Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, jurnalist Sahil Tahirlinin Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibətilə “Yaratmaq amalı” adlı kitabı işıq üzü görüb. Kitabda müəllifin son 3 il ərzində ölkəmizin aparıcı qəzet, agentlik və elektron resurslarında dərc edilən siyasi-analitik və satirik-publisistik məqalələrinin bir qismi toplanıb.
“Yaratmaq amalı”, “Hər anımız Vətən desin”, “Dördüncü güc” və “Satirik qələmlə” bölmələrində təqdim edilən məqalələrdə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan və bu gün uğurla davam etdirilən sosial-iqtisadi islahatlar müəllifin özünəməxsus dəst-xətti ilə oxuculara çatdırılır. Rəngarəng mövzuları əhatə edən məqalələrdə Naxçıvanın reallıqları, tarix və mədəniyyəti, turizm potensialı, dövlətçilik ənənələri, sosial-iqtisadi mənzərəsi hərtərəfli ifadə və təhlil edilir.
Kitabın “Hər anımız Vətən desin” bölməsində təqdim olunan məqalələrdə Naxçıvandan başlanan ordu quruculuğunun real nəticələri, günümüzdə bu sahədə aparılan səmərəli islahatlar və əldə olunan qələbələr öz əksini tapıb. “Dördüncü güc” bölməsində isə muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı və səmərəli fəaliyyəti istiqamətində həyata keçirilən tədbirlər, Naxçıvan mediasının uğurları diqqətə çatdırılıb. Həmçinin müəllif satirik qələmi ilə günümüzün aktual məsələ və problemlərinə də öz vətəndaş və jurnalist münasibətini bildirib.
Kitab mövzulara aid fotoşəkil və karikaturalarla daha da zənginləşdirilib.