Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Milli maraqlarımıza xələl gətirəcək fəaliyyətlərin qarşısı qəti alınmalıdır”

Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra onun qarşısında bir sıra mühüm, o dövr üçün həyati vacib olan məsələlər,  həmin məsələləri həll etmək dayanırdı. Ölkəni iqtisadi baxımdan dirçəltmək, inkişaf etdirməklə yanaşı. Siyasi aspektdə də məqsədyönlü islahatlar, tədbirlər həyata keçirib onu tanıtmaq, dünyaya sübut etdirmək lazım idi. Amma kifayət qədər çətin və böhranlı vəziyyətin mövcud olması bu prosesi əngəlləyirdi. Eyni zamanda hələ də mövcud olan bürokratik əngəllər Azərbaycanın siyasi baxımından inkişafını ləngidir, onu irəli aparmağa qoymurdu.  Ölkədə faktiki olaraq demək olar ki, birpartiyalı sistem hökm sürürdü. Əgər müstəqilliyin ilk illərində Ayaz Mütəllibovun bağlı olduğu Kommunist Partiyası Azərbaycanın siyasi arenasında əsas söz sahibi sayılırdısa, Ayaz Mütəllibovun hakimiyyətdən uzaqlaşdırılıb hakimiyyəti AXC-Müsavat cütlüyü ələ keçirdikdən sonra sözügedən siyasi qüvvələr ölkənin siyasi mənzərəsini əks etdirirdi. Düzdür, 1992-ci ildə Milli Hərəkatçılarla bir yerdə olan Etibar Məmmədov da özünün Milli İstiqlal Partiyasını təsis etmişdi. Lakin faktiki olaraq bu partiyanın da fəaliyyətinə müəyyən zaman kəsiyində əngəllər, problemlər yaradılırdı. Cəbhəçilər milli istiqlalçıları özlərinin əsas rəqibi kimi gördüyündən maksimum dərəcədə bu partiyanın ölkənin siyasi həyatında aktiv rol oynamasını əmgəlləyirdilər. Həmçinin yeni siyasi partiyaların təsis edilib fəaliyyət göstərməsi də o dövr üçün problemli idi. Yeni Azərbaycan Partiyasının təsis toplantılarına edilən polis müdaxiləsi, yerlərdə siyasi aktivliyin qarşısını almaq məqsədilə yaradılan əngəllər Azərbaycanın siyasi cəhətdən plüralist bir cəmiyyət olduğunu şübhə altına alırdı.  Bu da öz növbəsində Azərbaycanın beynəlxalq imicinə mənfi təsir göstərirdi. Bir qayda olaraq beynəlxalq təşkilat və qurumların yaydığı hesabatlarda Azərbaycan siyasi hüquq və azadlıqların pozulduğu ölkə kimi xarakterizə edilir, ölkəmizdə siyasi plüralizmin təmin edilmədiyi haqlı olaraq həmin sənədlərdə öz əksini tapırdı.  Xüsusilə, demokratiya, azadlıq, müstəqillik şüarları ilə hakimiyyətə gələn siyasi dairələrin belə bir antidemokratik mühit yaratması, siyasi hüquq və azadlıqları məhdudlaşdırması təəccüb və təəssüf doğururdu. Lakin bu mənfi tendensiya bir neçə il davam etdi və 1993-cü ilin ortalarından sonra Azərbaycan yeni bir dönəmə qədəm qoydu. Hər şey ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra baş verdi.  Dərin siyasi təcrübəyə, zəngin idarəçilik qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyev qısa zamanda həyata keçirdiyi məqsədyönlü islahatlar. atmış olduğu müdrik addımlar nəticəsində Azərbaycan barədə o zamana qədər yaranmış mənfi imici, dəyərləndirməni aradan qaldırmağa müvəffəq oldu.  Heydər Əliyev gözəl bilirdi ki, ölkədə siyasi plüralizmin bərqərar olmasının yolu siyasi partiyaların yaradılmasından, çoxpartiya sistemin mövcudluğundan gedir. Ona görə də ümummilli lider Onun zamanına qədər mövcud olan Azərbaycanda siyasi partiyaların yaradılmasına yönəlik bürokratik əngəlləri aradan qaldırdı.  Ölkədə siyasi partiyalar və ictimai birliklərin yaradılması proseduru kifayət qədər sadələşdirildi.  Tezliklə yaradılan onlarla siyasi partiya və ictimai birliklər Azərbaycanın siyasi mənzərəsini müsbətə doğru dəyişdi və ölkədə tədricən siyasi plüralizm ənənələri bərqərar oldu. Siyasi partiyalar artıq heç bir maneə ilə üzləşmədən ölkədə keçirilən bu və ya digər seçkilərdə iştirak edir, istər parlamentə, istərsə də bələdiyyələrə namizədlər müəyyənləşdirir,  seçkilərin əsas favoritinə çevrilirdilər.  Sonrakı illərdə bir-birinin ardınca atılan müsbət addımlar ölkədə siyasi partiyaların normal şərtlər altında fəaliyyəti üçün zəmin yaratdı.  Beləliklə, Azərbaycan dünyada siyasi plüralizmin təmin edildiyi məkan kimi tanınmağa, özünü təsdiq etməyə başladı.

Günümzdə də Azərbaycan bu ideyalara sadiq qalaraq plüralizm ənənələrini inkişaf etdirir, onu qoruyub saxlayır.  Hazırda Azərbaycanda yüzlərlə siyasi partiya, ictimai birliklər mövcuddur ki, onların fəaliyyətinə də dövlət tərəfindən heç bir maneə, problem törədilmir.  Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli deyir ki, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənə hazırda da davam etdirilir. 

-Samir bəy, demokratik cəmiyyətlərin başlıca göstəricilərindən biri də siyasi plüralizmdir. Bu sahədə Azərbaycanda hazırkı vəziyyət necədir və sizcə ölkədə siyasi plüralizm mövcuddurmu?

-Plüralizm bir məsələ ətrafında bir neçə fikir fərqliliklərinin bir araya gəlməsi, ayrı-ayrı mülahizələrin, baxışların normal qəbul edilməsidir. Siyasi plüralizmin mövcudluğu üçün çoxpartiyalı sistem, azad mətbuat, parlamentarizm və dövlətdən asılı olmayan QHT-lərin fəaliyyət göstərməsi vacibdir. Hal-hazırda ölkədə 55 siyasi partiya, 3000-ə yaxın QHT və 5000-dən artıq KİV mövcuddur. Bu da o deməkdir ki, Azərbaycanda hüquqi dövlətin inkişafı istiqamətində demokratik təsisatların yaranmasına və fəaliyyətinə geniş şərait yaradılıb.

 -Azərbaycanda siyasi plüralizmin mövcudluğu daha çox necə özünü büruzə verir və hansı cəhətlərinə görə, belə əminliklə deyər bilərik ki, Azərbaycanda siyasi plüralizm var?

-Plüralizmin var olduğunu demək üçün üç əsas şərt olmalıdır. Birincisi siyasi, ikincisi iqtisadi, üçüncüsü fikir və din azadlığı. Hər üç sahədə dövlət tərəfindən illərdir geniş proqramlar həyata keçirilməkdədir. Ayrı-ayrı siyasi partiyalar, təşkilatlar, hətta fərdlər ölkənin bütün həyatını əhatə edən məsələlər ətrafında açıq şəkildə mövqelərini bildirirlər. Həm mətbuatda, həm sosial şəbəkələrdə, həm də kütləvi tədbirlərdə hökumətin siyasətini tənqid etmək imkanı mövcuddur.

-Bu gün parlamentin tərkibi, parlamentdə təmsil olunan partiyalara maddi yardımın ayrılması fonunda da siyasi plüralizmin mövcud olduğunu söyləmək olarmı?

-Təbii ki, parlamentdə təmsil olunan partiyalara dövlət tərəfindən maddi yardımın ayrılması onların siyasi fəaliyyətlərinə, yerlərdə təşkilatlarının inkişaf etdirmələrinə böyük köməkdir. Bu da ayrı-ayrı siyasi qurumların fəallığının artmasına səbəb olur.

-Partiyaların tutduğu xətt, nümayiş etdirdikləri siyasi mövqe bu sırada nə dərəcədə nümunə rolunu oynayır. Yəni ölkədə müxtəlif yönlü partiyaların fəaliyyət göstərməsi də siyasi plüralizmdən xəbər vermirmi?

-Bu gün ölkəmizdə müxtəlif ideoloji təmayülə bağlı olan partiyalar fəaliyyət göstərir. Və onlar ölkənin siyasi- iqtisadi, sosial- mədəni və bir çox sahələrini əhatə edən məsələlərlə bağlı fərqli baxışlarını ortaya qoyurlar. Həm parlamentdə aparılan müzakirələr, həm mətbuatda, həm də kütləvi aksiyalarda edilən çıxışlar göstərir ki, ölkəmizin ictimai-siyasi mühitinə fikir müxtəlifliyinin təsiri böyükdür. Cəmiyyətimizin də ayrı-ayrı siyasi qurumların mövqe və baxışlarına göstərdiyi münasibət plüralizmin daha bir nümunəsidir.

-Bəs digər ölkələrlə, xüsusilə region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə hansı yerdə qərarlaşıb?

-Nəinki region ölkələri ilə müqayisədə, eyni zamanda özünü demokratiyanın qalası hesab edən bir sıra qərb ölkələri ilə müqayisədə də ölkəmizdə fikir azadlığı və siyasi plüralizm daha çoxdur. Xüsusilə son illər Avropa ölkələrində, Amerikada fikir və dini etiqad azadlığı sahəsində sosial-iqtisadi plüralizmlə bağlı ciddi problemlərin şahidi oluruq. Amma nədənsə elə həmin ölkələrin cəmləşdiyi təşkilatlar tərəfindən haqqsız tənqidlərə məruz qalırıq. Azərbaycan 26 ildir müstəqilliyini bərpa edib və 25 faiz ərazisi Ermənistan tərəfindən işğal olunmuş bir dövlətdir. Gənc müstəqil dövlətin qurulması həm də işğalla üz-üzə qalaraq öz ölkəsində demokratik təsisatların inkişaf etdirilməsi heç də asan proses deyil. Bu kimi bir sıra səbəbləri nəzərə almaqla qeyd edim ki, ölkəmizdə bu istiqamətdə işlərin davam etdirilməsi də vacibdir.

-Sizcə, siyasi plüralizmdən partiyalar səmərəli istifadə edirlərmi, yoxsa bu sahədə də sui-istifadə hallarına yol verilir?

-Çox təəssüflər olsun ki, sui-istifadə hallarına yol vermək ənənəsi nəinki siyasi partiyalarımızda, digər sahələrdə də mövcuddur. Ölkəmizin inkişafını, milli müstəqilliyimizi sevməyən ayrı-ayrı xarici dairələr Azərbaycanda bəzi siyasi qurumlardan istifadə edərək siyasi plüralizm adı altında öz çirkin məqsədlərini həyata keçirməyə çalışırlar. Dövlətin imkan yaratdığı siyasi, fikir və din azadlığından istifadə edib milli maraqlarımıza xələl gətirəcək fəaliyyətlərin qarşısı qəti alınmalıdır. İqtidar, müxalifət, müxtəlif ideoloji baxışlara malik partiyalar ölkədə bir siyasi mədəniyyətin, siyasi dialoqun formalaşmasına çalışmalıdırlar. Respublika konstitusiyasının imkan verdiyi bütün vasitələrdən partiyalar maksimum istifadə edərək ölkə əhalisinin, xüsusilə də gənclərin siyasi fəallığına təsir göstərməlidir. Cəmiyyətin siyasi fəallığından heç bir zaman çəkinmək lazım deyil, əksinə bu amil ölkənin inkişafına ciddi dəstəkdir. (olaylar.az)

 

boyukmillet.com

 

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir