə müstəqillik! Rusiya sənin torpağının yarısını kəsib bağışladı erməniyə, sonra dedi “yaşa müstəqil, görüm necə yaşayacaqsan, necə çəkəcəksən bu dərdi…” Daha böyük fəlakət kulminasiyada – balaca Yer kürəmizin sürükləndiyi çıxılmazlıq durumunun özündədir: “Allah tək bizi yox, sizi də köməkçisi yaradıb. Təəssüf ki, aranızda Yer düşmənlərinin casusları çoxalıb. İnsan oğlunun bir qismi şüursuz bir vərdişlə bu dağıdıcılara xidmət edir. Şər missionerləri getdikcə daha böyük gücə çevrilirlər. Dünya müharibələri, din, məzhəb savaşları, sivilizasiyaların izini itirən, Yerin mizanını pozan, həyat mənbələrini dağıdan ehtiraslar… Yer Ana kimi çörək verir, su verir. Ancaq öz övladlarının qayğısını görmür…”
Bu ki: kimsə bu durumda modern qəhrəmanımızı götürüb, – axı o, dekadansın doğma övladıdır!, – öz “xoşbəxt küncü”nə çəkilə, qlobal təzadları iç savaşlarına çevirib, çək ki çəkə biləsən bu dünyanın dərdini… – söyləyə, necə ki, Mətn təhrik edir: “…Ədalət axtarışı çətin işdir. İstəyirsən çıx ordan, gəl otur institutda. Unutduracağam sənə rəsədxananı. Ulduz istəmirsən? O burdadır, sənin qucağında. Dünyanın aqibətini onlar düşünsün. Bizim itirəcəyimiz bir şey yoxdur…”
Ya bəlkə “paralel dünyalar”ın (bu ifadə romandan da keçir) cazibəsinə uyub, kimsə də post-modern oyunların amerikan-sayağı super-qəhrəmanını yapa; və kainat sirlərinin əvvəl-axır müdrikliyinə güvənib planetlərarası yelləncəkdə yellən ki, yellənəsən… – hüdudsuz virtuallıqdan heç doymaya. Görünür ki, bu da bizim gücümüzdə deyil, bir dəfəylə olmurmuş (biz də edərik aləmi-röyada tərəqqi!); necə ki, Mətn də işarə edir: “Yox! Bu, Ulduz deyil. Bu, kainat gözəlidir – Tanlu… Ona Yeri gözləyən fəlakətlərdən, insanlığı qorumağın vacibliyindən danışan, Qədim Yerin kainatdakı mühacir vətəndaşı… Ancaq nədənsə mələk cildində gəlib… Sonra o qəribə axşamdan beyninə həkk olunmuş səsi aydın eşidir: Biz sənə Yeri qoru demişdik. Amma Yerdəkilər səni anlamadılar…”
Amma axı yox!; bütün bu “modernizə”lər Millətin, millət övladının, idealın, vətəndaşın böhranı, bəşərin (bəşəriyyətin!) özgələşməsi ilə başlayır. Bizim ki qəhrəmanımız hələ özüdür, özündədir, Millət savaşından doymayıb; realizm cəbhəsində möhkəm dirənib… Bu halda görək “hali-vətən” nə deyir? Rəsədxana ətrafı yerlərə göz dikmiş, onu param-parça ələ keçirib villalar ucaldan qara qüvvələrlə (ki, “…yeni üsul tapıblar. Nə qədər iş adamı, narkotika alverçisi, əyri yollarla pul qazanan varsa, giriblər vəzifəlilərin qoltuğunun altına…”) demaqoji mübarizəsini axıracan sürdürən qəhrəman elə reallığın da qurbanı olur… İndi nə olsun ki, texnikalar-texnologiyalar özgədir, biz avtomobil minməyə başlamışız; elə qəhrəmanımızı da bu növ qəzaya salıb öldürürlər. Və gözündə parlayan Ulduzlar da əslində romantik ümidin idillik metaforası olaraq qalır: “Yenə Ulduz, ulduzlar, göylərin tanış mənzərələri… və Şahini sarsıdan bir səs… Yer atmosferinə çırpılan Sunaminin gurultusu…” Qəmi-möhnət füzun oldu, səbəb boynu yoğun oldu… Demə, qəhrəmanın seçilmişliyi: “müsibəti-Fəxrəddin” qədəriymiş…
Şahinin qurtardığı yerdən mübarizəyə Murad başlayır; Murad “Akademikin son əsəri”nin (Bakı, “Sabir Yazarlar Ocağı”, 2017) qəhrəmanlarından biridir, romanın tən yarısında – ikinci hissəsində peyda olur…
“Akademikin son əsəri” çıxar-çıxmaz, ədəbi informasiya aləmində sorağı belə yayıldı ki: Sabir Rüstəmxanlı akademik Ziya Bünyadov haqqında roman yazmışdır. Əlbəttə, bu dürüst informasiya deyildi. Hadisələr və həyat faktlarından romanın qəhrəmanı Ziyad Şıxlı obrazının arxasında (prototip) məhz akademik Ziya Bünyadovun durduğunu görmək heç də çətin olmasa da, məsələn, “Şair və Şər”dən (Məhəmməd Hadi haqqında roman) fərqli olaraq, “Akademikin son əsəri” bioqrafik roman strukturunda qurulmamışdır… Romanın ekspozisiyasında repressiyaya uğramış məşhur filosofun qızı, “şöhrətin zirvəsində olan atasını birdən-birə itirmiş, bircə günün içində xalqın sevimlisinin qızından xalq düşməninin qızına çevrilmiş”, zəmanədən incik Sara xanımın akademikin qəbuluna gəlməsini yadımıza salaq, əsərdə bir daha onu görmürük; amma bu həm də onun – Sara xanımın romanıdır, yarımçıq tale romanı… Bir qədər sonra akademik Ziyad Şıxlı ilə ilgili daha bir obrazla – Altay Qızılbaşla rastlaşırıq; və romanın əvvəlindən sonuna hələ çox yerlərdə ani görünüb də, hadisələrə birbaşa-publisist müdaxiləsini hiss etdiyimiz obrazın arxasında (prototip) müəllifin özünün durduğunu duyur, bilirik. Bu həm də elə onun – Sabir Rüstəmxanlının, hələ axıracan yazmadığı, yazılmamış, yazılası romanıdır… Ziyad Şıxlı və Vladimir, ata və oğul dastanı, ata sevgisi ilə Vətənə can atan düşmən qiyafəli (hərbçi) oğulun faciəsi; bu həm də elə onun – Oğulun romanıdır… Əsərin ikinci hissəsində Muradla birgə mətnə xeyli yeni personajlar-talelər daxil olur: atası Əlican və bütünlükdə ailəsi, nəslinin sürgün epopeyası; sevgisi – 1930-cu illər repressiyalarında(n) babasının günah yükünü daşıyan Aysel və onun anası Səhər xanım; bu həm də onların romanıdır… Muradın dostu Şahin və onun kimi 1980-ci illər meydan hərəkatının neçə sıraviləri; bu həm də o hadisələrin – yaxın tarixin getdikcə bizdən uzaqlaşan, az qala unudulmaqda olan romanıdır…
Və ümumən müəllif “Akademikin son əsəri”nin mətndə yaratdığı ideya gərginliyinin romandan daha üstün, romana-sığmazlığını görüb, tarix səhnəsində cərəyan edən hadisələrə əlavə bir vurğu (sanki remarka) ilə aydınlıq gətirməyə cəhd edir: “Bu roman Azərbaycan türklərinin üzləşdiyi yeni bir fiziki və mənəvi repressiyaya – genetik savaşa həsr edilib”… Yəni ki, özümüzü kənar çəkməyək, lütfən, bu həm də sənin, mənim, bizim romanımızdır; Türkün romanıdır, toplumun, Millətin romanıdır… Şəklin müəllifi – Zaman, adı – İnsanlığın tarixi faciələri…
Bu ki, mətndə Murad uzaqlardan, tarixin uzaqlığından peyda olur və romanın ağırlığını üstünə götürür… Birinci hissədə bu yük akademik Ziyad Şıxlının üstündədir; reallığın ağırlığını daşımaq onun üçün çox çətindir. Qəhrəmanın açıq-publisistik düşüncələr selindən ölkədə cərəyan edən hadisələrin törətdiyi altşüur gərginliyinəcən roman atmosferi bunu hər səhifədə duyurmaqda, görükdürmədədir. Başabəla yenidənqurma, işğalçılıq niyyətləri güdən saxta erməni oyunları, sovet saray mühitinin başdan iylənməsi, 20 yanvar təcavüzü və onun törətdikləri, əsrlərin ölkəmdə sürən komendant rejimi, imperiyanın növbəti çöküşü, Müstəqillik saatı… əmma (!) yenə də müstəqil ola bilməyən Millət… Doğrudur, Ziya Bünyadovun bütöv bioqrafiyası da burda, roman diskursunda; akademik Ziyad Şıxlı obrazında təcəssümlənib. Azərbaycanlı-türk, millət xarakterini o sovet libasında (ordenli-ulduzlu, Sovet İttifaqı Qəhrəmanı yüksəkliyində), faşistlər və faşist kimilərlə daim hərb meydanlarında və elm cəbhəsində bütünlüklə cəsur ömür yolundan keçirib. Bunu biz bilirik və roman oxucusu da məmnuniyyətlə bütün bunlara şərik olur; indi hünər bu həqiqəti açıq-açığına, publisistcəsinə yenidənqurma (əslində: yenidənqırma) və müstəqillik iztirablarından keçirməkdədir: “1990-cı il 20 yanvar faciəsindən bir il keçdi, ancaq Bakıdan matəm ovqatı dağılmadı. Ordunun susdurduğu, əlini-qolunu bağladığı şəhər qaralmış ocağa bənzəyirdi. Tərkibində olduğu dövlət ona xəyanət etmiş və onun ruhunu öldürmüşdü. Dağıdılan yolları, yandırılan evləri bərpa etmək olardı, ancaq Moskvaya olan ümidləri bərpa etmək mümkün deyildi…”
O da doğrudur ki, müstəqilliyin romantikası akademikə qol-qanad verir; millət qəhrəmanı olaraq pyedestala qaldırır. “Akademik yazı masasından ayrılmırdı. Repressiya haqqında əsərini tamamlamaq üzrəykən yeni repressiya dalğasının vurması onun bütün planlarını pozmuşdu. 37-nin dalınca bu günləri yazmalı idi…” O cümlədən Türk dünyasının sözçüsü kimi romanda geniş publisist fəaliyyətinə meydan açır, Türküstana və İrana səfərlərini də zərurən vurğulamaqla: “Aral dünyanın, ilk növbədə türk aləminin faciəsidir. Orda Aral, cənubda Urmiyə. İki fəlakət yetişdirilir Türküstan və Azərbaycan üçün!.. ”
Amma müstəqilliyin iztirabları vədlərindən daha batman gəlir; reallığın acısı hər növ romantik kürsüləri yenir:
“Düzünü deyim ki, onsuz da Məclisdəki o mənasız mübahisələrin, yaxud bu hadisələrin heç birindən elmi araşdırmalardan aldığım ləzzəti ala bilmirəm. Ətrafımda baş verən olayların, ziddiyyətlərin, xəyanətlərin, hətta öz millətinə qarşı çevrilmiş gizlin niyyətlərin də əsl səbəbini və mahiyyətini öyrənəndə keçmişi daha yaxşı dərk edirik. İnsanın tarixdən ibrət almaması yüz illər boyu yer üzündə nizam yaratmaq istəyən müdriklərin ən böyük qayğılarından və ağrılarından biri olub…”
Ümumən mətndə hər bir süjet (roman) qəhrəmanları elə realiyalara gəlib dirənir ki, onu dəf etmək və bundan o yanasını yazmaq da mümkünsüz görünür… Akademik Ziyad Şıxlının qovluğundan çıxan “nağıl-roman”, necə deyərlər, roman içində roman – “akademikin son əsəri” məhz bu həqiqəti şifrələyir. Ölkəyə gətirilən geni dəyişdirilmiş meyvələr kimi, millətin də geni dəyişdirilmiş, mutasiyaya uğradılmışdır. Demə, dünya düzənində əməlli-başlı gen savaşı gedir; “kişi toxumları”nın bazara çıxması (“Sirr tam qorunur. Donor kimə yardım etdiyini bilmədiyi kimi, yardım edilən də toxum sahibini tanımır…”) dünya nizamını kökündən çevirməyə qadirdir. Aslan nazirin oğlu Kamranın romanı bütünlükdə millət kişisinin faciəsidir:
“Sarı, qara, qızılı… Bir millətin övladları, amma hərəsi bir rəngdə. Gənclikdən bədənləri lət bağlamış, kəlpeysər, şişman, döşləri qadın döşü kimi sallaq, gözləri süzgün, əlləri nazik və tərli… Bir sözlə, erkəkliklə qadınlıq arasında bir varlıq. Bunlar da cəhənnəm. Danışıq ədaları lap müdhişdir. Ana dillərində sanki məcburiyyət üzündən və elə eybəcər, qarışıq ləhcələrlə danışırlar ki, adamın dəymişi qalmışkən kalı tökülür…”
Nə etməli?! Adətən bu ritorik sualı romantik-realist romanlar qoyur. Və əslində, Sabir Rüstəmxanlının romanı da orakulcasına, hövlnak, “akademikin son əsəri”ndən sitatlarla süslənmiş proloqunda həmin bu kulminasiya dəmindən xəbər verir və bunu “Giriş əvəzi və ya Muradın yuxusu” adlandırır… Murad – arzudur, ümiddir, istəkdir. Murad romana uzaqlardan gəlir və oxucunu uzaqlara, uzaqlara, uzaqlara aparır. Uzaqdan hər şey daha aydın və “asan” görünür. Şərqi Qazaxıstan, Çu vadisi – türkün açıq, azad, sərhədsiz və hüdudsuz olduğu yerlər… Murad “uzaq Azərbaycan” haqqında “babasının nağılları”ndan eşidib və arzularının qanadında ali təhsil almaq üçün Bakıya gəlir. O həm də “uzaq keçmiş”dən – burda hələ türkün saf-duru, genetik olduğu, repressiyaya qədərki ərazilərdən gəlib və romançı üçün hadisələrə məhz onun nəzərləri ilə baxmaq əlverişlidir…
Obraz romantik və romantik illüziyalar-ehtizazlarla doludur. Məhz Murada qoşulub, bir zaman Azərbaycan türkünün elliklə deportasiyaya uğradıldığı doğma yerlərdə, sirli-sehrli dağlarda, “Baba ocağı”nda oluruq; o yerlərdə ki: “Qazaxıstanda hər gün “Vətən!” deyib sızıldayan insanların hərəsinin xəyalında” “bir balaca kəndi, dağı-dərəsi, balaca keçmişi” tək yaşayır… “Qanın yaddaşı tarixin və kitabların yaddaşından daha qədimdir” – deyir romançı; torpağa basdırılmış məhv olan kitabların kədərinə şərik olur, Piribaba ziyarətgahında qorunub-saxlanan tarixə – babasının repressiya həqiqətlərinə ayna tutan “köhnə dəftəri”ndə yazılanlarla təskinlik tapırıq…
Muradla birgə Azərbaycan türkünün sürgün yerlərinə gedir, “bir ay, qırx gün yük vaqonunda min zülmlə gəlib bitib-tükənənə oxşamayan yolun sonunda sanki cəhənnəmin ortasına, ilan-çayanın arasına” düşən insanın gücünə-dəyanətinə heyran qalırıq. İnsan hər yerdə məskən salır: “Qazaxıstanın susuz çöllərində respublikanın yaşıllığa bürünmüş, suları çağlayan, ən abad və qabaqcıl qəsəbələrindən birini quran kişiləri” görürük. Uşaqlıq xatirələrinə qarışıb, babasının danışdığı Azərbaycan Xalq Cümhuriyyəti, 1920-ci ilin faciəli tarixi, Əhməd Cavad və Hüseyn Cavid adlı şairlər, “Bakıda öldürülən və ya Sibirə sürülən ziyalıların qohum-əqrabalarının hələ indiyə kimi Qazaxıstanda yaşaması” barədə şirin-acı söhbətləri dinləyir, sürgün mənzərələri ilə bilavasitə tanış oluruq…
Axı Murad özü nə qədər uzaqda olsa da, həqiqətləri bizimçün də yaxın, lap bugünlərin söhbətidir. Elə həmin “Bakının ağır günləri” ilə də oxucunu Murad görüşdürür:
“Bakı yavaş-yavaş qaynayırdı. Tələbə mühiti, iştirakçısı olduğu görüşlər, hətta küçə-bazar söhbətləri – Milli şüurun yeni intibahından xəbər verirdi. Xalq oyanmışdı…” Kənardan müşahidələr daha səhih olur; “Bakının üstünə öncə Dağlıq Qarabağı qaldırdılar. Murad anladı ki, onun əsl universiteti və yazmalı olduğu tarix indi başlanır…”.
Hadisələr qəhrəmanı Repressiya qurbanları dərnəyinə gətirib çıxarır; “Qazaxıstanda dinlədiklərinin davamını dərnəkdə eşidir…”. Murada görə, bura da “bir universitet”dir:
“Burda ayrı bir dünya vardı və təəssüf ki, öz sakit həyatını yaşayanların çoxu bundan xəbərsizdi… Bu söhbətlər millətin yaxşısına da, pisinə də güzgü tuturdu və onu həyata başqa gözlə baxmağa vadar edirdi. Niyə biz dəyişildik, tarixin qurucularından olan mərd və qorxmaz millət hara getdi?” Təbii ki, bu ritorik suallar Muradla birgə roman personajlarından hər birinin uğraşdığı millət faciəsinə bir başqa tərzdə baş vurmaq üçündür…
Murad akademik Ziyad Şıxlının aspirantı olur, akademikin təklifi ilə deportasiya tarixindən mövzu götürür və 1930-cu illərin arxivlərinə də bizi məhz o aparır… Fəqət romantik qəhrəmanın hünəri müdhiş reallığın sərhədinəcəndir.
Tarixin istehzası: Murad “əzizi, canı, ürəyi”, simasında “vətəni də sevdiyi”, “Bakının küçələrinin doğmalaşdığı”, “bütün həyatını qurban verməyə hazır olduğu”, “sevgisinə güvəndiyi” Ayselinin “dünya şöhrətli alim” babasının imzasını arxivlərdə(n) kəşf edir və sarsılır:
“Ancaq arxivlərdə elə sənədlər gördüm ki, sakit oxumaq mümkün deyil. İndiyə qədər inanmırdım, indi inanıram. 30-cu illərdə sənin babanın da əli qana batıb. O da repressiyaya imza atanlardan, dolayı yolla Moskvanın Azərbaycandakı siyasətini – o siyasət ki, mənim ailəmi bədbəxt günə qoyub, vətənindən didərgin salıb – müdafiə edənlərdən biridir…”
Və günün amansızlığı: Repressiya qurbanları dərnəyində Məhəmməd Əmin Rəsulzadənin kitabının müzakirəsinə yığışmış insanlar həbsə atılır, polis zorakılığına məruz qalırlar:
“Sənin türkün də, Rəsulzadən də, sən də vecimə deyilsiniz. Çox danışarsan, qabırğalarını qıraram sənin…”
Muradın ürəyində şübhə yeri qalmamışdı. “Damarında bu xalqın qanı axan adam belə danışmaz”. Budur bax, gizli savaş. Qida ilə, dərmanla aparılan uzun əməliyyatlara ehtiyac yoxdur. Hazır yeni cins “azərbaycanlı” polis geyimində dayanıb qarşısında…”
Romantik iddia və realist mündəricənin üz-üzə gəldiyi, toqquşduğu kulminasiya məqamı. Bura Vətəndir. Akademikin gəlib dirəndiyi gerçəklər indi Murada dirənir:
“Təməl əyri olanda zaman heç nəyi düzəldə bilmir. Başından böyük danışmaq olmasın. Ancaq susa bilmirəm. Biz kiminlə savaşırıq, Ziyad müəllim? Düşmən təkcə cəbhənin o üzündə deyil. Həm də içimizdədir. Bizə nifrət edirlər, görməyə gözləri yoxdur, imkan düşən kimi əzirlər bizi. Düşmən olmasa, məni söyə, millətimi təhqir edə bilər? Beli bağlı olmasa, kim belə qələt edə bilər, türkü təhqir edən qəzetlər buraxa bilər?”
Azərbaycan reallığı Türkün həqiqətindən daha müşküldür… Elə ki, bəzən 1930-cu illərdən, bəzən hətta “1945-ci ildə atılmış bir faşist gülləsi”nin trayektorasını izləmək, təyin etmək də müşkül olur…
“Nə etməli”mi? Yayınaraq, Murad türkün azad vətəninə, arzularının qopduğu yerə dönür; və oxucunu da ardınca çəkib aparır:
“Murad bu çöllərin genişliyindən, ətrindən, üzünə çırpılan küləklərindən, çıxanda-batanda nəhəng qızmar məcmeyi kimi üfüqü tutan günəşindən ötrü darıxmışdı. Ürgə onun bu həsrətini duyubmuş kimi uçur və uçduqca öz sahibinin yəhərdə yüngülləşdiyini hiss edir, ayaqları yerdən üzülmüş kimi yerlə göy arasında tarixin ən uzun xəttini cızan bir oxa çevrilirdi. Muradın düşüncəsiydi bu. At çölün genişliyinə qanadlananda o, nədənsə özünü minillərlə Asiyanın bozqırlarının dərinliklərindən qalxıb üzü günbatana şığıyan orduların bir əsgəri, köçlərin bir düşünürü sayırdı…”
O da rəmzidir ki, Tarixin ağır yükünü məhz yeni, gənc nəsil aradan qaldırmağa cəhd edir; Aysel və anası Səhər xanım Muradın elçilərini müsbət qarşılayır, üstəlik bozqırlara pənah gətirirlər:
“Bir sözlə, gəlmişəm sənin yanında qalmağa! Babamın elədiklərinin cəzası kimi…” Muradı göz yaşları boğdu… At onları bir həftə sonra kəndə səs salacaq toylarına doğru aparırdı…” Vədverici belletristik bir sonluq.
Bir zamanlar ustad-yazıçılarımızdan biri başqa bir yazıçının Azərbaycan torpağından, Kür qırağının meşələrindən baş götürüb uzaq şimalda, Belarusda təskinlik tapan qəhrəmanı barəsində demişdi ki, bu ideyanın fəlsəfi kökü yoxdur…
“Akademikin son əsəri”nin ictimai və mənəvi tutarğası ap-aşkar göründüyü kimi, şəksiz, fəlsəfi kökü də vardır. Sabir Rüstəmxanlı roman ustasıdır. O, oxucularının qəlbində və düşüncəsində hər zaman Sunami qoparmağı bacarır.