Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: “Amili başla quyruğu səhv salıb”

Rusiya Hərbi Dəniz Donanmasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmilərinin sentyabrın 18-də Bakı limanına daxil olması müzakirələrə səbəb olub.

Bir sıra ekspert və sosial şəbəkə istifadəçiləri bunu Azərbaycan və Türkiyənin Xəzər dənizindəki təlimlərinə cavab kimi qiymətləndiriblər.

Bundan başqa, İran İslam Respublikasının bir sıra şəxslərinin, xüsusən Ərdəbilin imam-cüməsi ayətullah Seyid Həsən Amilinin Azərbaycanı hədələməsi bu hadisələrin fonunda təhlil edilir.

Bildirilir ki, Pakistan, Türkiyə və Azərbaycanın birgə hərbi təlimlərindən sonra baş verənlər Moskva və Tehranın Bakıya mesajıdır.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, İranla Rusiyanın Azərbaycana münasibətinin bəllidir və iki dövlət sıx ittifaqdadır: “Hər iki dövlət Azərbaycan daxilində və xaricindəki prosesləri diqqətlə izləyirlər. Bakının bir il əvvəl 44 gündə işğalda olan əraziləri azad etməsi, bölgədəki quruculuq işləri, beynəlxalq nüfuzunun artması İranı narahat edir. Rusiya barədə bunu deyə bilmərəm, çünki Moskva ilə münasibətlər fərqlidir. Həm də Azərbaycan və Rusiya hakimiyyətlərinin münasibətləri normaldır və bu şəkildə də davam edir. Amma Rusiya erməni diasporasının təsirində olan başqa qüvvələr də var, xüsusən mətbuat orqanlarında onlar əleyhimizə ciddi çalışmaları nəticəsini göstərir. Bu, Ermənistana hərbi yardımda, Dağlıq Qarabağa qayıtmaq xəyallarında özünü göstərir. Konkret olaraq, Rusiyanın xarici işlər naziri dövlətin rəsmi siyasətini idarə etsə də, şəxsi simpatiyasını da gizlədə bilmir, bütün bunlar mürəkkəb münasibət sistemi yaradıb. Amma Azərbaycan bu şəraitdə özünün mövqeyini qoruyur, diplomatik-iqtisadi yolla işini görür”.

Sabir Rüstəmxanlı Rusiyadan fərqli olaraq İranla münasibətlərin daha mürəkkəb olduğunu düşünür: “30 il müstəqillik qazansaq da, Tehran içimizdə təsir dairəsini genişləndirməyə çalışır. İran Yaxın Şərqdə-Livandan, Suriyadan, Yəməndən başlamış bütün bu bölgələrdə təsirini genişləndirməyə çalışır. Bu bölgələrdə terror təşkilatları var ki, hamısı Tehran tərəfindən idarə olunur. Hətta Mərkəzi Asiyada da bunu görmək mümkündür, müxtəlif dərgilər buraxır. Amma Azərbaycanda din xətti işləyir. Dinə inanan insanların səmimi sevgilərindən istifadə edib daimi süni-şiə ayrı-seçkiliyini, aşırı şiəçiliyi qabardırlar ki, bunların arxasında molla rejimin “qara niyyətləri” dayanır. Təsadüfü deyil ki, Tehranın rəsmi dairələri Azərbaycanla xoş niyyətlərini bəyan etsələr də, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili təhdid edir və deyir ki, Azərbaycan İranın quyruğu ilə oynamasın. Ayətullah olsa da, İranın yaxın tarixini bilmir. Vaxtı ilə İran şahı 1945-1946-cı ildə ayrılmaq söhbəti gündəmə gələndə demişdi ki, İran yatmış şirdir, başı Azərbaycandır. Yəni baş kəsilsə, şir ölər. Tarix boyu iqtisadi-siyasi imkanlarına görə Azərbaycan İranın başı sayılıb. Amma Amili başla quyruğu səhv salıb, görünür, başı quyruq üzərində işləyir. Əslində, bölgələrimiz arasında dəmiryolunun açılması İranın iqtisadiyyatına köməkdir, çünki Rusiya ilə birləşdirir və Ermənistanla xətt yaranır. Təəssüf ki, bunu dərk etmirlər. 10 noyabr sənədinə görə, həmin dəhliz açılmalıdırsa, Tehran niyə bundan qıcıqlanır, – başa düşmək olmur. Üstəlik, bizə şiə qardaşı deyə-deyə işğalçıya yardım edib və istilada olan şəhər və kəndlərimizin talanmasında iştirakçı olub. Əgər İranın gözü qarşısında məscidlərimiz dağıdılıb, təhqir edilibsə, hansı şiə qardaşılığında söhbət gedə bilər? Hələ müharibə vaxtı güneylilərinin etirazına baxmayaraq Ermənistana silah yardımı edirdilər. İndi də separatçı rejim iddiasında olanları bəsləyirlər. Dəstək olaraq göndərdikləri nəqliyyat vasitələri də bizim ərazimizdən keçir, Azərbaycanın haqqıdır, onları yoxlamaq, fərqi yoxdur hansı dövlət olur-olsun. Azərbaycan ərazisinə gəlirsə, icazə almalıdır, bunu İranın mollası dərk etmirsə, bizim günahımız deyil”.

Meydan Tv

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …