Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adgözəlli:Azərbaycan ordusunun 2016 və 2018-ci il uğurlarının davamlı olması üçün münbit şərtlər var

img

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı bildirib ki, qarşımızda duran ən vacib məsələlərdən biri döyüş qabiliyyətimizin artırılmasıdır və bu istiqamətdə də lazımi addımlar atılır.

Dövlət başçısı deyib: “Həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları bunu göstərdi. Biz böyük ərazini işğalçılardan azad edə bilmişik. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsini 2016-cı ildə düşməndən azad etmişik və o torpaqlarda Azərbaycan bayrağını ucaltmışıq. Ermənilərin işğal edilmiş torpaqlarda qazdıqları səngərlərə girmişik. Biz indi orada otururuq və orada möhkəmlənmişik. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etmişik və strateji yüksəkliklərə çıxmışıq. Ermənistandan Dağlıq Qarabağa gedən yol bizim gözümüzün qabağından keçir. Ona görə döyüş qabiliyyətinin artırılması istiqamətində əlavə addımlar atılmalıdır ki, biz hər an ərazi bütövlüyümüzü bərpa etmək üçün hazır olaq. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və ediləcək, heç kimdə bu haqda şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq. Geosiyasi vəziyyətə daim nəzarət etməliyik. Beynəlxalq müstəvidə dəyişən vəziyyəti düzgün təhlil etməliyik və beynəlxalq aləmdə daha çox dost toplamalıyıq. Biz bunu da edirik. Bu gün beynəlxalq aləmdə Azərbaycanla dostluq edən ölkələrin sayı gündən-günə artır”.

Göründüyü kimi, ölkə başçısı ordunun son illər əldə etdiyi uğurlardan danışıb. Azərbaycan ordusu bu zəfərləri davam etdirmək üçün nə etməlidir?

  • “Aprel döyüşləri və Günnüt zəfəri bir daha göstərdi ki, Azərbaycan hər an öz torpaqlarını düşmən tapdağından azad etməyə qadir ölkədir”

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri  (İSBAM)  Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, xalqımız bu tarixi qürurlu günləri fərəhlə yad edir:”Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı. Xüsusilə erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra ölkə başçısının cəbhəyanı bölgələrə səfər etməsi və əsgərlərimizlə, zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olması bir daha xalqımızın mənfur düşmən üzərində əldə edəcəyi növbəti qələbələrə inamını artırdı. Bu baxımdan, dövlət başçısının Aprel döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu vurğulaması bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına dair verdiyi mesaj kimi qiymətləndirilməlidir. Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu, erməni cəmiyyətini sarsıtdı. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Cəmi dörd gün çəkən aprel müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji və hərbi cəhətdən düşməndən qat-qat güclü və üstün mövqedədir.

Uğurlu Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu iki il sonra daha bir böyük zəfər qazandı. Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədir.  Şanlı Aprel döyüşləri və Günnüt zəfəri bir daha göstərdi ki, Azərbaycan hər an öz torpaqlarını düşmən tapdağından azad etməyə qadir ölkədir”.

Söylənən fikirlərdən bu nəticəni çıxara bilərik ki, Azərbaycan Ordusu yaxın illər ərzində qazandığı qələbələri davam etdirib, torpaqlarımızı işğaldan azad etmək əzmindədir. Bunun üçün Ali Baş Komandanın bir əmri kifayətdir.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …