Cümə , 10 Yanvar 2025
Drone Cameras

Salome Zurabişvili prezidentlik səlahiyyətlərini davam etdirəcəyini bildirib

O, yeni ofisində keçirdiyi ilk brifinqində Prezident olaraq qaldığını bəyan edib

Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili başqa ofisdə də olsa, öz səlahiyyətlərini davam etdirəcəyini bildirib.

O,  yeni ofisində keçirdiyi ilk brifinqində Prezident olaraq qaldığını bəyan edib.

“Sizi Orbeliani sarayının (Gürcüstan Prezident Administrasiyası sarayı-red.) davamı olan yeni ofisdə salamlamaq istəyirəm. Bu, Orbeliani sarayı olmaya bilər, amma ruh buradadır və hazırda çox dərin böhran içərisində olan Prezident vəzifəsi burada davam edir”, – Zurabişvili deyib.

O bildirib ki, hazırkı hökumət və parlament qeyri-legitimdir.

“Onlar seçkiləri oğurlayıblar, ölkə çıxılmaz vəziyyətdədir, bütün dövlət qurumları bir partiyanın əlindədir. Buna görə Gürcüstan beynəlxalq arenada təcrid olunub”, – keçmiş Prezident deyib.

Onun fikrincə, yeni seçkilər mövcud vəziyyətdən yeganə çıxış yoludur. Zurabişvili ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcəyini və orada yüksək səviyyəli görüşlər keçirəcəyini bildirib. Keçmiş Prezident hesab edir ki, Gürcüstanın böhrandan çıxmaq üçün tərəfdaşlara ehtiyacı var.

2024-cü il oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib.

2012-ci ildən ölkəni idarə edən “Gürcü Arzusu” Partiyası 53,92% səslə qalib gəlib.

Müxalifət koalisiyaları səsvermənin nəticələrini tanımaqdan imtina ediblər.

Zurabişvili yeni parlamenti “qeyri-legitim” adlandırıb və yeni seçkilər keçirilənə qədər istefa verməkdən imtina edib.

Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin oktyabrın 26-da keçirilən və “Gürcü Arzusu”nun qalib gəldiyi parlament seçkilərini Konstitusiyaya zidd kimi tanımaq iddiasını qəbul etməyib.

Baş nazir İrakli Kobaxidze dekabrın 29-da səlahiyyət müddəti bitənə qədər vəzifəsini tərk etmədiyi təqdirdə Salomeni cinayət işi ilə hədələyib.

Bunun fonunda respublikada kütləvi etirazlar davam edib.

Mixail Kavelaşvili Gürcüstanın yeni Prezidenti seçilib, onun andiçmə mərasimi dekabrın 29-da olub və o, Pezidentin iqamətgahı olan Orbeliani sarayında öz səlahiyyətlərinin icrasına başlayıb.

Check Also

ABŞ Ukraynaya 500 milyon dollarlıq hərbi yardım göndərəcək

Hərbi yardım ABŞ-nin Prezident Administrasiyasının Təhlükəsizliyi İdarəsi vasitəsilə göndəriləcək Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostin …