Milli Məclisin bugünki plenar iclasında deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı büdcədən qənaətlə istifadə ilə bağlı fikirlərə toxunarkən bildirib ki, o qənaətin bəzən faciəli nəticələr doğuracağını nəzərə almalıyıq.
VHP sədri Sabir Rüstəmxanlı Neftçaladakı su problemindən də danışıb və təcili tədbirlər görməyə çağırb: “Bu gün Neftçalada Salyana qədər hətta heyvanların belə içməsi üçün su yoxdur. Hansı ki, keçən il Prezident 5 milyon vəsait ayırıb içməli su kəməri ilə bağlı, amma problem həll olunmayıb. 12 su maşını ilə 80 min nəfərlik rayonu su ilə təmin etmək olmaz. Heyvanlar camaatın gözü qabağında susuzluqdan qırılır, əhali içməyə, əl-üzünü yumağa su tapmır. 5 milyona su kəməri çəkilsəydi, insanlar bu vəziyyətdə qalmazdı. Kürün suyu kəskin şəkildə azalıb, Xəzərin şor suyu Kür suyuna qarışıb. Mən burdan Neftçala camaatının adından həyəcan siqnalı çalıram. Bu məsələ vaxtında həll olunmalıdır, süni yollarla camaatımızı narazı salmalı deyilik”.